Modern.az

Əsgərin yemək payına görə aşpazı cəzalandıran Cümhuriyyət zabiti

Əsgərin yemək payına görə aşpazı cəzalandıran Cümhuriyyət zabiti

Ədəbi̇yyat

16 Yanvar 2018, 00:07

Modern.az 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili, eləcə də Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə silsilə yazılarına davam edir.

Bu dəfə Cümhuriyyət ordusunun ən peşəkar kadrlarından olan, hətta bolşeviklərin, sovet hakimiyyətinin də önəm verməyə məcbur qaldığı, sonradan general rütbəsi ilə təltif etdikləri əfsanəvi hərbçi Tərlan Əliyarbəyov haqqında bir neçə maraqlı faktı təqdim edəcəyik:

Tərlan Əliyarbəyov ilk hərbi şücaətlərini Çar ordusunda nümayiş etdirir. 1908-ci ildə orduda xidmət etməyə başlayan şamaxılı balası, düz 1916-cı ilə qədər “əlahəzrət çar” üçün döyüşür. Bu 8 ildə dörd dəfə yaralanır. Sonuncu dəfə isə 1916-cı ildə yaralanaraq, hospitala yerləşdirilir. Bu hadisə onun Cümhuriyyət ordusunun sıralarına qatılmasına yardımçı olur. Amma bu barədə az sonra. İndi isə Tərlan bəyin əfsanəvi general Əliağa Şıxlinski ilə görüşünü təqdim edək. Qeyd edək ki, o zaman hələ onların hər ikisi Çar ordusunda xidmət edirdi. Amma zaman keçəcək və iki hərbçi eyni cəbhədə-müqəddəs məram saydıqları Azərbaycan Cümhuriyyəti üçün savaşacaqdılar.

 

Əfsanəvi generalla görüş

 

Hərb tarixi üzrə araşdırmaçı Şəmistan Nəzirlinin arxivdən əldə etdiyi materialların birində Tərlan bəyin Əliağa Şıxlinski ilə görüşü belə təsvir olunur:

“General Şıxlinski hərbçi qaydası ilə onu başdan-ayağa süzüb: -“Səsini-sorağını eşitmişəm, eloğlu, əsl igid kimi vuruşursan”, - dedi.

 

Əlini onun çiyninə qoyub: “Böyük şair Puşkin vaxtı ilə Şamaxı gözəlini vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin Şamaxı Tərlanının qəhrəmanlığını qələmə alsın”.

 

Sonra maraq dolu baxışlarını Tərlana zilləyib:

 

- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul?

 

- Tiflisdəki hərbi gimnaziyanı...

 

General Şıxlinski sevinclə:

- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda sevindirdin məni, oğul. Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim köksümə sığışmır. Xəbərin varmı, bu günlərdə bir eloğlumuz qeyri-adi igidlik göstərdiyinə görə Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub.

 

- Xeyr, eşitməmişəm. Düzü, cəbhəyə gələndən heç bir eloğlumla görüşə bilməmişəm. Cəbhədə sizdən başqa heç bir azərbaycanlıya rast gəlməmişəm, cənab general. İcazənizlə soruşum, kimdi belə yüksək təltifata layiq görülən?

 

- Nijeqorod draqun alayının rotmistri Teymur Novruzovun igidliyi haqqında qəzetlər bar-bar bağırır. Sən isə burdan-bura eşitməmisən. Eloğlumuz Teymur özünün eskadronu ilə bir ay əvvəl düşmənin piyada süvarilərinə hücum edərək onların hamısını qılıncdan keçirib. Hələ üstəlik də iki gün sonra üç ağır topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüşdən sonra həmyerlimiz Teymur Novruzov Georgi ordeninin dörd dərəcəsi ilə təltif olunub. Bu çox böyük fəxrdir. O, artıq kavalerdir”.

 

Cümhuriyyət ordusuna gəlişi

 

1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından Rumıniya sərhədinə kimi uzanan 400 kilometrlik cəbhə boyunca hücuma keçib düşmənin müdafiə xəttini yardı. Ağır şəraitdə vuruşan qoşunlar güclü düşməni xeyli geriyə qovdu. Tərlan Əlyarbəyov bu döyüşlərdə sinəsindən ağır yaralanır. Bu, müharibə başlanandan Tərlanın aldığı dördüncü yara idi. Ştabs-kapitan bir müddət Brest şəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya göndərilir.

 

 

Təbii ki, bu cür peşəkar və fədakar hərbçiyə Azərbaycan Cümhuriyyəti laqeyd qala bilməzdi. O, yeni qurulan orduda gündüz vaxtı çıraqla axtarılan bir peşəkar idi.

 

Odur ki, 1918-ci ilin avqustunda Cümhuriyyət ordusuna çağrılan Tərlan Əlyarbəyov ikinci alayın komandir köməkçisi təyin edilir.

 

Çox keçmədi ki, bu vəzifədə ilk rəşadətini də göstərdi. Denikin ordusu pərən-pərən düşüb ölkənin hər yerinə dağılmışdı. Dərbəndi tutan ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Tərlan bəyin Qusarda yerləşən ikinci alayı gecə-gündüz vuruşaraq düşməni Azərbaycana buraxmadı.

 

Onun bu şücaəti tezliklə qiymətləndirildi; iyirminci ilin baharında Tərlan Əlyarbəyov Bakı hərbi idarə rəisinin müavini vəzifəsinə gətirildi.

 

Növbəti mərhələ-Sovet ordusu və müharibə

 

Lakin təəssüf ki, onun vəzifəyə gətirilməsindən bir neçə ay sonra ADR bolşeviklər tərəfindən işğal edildi. Hələ Cümhuriyyətə təzə-təzə fayda verən Tərlan bəyin bütün planları suya düşür. Amma o, o dərəcədə peşəkar hərbçi idi ki, ADR istila ediləndən sonra, hətta generalları da bağışlamayan bolşevik hökuməti Tərlan bəyə həmən elçi düşdü. Çünki onun həm çar, həm də Cümhuriyyət ordusunda nələr etdiyini yaxşı bilirdilər. Tərlan bəy haqqında bolşeviklərin verdiyi əmrlərin birini Şəmistan Nəzirliyi istinadən təqdim edirik:

“Azərbaycan Sovet Sosialist Respublikası hərbi Dəniz Xalq Komissarlığının 1922-ci il 9 dekabr tarixli 525 nömrəli əmrində deyilirdi: “Mənə etibar olunmuş Komissarlığın qərargah rəisi Tərlan Əlyarbəyov yoldaş Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəli olması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletar hakimiyyətinə sədaqəti ilə fərqlənmişdir. Hərbi işi tam bildiyini göstərmiş və Azərbaycan SSR-də mahal hərbi komissarlıqlarının təşkili işinə böyük qüvvə və qayğı sərf etmişdir. 1920-ci ildə Bakı qəzasında və 1921-ci ildə bütün respublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir. Hazırda HDXK-nın qərargahı ləğv edildiyi üçün Əlyarbəyov yoldaşı Azərbaycan SSR Hərbi Komissarlığının müavini vəzifəsinə təyin etməklə inanıram ki, onun öz biliyi və Sovet hakimiyyətinə sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işi həmişə yüksək səviyyədə olacaqdır. Təxminən üç il müddətində hərbi idarədə birgə çalışdığımız vaxtlar gənc Sovet Azərbaycanının yaradılması işinə böyük zəhmət və enerji sərf etdiyinə görə Tərlan Əlyarbəyova rəhbərlik adından təşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın.

 

Hərbi Dəniz Xalq Komissarı və Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının üzvü Əliheydər Qarayev.

Qərargah rəisi əvəzi Məğrubov”.

Məncə, arvixdən əldə edilən bu əmrdən artıq hər şey aydındı. Məlumdur ki, bolşeviklər qara qaşa, qara gözə aşiq olan deyildilər. Bilirdilər ki, Tərlan bəy onlara nə cür faydalar verəcək. Bu ehtimalları da düz çıxdı. II Dünya Müharibəsində bir neçə diviziyaya komandanlıq edən Tərlan bəy göstərdiyi rəşadətlərə görə 1944-cü ildə general rütbəsi ilə təltif edilir.

 

Xatirələrdəki general

 

Generalın övladları sonradan ataları barəsində bir neçə dəfə xatirələrin dili ilə danışıblar:

“Atamın söhbətləri yaxşı yadımdadır. Danışardı ki, 1908-ci ildə Şamaxıdakı altı illik şəhər məktəbini bitirəndən sonra Vladiqafqaza gedib kadet korpusuna daxil olmaq istəyirdim. Lakin babam Abdullanın qəfil ölümü onun hərbi məktəbə getməsinə mane olur. Atam yalnız 1910-cu ildə Tiflisə gedib Mixaylovsk hərbi piyada məktəbinə daxil olur. Atam özü haqqında çox az danışardı. Evdə də az olardı. O, daim əsgərlərin yanında olar, onların ailə həyatı ilə, güzəranı ilə maraqlanardı. Yadımdadır, atamın ölümündən sonra bizə bir jurnalist gəlmişdi. Atam haqqında yazmaq istəyirdi. Anam Lətifə xanımdan atam haqında danışmağı xahiş etdi. Anamsa, nə deyim, nə danışım, ay oğul, - dedi, - bir doyunca üzünü gördüm ki... Qonaq kimi gəlib-gedərdi.

 

Anam - “Tərlan bizə gələndə belə oldu, Tərlan belə dedi”, - deyə danışanda qonşular gülərdilər. Atamı tanıyanlar - döyüş yoldaşları, dostları həmişə deyərdilər ki, Tərlan özü üçün yaşamadı, eli, obası üçün yaşadı. O, məzuniyyət, istirahət nə olduğunu bilməzdi. Onun xidmətləri Lenin ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif olundu. Doğma Şamaxıda adına abad küçə qoyuldu. Şahidi olduğum bir xatirəni heç vaxt unuda bilmirəm. Atam hərbi qulluqda idi. Anamla mən bir dəfə onun yanına getmişdik. Bizim gəlişimiz günorta vaxtına düşmüşdü. Aşpaz üç qabda yemək gətirdi. Atamın bərk acığı tutdu. Aşpazı geri çağırıb dedi: - Bunlar buraya yeməyə gəlməyiblər ki?.. Sən niyə əsgərin payından kəsib bunlara gətirirsən. Bu saat qaytar... Sonra anama “niyə nahar vaxtı gəlmisiniz?” - dedi. İllər keçib, evimizdə bir Tərlan da böyüyüb. Atamın adını daşıyan oğlum Tərlan bu il Bakıdakı Azərbaycan SSR Ali Soveti adına hərbi məktəbi bitirib, zabit rütbəsi ilə qulluğa başlayıb, babasının yolunu seçib”. (xatirələr Şəmistan Nəzirlinin “Azərbaycan generalları” kitabından götürülüb).

 

E. Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür