Modern.az

“İlahi, niyə bir belə insanı tökmüsən yerə.!?” - Vəli Efenin ŞEİRLƏRİ

“İlahi, niyə bir belə insanı tökmüsən yerə.!?” - Vəli Efenin ŞEİRLƏRİ

Ədəbi̇yyat

13 Yanvar 2018, 12:05

Modern.az saytı gənc şair Vəli Efenin şeirlərini təqdim edir.

 

Bir ağac kimi
Ömrünü içdinmi yarpaqların,
Küləyin sağlığına!?
Gecənin qoynuna qısılıb,
Vuruldunmu qaranlığına!?

Tutdunmu əlindən yağışın
Yerə çırpılacaqkən;
Buludları söydünmü!?
Körpə qar dənəciyini
Doğub küçəyə atan
Göy üzünə boy atdınmı;
Hirsindən böyüdünmü?

Sabahın bətninə atılan ümidlər
Yoxluğa doğuldu,
Acı-acı
Gülmək istədim,
Sən də güldünmü!?
Bax,
Hər şey düzələcək demişdin,
Düzəlmədi dostum,
Düzəlmədi,
Gördünmü...
 

***

 

Günəş canına qəsd edər

Yanar iliyinəcən.

Göy üzü ağlayar ulduzlarını

Gecənin ovcuna

 

Bir soxulcan ürəyi

Balıqdan öncə dayanar.

Bir qarışqa belində

Dünyanı aparıb gedər.

 

Bir uşaq üşüyər ana bətnində,

Bir kişi atalaşar.

Bir uşaq üşüyər ana bətnində;

Allahla dalaşar.




***

 

Elə əllərinin qabarına,

Dırnaqlarının arasına yığılan

Zəhmət kirinə yaraşırdı sevmək.

Elə pas tutmuş

Dəmir qoxulu üst-başına,

Alnının tərinə yaraşırdı sevmək.

 

Elə pulqabına

Nifrət edən kağızlara;

Cibində kilsə zəngi çalan

Qəpiklərə yaraşırdı sevmək...

Elə xəyallarının

Altında əzilən ruhuna,

Ümidlərinin vurduğu

Təpiklərə yaraşırdı sevmək...

Dünyanın ağasına,

Bəyinə yaraşırdı sevmək...

Sən, ay kasıb, yetim adam,

Nəyinə yaraşırdı sevmək?! 

 

***
 

Özümü 
Qucaqlamaq
istədim,
Qolum çatmadı.
Ha çalışdım, vuruşdum,
Bir dəli köynəyi nədi,
Ona da pulum çatmadı.

Öpdüm güzgüdən üzümü,
Sındı əksimin şüşəsi.
İlahi, nə gündəyəm,
Daha güzgüm də yoxdu
Özümlə öpüşəsi.

Əlim əlimdən ayrıldı,
Barmaqlarımın beli
Büküldü əllərimdə.
Həsrət küləyi əsdi,
Bir payız sevgi yarpağı
Töküldü əllərimdən. 

 

***
 

Dəniz son balığını asacaq,
Balıqçının dar ağacına...
Günəş ürək bulandıracaq.
Axırıncı gecədən sonra.
Bütün ayrılıqlar üz-üzə qalacaq,
Peşmanlıq şəhərində,
Axırıncı küçədən sonra.

Yalanın bitdiyi gün,
Hamı yandıracaq paltarını,
Çılpaqlaşacaq bədənlər.
Torpaq qucaqlamaq istəyəndə,
Eyni anda bütün insanları
Üzü qaralacaq bayraqların təhqirdən,
Tüpürcək-tüpürcək mundarlanacaq vətənlər.

Və sevgi,
Can verməzdən əvvəl
Çarpayıdakı iniltilərdə,
Ölümün yoxluğuna aldanacaq.
Son anlarında həyatın
Dodaq dodağa öpüşmələr,
Bir nəfəs artıq
Yaşamağa hesablanacaq... 

 

***
 

Günəşi havadan asıb,
Gözünü dikmisən yerə.
Özünü qaldırıb göyə,
Kölgəni əkmisən yerə.

"Adəmin günahkar əli",
Qapımı döyməyə gəlib.
Tanrı, göy üzündən silib
Şəklimi çəkmisən yerə.

Dualarım ölə-ölə,
Suallarım gəldi dilə-
""

 

***
 

Fırlanmaqdan gicəllənib,
Ağılsız başı dünyanın.
Görüm düşsün özü boyda,
Başına daşı dünyanın.

Buğdamı, dənimi yeyib,
Hər gün dünənimi yeyib,
Ömrümü-günümü yeyib
Tökülmür dişi dünyanın.

Hərə bir cür minib çapar,
Dur, gəl qiyaməti qopar.
İlahi, yığışdır apar,
Bitibdi işi dünyanın.

 

***
 

Məndim ağ atlı oğlanın,
Sehirli xalatlı oğlanın,
Bilmədin ki...

Alnımda yazını gözlədim,
Gözümdə üzünü gözlədim,
Gözlədim e, zalım qızı,
Yol oldum addımlarına,
İzini-tozunu gözlədim,
Gəlmədin ki...


***
 

Yarpaqlar üşüyər ovcumda,
Əllərim yanar...
Bir ağac ayrılar uşaqlarından,
Külək utanar...

Dolar gözlərinə daş ürəyimin,
Qara buludların hönkürtüləri,
Yağışlanaram...
Bir Allah itirər məni,
Bir Sən,
Dualarımı Allaha,
Sevgimi Sənə
Bağışlamaram...

Və bir çobanyastığı çiçəyi 
Bitirməz torpaq,
Ki, "Səni sevmirəm"ə qalsın son ləçəyi...
 

***
 

Səni görmək
Gözlərin intiharı.
Səni görmək
Qış olmaq, unutmaq baharı…

Səni görmək
Kəskin bıçaq
Ürəyə saplanmış…
Səni görmək
Sui-qəsd
Dəqiq hesablanmış…

Sən kimsən? 
 

- Gözəllər gözəli!..
 

Mən kiməm?
Günəşə baxa bilməyən,
Amma ona qarışmaq istəyən dəli...

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!