Modern.az

Rüstəm Behrudidən Kərəmat Böyükçölə MƏSLƏHƏT: “Əvvəl Xəlil Rzanın səviyyəsinə çat…”

Rüstəm Behrudidən Kərəmat Böyükçölə MƏSLƏHƏT: “Əvvəl Xəlil Rzanın səviyyəsinə çat…”

15 Yanvar 2018, 16:39

Gənc şair Kəramət Böyükçölün  Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai-siyasi xadim, milli-demokratik hərəkatın fəal iştirakçısı, mərhum Xəlil Rza Ulutürk haqqında Facebook sosial şəbəkəsində yazdığı bir paylaşım çox sərt şəkildə tənqidə məruz qalıb. Kəramət Böyükçöl Xəlil Rza Ulutürk və mərhum şairin Qarabağda şəhid olmuş oğlu Təbriz haqqında bəzi təhqiramiz sayıla biləcək sözlər işlətməsi bir çoxlarının əsəblərini tarıma çəkib.

Xəlil Rza Ulutürkün şeirlərində heç bir mənanın olmadığını iddia edən gənc şair üstəlik onu ermənilərə qarçı milli ədavəti qızışdırmaqda günahlandırıb. Hətta onu  qeyd edib ki, oğlu Təbriz atasının ermənilərə qarşı ədavətinin qurbanı olub.


Bu paylaşımdan sonar Facebook-da çox sərt şəkildə tənqidə məruz qalan Kəramət Böyükçölə hətta Qarabağ qaziləri və şəhid ailələri də xəbərdarlıq ediblər.


Məsələylə bağlı tanınmış şair Rüstəm Behrudi Modern.az- açıqlamasında bildirdi ki, milli dəyərlərimizi alçaldaraq gündəmdə qalmaq istəyənləri ciddi şəkildə qınayır:


“Kiminsə “ağına-bozuna baxmadan” başqa şairi təhqir etməsini mən çox pis qarşılayıram. Hadisələrə müəyyən zaman kəsiyində baxmaq lazımdır ki, sən həmin vaxt onun yerində olsaydın, nə yazardın? Bundan əlavə, mən belə fikirləşirəm ki, elə gənc şairlər tənqid etdikləri insana qəhrəman gözü ilə baxırlar. Sadəcə, məqsədləri gündəmdə qalaraq deməkdir ki, görün mən kimi tənqid etmişəm”.


Rüstəm Behrudinin sözlərinə görə, kiminsə yaradıcılıq fəaliyyətini tənqid etmək olar, amma kiminsə şəxsiyyətini təhqir edəcək ifadə işlətmək yolverilməzdir:


“Hamı öz işi ilə məşğul olsa yaxşıdır. Bir sənətkar kiminsə haqqında danışırsa, əvvəl onun yazdıqları ilə eyni səviyyədə nəsə ortaya qoymalıdır. Əgər bunu bacarmırsansa, onda sənin fikirlərinin heç bir qiyməti yoxdur”.


Rüstəm Behrudinin fikrincə, hər hansı şairin, yazıçının Nobel mükafatı almaq istəməsi normal qarşılanmalıdır: “Məsələn, mənim bir şeirim var, “Tanrı olmaq istəyirəm”. Mənim fikrimcə, Tanrı olmaq istəməyən şair şair deyil. Nobel almaqda eynilə…
Amma o da var ki, baxır nə cür gündəmə gəlmək istəyirsən, Nobelə necə iddia edirsən. Milli dəyərləri ayaqlar altına alaraq gündəmə gəlmək arzuolunan bir şey deyil”.


Rüstəm Behrudi qeyd etdi ki, Kəramət Böyükçöl kimi gənclərin Xəlil Rza Ulutürk haqqında fikir söyləməsi təmamilə səhv addımdır:


“Kəramət Böyükçölün hələ neçə yaşı var ki? Özündən əvvəlki hadisələr haqda  yanlış mülahizə yürüdür. Kəramət Xəlil Rzanın yaradıcılığı ilə bağlı bir fikir söyləyə bilər, tənqid də edə bilər, ədəbi fikirləri haqda danışa bilər, bu onun hüququdur, amma Ulutürkün etdiyi hərəkətlər barədə fikir deyə bilməz”.


Rüstəm Behrudi bildirdi ki, 80-ci illərin sonlarında milli ədavəti qızışdıranlar elə ermənilərin özü olub, Xəlil Rza Ulutürk isə vətəndaş mövqeyini ortaya qoymuşdu və ermənilərə qarşı mübarizə aparırdı.Bu Azərbaycan xalqının haqlarının da müdafiəsi idi:


“Bu məsələdə Kəramət Böyükçöl böyük səhvə yol verir. Xəlil Rza Ulutürk Milli Azadlıq Hərəkatının önündə getdiyi dövrdə Kəramət hələ uşaq idi. Kəramətin Xəlil Rzanın milli ədavəti qızışdırması haqqında yazdığı fikirlər, onun oğlu haqqında işlətdiyi ifadələr ki, guya, milli ədavətin qurbanı olub, bunlar çox yanlış sözlərdir. Mən ona belə danışmağı məsləhət görməzdim. Yazıb-yaratmaqla məşğul olsa,  daha yaxşı olar. Çünki başqaları haqqında fikir söyləyənlərin özləri uğur qazanmayan adamlardır. Özləri uğur qazanmır, başqalarının sayəsində gündəmə gəlməyə çalışırlar”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir