Modern.az

Dillər Universitetinin qızlar yataqxanasında: “Digər ali məktəblərin tələbələri bizə həsəd aparırlar” - REPORTAJ  

Dillər Universitetinin qızlar yataqxanasında: “Digər ali məktəblərin tələbələri bizə həsəd aparırlar” - REPORTAJ   

Təhsil

13 Yanvar 2018, 10:40

Universitetlərimizdə yataqxana problemi hər zaman aktual olub. Bu gün Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir, amma onların heç də hamısı öz tələbələrini yataqxana ilə təmin edə bilmir. Bu tələbələr üçün ən təəssüfedici məqamdır.

Ancaq yataqxanası olan ali məktəblərlə də bağlı vəziyyət tam qənaətbəxş deyil. Bəzi yataqxanalarda şərait günün tələblərinə cavab vermir, bir sıra hallarda işıq, qaz, su problemi yaşanır, natəmizlik ürək bulandırır.

Bununla yanaşı, vəziyyəti yaxşı olan tələbə yataqxaları da var.

Modern.az-ın əməkdaşı Azərbaycan Dillər Universitetinin (ADU) tələbə yataqxanasına baş çəkərək, oradakı şəraitlə tanış olmağa çalışıb.


Bizi universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva qarşıladı. Aytəkin xanım bildirdi ki, yataqxana 1979-cu ildən fəaliyyət göstərir. 2013-cü ildə yataqxanada əsaslı təmir işləri aparılıb. Tələbə Həmkarlar Təşkilatının sədri deyir ki, yataqxana heç vaxt diqqətdən kənar qalmayıb. Onun sözlərinə görə, Kamal Abdulla universitetə rektor təyin olunduqdan sonra yataqxanadakı şəraitin yaxşı olması üçün bütün tədbirlər görülüb.

 Müsahibimiz onu da qeyd etdi ki,yataqxanada sadəcə qızlar qalır. Oğlanlar isə Azərbaycan Texniki Universitetinin tələbə şəhərciyinə yönləndirilir:


“Hazırda yataqxanamızda 170 tələbə qız yaşayır. Hələ boş yerlər də qalmaqdadır. Ümumilikdə 206 yerimiz var. Bu isə kifayət qədər yaxşı göstəricidir”.


Aytəkin Mehdiyevanın fikrincə, Azərbaycanda ən yaxşı yataqxanalardan biri ADU-ya məxsusdur. Ən əsas üstün cəhətlərindən biri kimi ümumi şəraitiniyaxşı olması göstərilir. Müsahibimiz deyir ki, yataqxanada yaşayan tələbə qızların  istənilən problemi dinlənilir, onları həll etməyə çalışırlar. Yaxın zamanlaradək tələbələrin əsas problemlərindən biri istilik sistemi ilə bağlı olub, ancaq rektor Kamal Abdullanın sayəsində bu məsələ həllini tapıb. Bundan başqa, oxu zalı yaradılıb,tələbələrin  qaldığı otaqlaryenidən əsaslı təmir olunub.


Tələbə Həmkarlar Təşkilatının sədri bildirdi ki, yaxın zamanlar üçün hazırladıqları layihələr də var:

“Biz hər zaman çalışırıq ki, tələbələrimiz razı qalsınlar. Yataqxanada hər şey əla səviyyədədir deməzdim. Təbii ki,hələ də bəzi problemlər qalmaqdadır. Bunlardan biri internetlə bağlıdır. Hələ ki bütün yataqxana binası internetlə tam təmin edilməyib. Amma tezliklə bu problem də aradan qaldırılacaq”.


ADU tələbələriyataqxanada yaşamaqda maraqlıdırlar. Bu da təbiidir, çünki kirayə evlərdə qalmaq xeyli baha başa gəlir. Yataqxanada isə az məbləğ ödəməklə yaşayışı yeri problemindən qurtarmaq olur. Amma yerlər məhdud olduğundan heç də hamı yataqxanadan yararlana bilmir.

