Modern.az

Prezidentlərin görüşündə irəliləyiş olub

Prezidentlərin görüşündə irəliləyiş olub

Təhsil

23 Noyabr 2009, 19:10

“Azərbaycan və Ermənistan prezidentlərinin Almaniyanın Münhen şəhərində keçirilən görüşündə bir sıra məsələlər üzrə irəliləyiş əldə olunub”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “Media forum”a açıqlamasında belə deyib.

XİN rəsmisi bildirib ki, görüşdə həll olunmamış əsas məsələlər ətrafında daha dərin və detallı müzakirələr aparılıb: “Danışıqların dörd saatdan artıq davam etməsi görüşün vacibliyini təsdiqləyir. Prezidentlər xarici işlər nazirlərinə həll olunmayan məsələlər ətrafında danışıqları davam etdirməyi tapşırıblar. Növbəti görüş Yunanıstan paytaxtı Afinada, xarici işlər nazirləri səviyyəsində keçiriləcək”.

Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə çalışan vasitəçilər - ATƏT-in Minsk qrupu həmsədrləri də İlham Əliyevlə Serj Sarkisyanın 4 saatlıq görüşünün konstruktiv müzakirələrlə keçdiyini vurğulayır, danışıqları irəliyə doğru addım hesab edirlər. Prezidentlərin Münhendəki Fransa konsulluğunda keçirilən görüşündən sonra jurnalistlərə danışan həmsədr Bernar Fasye bildirib ki, əvvəllər razılaşdırılmayan məsələlər dərindən və diqqətlə müzakirə olunub: “Eləcə də əvvəllər danışılmayan detallara toxunulub”.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşü noyabrın 22-də Fransanın Münhendəki (Almaniya) baş konsulunun iqamətgahında olub. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun ermənistanlı həmkarı Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Bəzi məlumatlara görə, indi danışıqlar bu məsələlər ətrafında gedir: Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəsini təmin edən müvəqqəti statusun müəyyənləşdirilməsi; Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin ayrılması; öz müqəddaratını təyinetmə hüququnun qanuni təminatı yoluyla Dağlıq Qarabağın yekun hüquqi statusu; məcburi köçkünlərin öz yurdlarına qaytarılması haqqının təminatı; bölgədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı