Modern.az

Gizli kazinoları qanuniləşdirək? - Deputat “YOX”, keçmiş polis işçisi “HƏ” deyir  

Gizli kazinoları qanuniləşdirək? - Deputat “YOX”, keçmiş polis işçisi “HƏ” deyir   

Ölkə

13 Yanvar 2018, 17:54

Qanunla qadağan edilməsinə baxmayaraq Azərbaycanda gizli şəkildə fəaliyyət göstərən kazinolar hələ də qalmaqdadır. Gizli kazinolar əsasən internetklublarda, çay evlərində fəaliyyət göstərir. Yəni fəaliyyət göstərdikləri məkanın adı fərqli olur.

Azərbaycan Respublikasının müstəqilliyini əldə etdiyi ilk illərdə kazinolar ölkədə sərbəst fəaliyyət göstərirdi. Belə bir sual meydana çıxır: əgər kazinoların fəaliyyəti yenidən qanuniləşərsə, bu ölkəmiz üçün xeyir gətirər, yoxsa əksinə?
Qadağalara baxmayaraq, onsuz da fəaliyyət göstərən kazinoların leqallaşması düzgündürmü?


Deputat Tahir Kərimli Modern.az-a bildirib ki, müstəqilliyimizin ilk illərində kazinolar Azərbaycanda geniş fəaliyyət göstərirdi.Ancaq bunun bir çox mənfi aspektləri var idi:

“Kazino insanların tüfeyli həyat tərzi keçirməsinə səbəb olurdu, əxlaqsız həyat yaşayanların məskəninə çevrilirdi. Və bütün bunlar ona gətirib çıxardı ki, ümumilli liderimiz Heydər Əliyev ölkədə kazinonun fəaliyyətinə qadağa qoydu”.



Amma Tahir Kərimli etiraf edir ki, kazinolardan iqtisadi gəlir əldə etmək olar:

“Heç uzağa getməyək, bizə qonşu dövlət olan Gürcüstan belə ölkələrdəndir. ABŞ-ın Las Veqas ştatınındakı kazinolar sistemi ayrı-ayrı dövlətlərin gəlirindən daha artıq qazanc əldə edir. Bu faktdır. Kazinolar dövlətin vergi sisteminə gəlir gətirir, həmçinin ayrı-ayrı insanlara - öz sahiblərinə, orada fəaliyyət göstərən hər kəsə”.


Tahir Kərimlinin sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan türk və İslam ənənələrini özündə yaşadan dövlətdir və kazinonun zərərini də nəzərə alır.

“Hər şeydən maddi gəlir götürmək olmaz. Bir əxlaqsız qadın “məlum” yolla bizə gəlir gətirirsə, bunu qəbul edə bilərikmi? Əlbəttə yox. Biz bu halı pisləyirik, mənəviyyatsızlıq sayırıq. Dövlətimiz üçün də bu eyni anlam daşıyır. Biz milli dəyərlərimizi yüksəkdə tutan xalqıq. Ona görə mən hesab edirəm ki, kazinoların leqallaşdırılması Azərbaycan üçün uyğun deyil”.


Deputat bildirib ki, azərbaycanlı biznesmenlər və ya varlılar tez-tez xarici ölkələrə gedib pul qazana bilirlər. Bunun heç bir problemi yoxdur. Amma Azərbaycanda kazinoların açıq fəaliyyətə başlaması ölkə üçün çox ciddi mənəvi zərbə olar:

“Onsuz da bir çox mənəvi aşınmaların qarşısını almaq çox çətindir. Turizm sahəsində inkişafımız göz qabağındadır. Amma indi ərəblərin ölkəmizə gəlib burada bəzi mənfi hərəkətlər etməsi, bizə elə gözlə baxması, bizim hər birimizin şəxsiyyətinə təhqirdir. Bir də kazinolar olsa, nə baş verər? Turistlər daha çox olar, bunu qeyd etməliyəm, amma eyni zamanda əxlaqsızlıq da artar. Mən bunun qəti əleyhinəyəm”.



Keçmiş kriminalist Mahmud Hacıyev bildirib ki, bu məsələ ilə bağlı hər kəsin öz subyektiv fikri ola bilər: “Kazino oyunları dünya ölkələrinin müəyyən hissəsində qanunidir. Amma Azərbaycanda kazinoların fəaliyyətinə qadağa qoyulub. Bu qadağalara baxmayaraq, hələ də ölkədə belə məkanlar başqa adla fəaliyyət göstərirsə, bu məsələni qanuni şəklə salmaq daha sərfəlidir, nəinki əksinə. Bu mənim subyektiv fikrimdir”.


Mahmud Hacıyevin sözlərinə görə, kazinolar leqal olaraq fəaliyyət göstərərsə, qanun-qaydaya yüksək səviyyədə riayət olunmasına nəzarət etmək lazımdır.

Keçmiş polis işçisinin fikrincə, kazino məkanları qanuniləşərsə, bunun turizm sahəsinə elə də böyük təsiri olmayacaq: “Bu gün müqayisə etsək, belə məkanların olmadığı ölkələrdə turist sayı daha çoxdur, nəinki olduğu yerlərdə. Bu baxımdan kazinoların leqallaşmasının ölkəyə elə də əhəmiyyəti olmayacaq”.


Mahmud Hacıyev bildirib ki, kazinoların qanuni fəaliyyəti milli mentalitet, əxlaq baxımından elə də böyük əhəmiyyət kəsb eləmir: “Kazino oyunları onsuz da bir çox ölkələrdə ya açıq, ya da gizli şəkildə oynanılır. Azərbaycan da istisna deyil. Fikrimcə, gizli şəkildə oynanılmasındansa, qanuniləşdirmək daha yaxşı olar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi