Modern.az

Suslovun tükənən səbri, Ponomaryovun ermənilərə dəstəyi, Heydər Əliyevin çevik siyasəti...

Suslovun tükənən səbri, Ponomaryovun ermənilərə dəstəyi, Heydər Əliyevin çevik siyasəti...

15 Yanvar 2018, 22:51

1970-ci ilin əvvələrindən yenidən fəallaşan ermənilər növbəti dəfə Kremlə kütləvi şəkildə məktublar, müraciətlər göndərməklə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini gündəmə gətirməyə cəhd ediblər. Bu dəfə isə sükanda Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan dayanıb.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Uzun illər Ermənistanın komsomol və partiya orqanlarında çalışan Anton Koçinyan respublikaya rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi ilə bağlı çox cəhdlər edib. O, bu məqsədlə Moskvada və xarici ölkələrdə yaşayan ermənilərlə sıx əlaqələr qurub. Koçinyan həmin dövrün mövcud rejimini pozaraq Kremldən icazə almadan gizli şəkildə Ermənistanı tərk edərək tez-tez Dağlıq Qarabağ Muxtar Vilayətinə, Xankəndinə səfərlər edib. Məqsəd isə Dağlıq Qarabağla bağlı gizli planların hazırlanması olub.

 

Anton Koçinyan hər dəfə Kremldə olarkən bu və ya digər şəkildə SSRİ rəhbərliyinə Dağlıq Qarabağla bağlı fikirlərini çatdırıb, əsassız və uydurma arqumentlərlə vilayətin Ermənistanın tərkibinə verilməsinin vacibliyini, zəruriliyini sübut etməyə çalışıb.

 

Bu məsələ ilə bağlı Koçinyan hətta, birbaşa Baş katib Leonid İliç Brejnevə bir neçə dəfə müraciət edib. Nəhayət, məsələyə Kremlin “boz kardinal”ı Mərkəzi Komitənin ideologiya üzrə katibi Suslov qarışıb və Koçinyan haqqında Brejnevə fikrini bir sualla bildirib: “Bu azğınlaşmış cini şüşə qabdan necə buraxmaq olar?”.

 

Kifayət qədər səbrli, ən mürəkkəb məsələlərin müzakirəsində belə heç vaxt təmkinini pozmayan Suslov növbəti dəfə Qarabağla bağlı məsələ qaldıran Koçinyanı birdəfəlik susdurub. Səbri tükənən “boz kardinal” yüksək tonla erməni katibin cavabını verib: “Son qoyun erməni millətçiliyinə!”.

 

Bununla da 70-ci illərin əvvəllərində ermənilər bir müddət susaraq növbəti əlverişli məqamı gözləyiblər.

 

1977-ci ildə Konstitusiyası komissiyası yaradılanda millətçi ermənilər yenidən fəallaşıblar. Konstitusiyanın dəyişməsi ilə SSRİ daxilində sərhədlərin dəyişilməsinin mümkünlüyünü düşünərək ermənilər yenidən Kremlə çoxsaylı məktublar və müraciətlər ünvanlayıblar.

 

Komissiyanın sədri Leonid İliç Brejnev olub. Ancaq o, çox nadir hallarda komissiyanın işində iştirak edib. Konstitusiya komissiyasının əsas işini Mərkəzi Komitənin katibi Ponomaryov aparıb. Heydər Əliyev isə komissiyanın Azərbaycan tərəfindən üzvü olub.

 

Komissiyanın növbəti iclaslarından birində yığıncaqdan əvvəl Ponomaryov Heydər Əliyevə Ermənistandan və Dağlıq Qarabağdan komissiyaya daxil olan çoxsaylı müraciətlər haqqında məlumat verərək bildirib ki, bu məsələni komissiyanın iclasına çıxarmaq lazımdır. Heydər Əliyev buna etirazını bildirəndə Ponomaryov erməniləri dəstəkləyərək məsələnin müzakirəsinin vacibliyini vurğulayıb. Bu məqamda Heydər Əliyev iclas başlanmazdan əvvəl Brejnevlə görüşmək qərarına gəlib.

 

Sonralar Heydər Əliyev həmin hadisələr haqqında fikirlərini belə bölüşüb:

“Bir dəfə Moskvaya, komissiyanın iclasına gəldim, gördüm xeyli ərizə gəlib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə vermək lazımdır. Ponomaryov isə dedi ki, bunu komissiyanın müzakirəsinə çıxarmaq vacibdir. Ermənilər ona təsir göstərmişdilər. Elə bu faktın özü ki, bu komissiyanın müzakirəsinə buraxılsın, bilirsinizmi bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox... Brejnevin yanına getdim. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu...”.

 

Beləliklə, Heydər Əliyevin nüfuzu və çevikliyi nəticəsində ermənilərə dəstək verən Ponomaryov istəyinə nail ola bilməyib və ermənilərin Dağlıq Qarabağa sahib olmaq cəhdi növbəti dəfə uğursuzluqla nəticələnib...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?