Tələbənin yaşayış vəziyyəti haqda məlumatı onun öz dilindən eşitmək üçün özlərilə də söhbətləşməyə çalışdıq.

Yataqxananın komendantı Sevinc Əliyeva bildirdi ki, burada yaşayan gənclər yalnız bir əcnəbini çıxmaq şərtilə əsasən azərbaycanlılardır:
“O əcnəbi də Türkmənistan vətəndaşı Cəmilə Hacıbabayevadır”.


Təəssüf ki, özü imtahanda olduğu üçün onu görə bilmədik. Birinci kursda oxuyur.


Komendant Sevinc Əliyeva dedi ki, son illərdə yataqxana çox dəyişilib: “Əgər siz bir neçə il əvvəl yataqxananı görsəydiniz, indiki ilə müqayisə edə bilərdiniz. Kitabxana və arxivdə əsaslı təmir işləri aparılıb. İstilik sistemi qurulub,kondisioner,kombi ilə təmin edilib. Ayrıca oxu zalımız da var. Tələbələr kitablarla təmin edilir,imtahana hazırlaşırlar”.


Biz də oxu zalı ilə tanış olmaq istədik. Oxu zalı kifayət qədər böyük idi. Tələbələr dərs oxuyurdular. Oxu zalında kifayət qədər kitab gözə dəyir. Oxu zalında televizor belə var.

Tələbələrin otaqlarına da baxdıq. Komendant dedi ki, bu il tələbələrin yataq və yataq dəstləri dəyişdirilib və ən əsası ikimərtəbəli çarpayılar gətirilib. Otaqlarda kondisioner,soyuducu,istilik cihazları qoyulub.



Alman dili müəllimliyi ixtisasında təhsil alan  Fatimə Əhmədova yataqxanada hər şeyin qaydasında olduğunu dedi:

“Demək olar,heç bir problemim yoxdur. Kitab, dərs vəsaiti cəhətdən sıxıntı çəkmirəm. Hər hansı problem olduğunda çəkinmədən komendant Sevinc xanıma müraciət edirəm”.

Üçüncü kurs tələbəsi Nigar Məhərrəmova bildirdi ki, bir problem yarananda universitet rəhbərliyi həmən müdaxilə edir. O, yataxanın komendantının qadın olmağını da ayrıca üstünlük hesab edir. Çünki qızlar bütün problemlər barədə qadın komendanta daha yaxşı danışa bilirlər.

İngilis dili müəllimliyi ixtisasında təhsil alan Səkinə Musayevatəhlükəsizlik məsələsinə toxundu: “Təhlükəsizlik baxımından hər şey qaydasındadır. Yataqxanaya  üstünlük verməyimin əsas səbəblərindən biri də elə budur. Çox rahatam”.


Dördüncü kurs tələbəsi Nərmin Muradova da yataqxanadakı şəraitdən razılıq etdi: “Buranı seçməyimin əsas səbəbi təhlükəsizlikdən əlavə, həm də məvacib cəhətdən daha qənaətli olmasıdır. Üstəlik hər bir şərait bizim üçün təmin edilib”.


Digər tələbə Şəhla Abdullayeva da bu fikirlərlə razılaşdı.


Komendant Sevinc Əliyeva bildirdi ki, yataqxananın təhlükəsizliyi ciddi şəkildə qorunur. Səhər 7:00-da qapılar açılır və saat 23:00-da bağlanır. Bütün tələbələrə bildirilib ki,saat 23:00-dan sonraya qalmasınlar.Valideynləri də daxil olmaqla, onlara baş çəkməyə gələn hər kəsdən şəxsiyyət vəsiqəsi alınır,yataqxanadan ayrılanda qaytarılır.


ADU-da hazırda qış imtahan sessiyası davam edir. Yataqxana sakinlərini indi əsas düşündürən məsələ də məhz imtahanlara yaxşı hazırlaşmaqdır. Bunu kənardan müşahidə etmək çətin olmadı.
Yataqxanadan ayrılanda qızlara imtahan sessiyasında uğurlar arzulamağı unutmadıq...



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir