Modern.az

Ucqar kəndin gənc müəllimi:Məktəbə qaloşla gəlib, ayaqqabı ilə daxil oluruq” - LAYİHƏ  

Ucqar kəndin gənc müəllimi: “Məktəbə qaloşla gəlib, ayaqqabı ilə daxil oluruq” - LAYİHƏ   

16 Yanvar 2018, 10:09

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Modern.az
 saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.
 

Budəfəki müsahibimiz Kürdəmir rayonu Qarasaqqal kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Tamerlan Məhərrəmovdur. Tamerlan müəllim həm də şairdi. Layihəmizin qonaqları olan başqa kolleqalardan fərqli olaraq, o, ucqar kəndə gəlişini, burada keçən həyatını böyük maraqla bizə danışıb. Ürəyi doludur… Bacardığımız qədər çalışırıq ki, sözünü kəsməyək. Doğrudur təbii ki, biz də lazım olan yerdə müdaxiləmizini edir, növbəti sualımıza keçirik. Amma bu gün meydan onundur - ucqar kəndin ürəyi dolu olan gənc müəlliminin…

Əziz oxucu, mən sizi o meydanda tək buraxacam. Amma dediyim kimi, lazımı məqamda məni də burada görəcəksiniz. Amma inanın ki, bu meydanda o müəllimlə baş-başa qalanda qətiyyən darıxmayacaqsınız:


Nədənsə, buradan başladıq…

- 2 il kənddə tək qaldım. Bu da çoxlu çətinliyin öhdəsindən gəlməyə mənə köməklik etdi. Təhsil aldığım müddətdə də kirayə qaldığımdan peşakar aşbaz olmaq yolunda uğurla addımlayıram. Artıq mətbəximizin bir çox dəyərli təamların bişirə bilirəm…


“Yazarsan ki, mən…”

- 1992-ci il Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya göz açmışam. Valideynlərim - atam təsərrüfatçı, anam isə evdar qadındır. 1998-ci ildə Mollakənd tam orta məktəbində birinci sinfə getmişəm. O zaman iki paralel sinif idi. Sonradan birləşdi.11-ci sinifdə 25 nəfər şagird idik. Həmin vaxtlar “Günəş” jurnalında bir şeirim və bir heyakəyəm çap olundu. Bir müddət sonra "Azərbayacan XXI əsrə istedadlarla" almanaxında haqqımda bir səhifəlik materiala yer ayrıldı. Məktəb illərində rayon fənn olimpiadasının 2 və 3-cü yerlərini də tutmuşam.


“Ofisiantlıq da etmişəm””

- 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunmuşam. Oradakı tələbə həyatım da maraqlı keçib. Həm fərəhli, həm də ağır anlar olub. Amma həmişə çalışmışam ki, mübariz və barışmaz qalım. Rayon kitabxanasında o qədər olurdum ki, artıq mənim adımı siyahıda qeyd etmədən kitab verirdilər. O zaman maliyyə çətinliyim də olurdu. Bu səbəbdən, tələbə həyatımın ayrılmaz hissəsi olan ofisiantlıq da edirdim ki, maliyyə məsələsini düzəldim. İnstitut həyatında tələbələr arası respublika fənn olimpiadasında ədəbiyyat fənni üzrə fərdi, həmçinin XVII və XIX Respublika “Kim? harda? Necə?” yarışmasnda qrup şəklində iştirak etmişəm.



"Mən sizə qonağam, a dağ yolları…" 

-
2015-ci ildə müəllimlərin işəqəbul imtahanlarında iştirak etdim. Həmin il üçün Kürdəmirdə 6 vakant yer vardı. Digər yerlərə baxanda Mollakəndlə ərazi baxımından daha çox Qarasaqqal kəndi yaxın idi. Məsələn, Böyük Kəngərli vardı ki, 60 km aralı idi. Avqust ayında cavablar çıxdı ki, Qarasaqqal kəndinə işə qəbul olunmuşam.


Boya-başa çatdığım kənd Kürdəmirlə İmişlinin sərhəddində yerləşir, işlədiyim Qarasaqqal kəndi isə Kürdəmirdən Ağsuya tərəfdi. Bizim kəndlə o kənd arasında 48 km məsafə var.

İşə qəbul olunana kimi hələ bu kənd haqqında məlumatım yox idi. Avqustun 3-də müsahibədə oldum və müsahibədən uğurlu keçərək, sentyabrın 1-də təyinatımla birgə Qarasaqqal kənd tam orta məktəbinə yollandım. Kənd yolunun pis olması əvvəl məni məyus etdi. Düşündüm ki, yəqin məktəbləri də belə təmirsizdır. Amma məktəbi görəndə fikirlərim dəyişdi. Təzə və möhtəşəm bir məktəb binası… Direktor məni çox xoş qarşıladı və ev barəsində narahat olmamağımı bildirdi. Dedi ki, yaxınlıqda bir nəfər evini kirayə verir.


Ucqar kənddə bir ocaq…


- Belə tezliklə ev tapmağım məni bir xeyli sevindirdi. Evlə tanış oldum; Bir qədər köhnə stildə, bir qədər də müəllim üçün əlverişsiz… Nə etmək olar?! Başqa ev verən də yox! Razılaşdım. O evdə 2 il tək yaşadım. Başqa müəllim yox idi. Nəhayət bu il 2 yeni müəllim də gəlib. İndi üçlükdə qalırıq…

Amma həyatdır… Özü də ucqar kənddə bir həyat. Artıq ev həyatına da öyrənmişdim. Ancaq evin şəraitsizliyi, qazın zəif olması fevral ayının 6-da məni azarlatdı. Bir müddət xəstəxanada keçirməli oldum. Ruhdan düşmədim. Mənim həyatda bir devizim var: “Heç vaxt “heç vaxt” demə”. 3 ay məktəbdən kənara düşdüm. Artıq məktəbə qayıdanda dərs ilinin sonu idi, yəni may ayı idi… 2015-2016-cı tədris ilini beləcə nakam yola saldım…



İndi keçək məktəbə

- Məktəb təzə tikilmiş, ikimərtəbəli binadan ibarətdir. 6 il öncə tikilib, istilikxanası, qızdırıcı sistemləri, hətta kompüterlə dərs keçmək üçün proyektoru olan bir məktəbdir…  Məktəblə tanış oldum. Amma çiyinlərimdə yükün ağır olacağını da gördüm. Məndən əvvəl burada  təyinatla çalışan dil-ədəbiyyat müəllimi Sevinc xanım çox iş görmüşdü və adı dillərdən düşmürdü. Demək, mən də çox işləməli idim...


"…Və beləcə başladım…"

- İlk siniflərim 7 və 9-cu siniflər oldu. Əvvəl məni soyadıma görə məktəbdəki hərbi müəllimin nəvəsi hesab etmişdilər. O da Məhərrəmov Tamerlandır. Həmin il sinfimin biri kurrikulum sinfinə düşmədiyindən bu metodla az işləyirdim. Ancaq 7-ci sinifdə qrup işləri, debatlar, auksionlar təşkil edirdim. Bu da şagirdlər üçün çox  maraqlı olurdu. Şagirdlərdəki həvəsi görüb qruplardakı fəallara ulduz verməyə başladım. Sancaqla ya üstlərindən asırdılar, ya da sinifdəki reytinq cədvəlində…


2016-2017-ci tədris ili üçün qarşıma bir sıra məqsədlər qoydum. İlk növbədə, düşündüm ki, bir müəllim İKT-siz müəllim deyil. Ona görə də, nağd pulla HP G4 modelli kompüter aldım ki, dərslərimə İKT-ni tədbiq edim. Power Point-də dərslər hazırlayım. Daha sonra Canon markalı bir printer də aldım. Hey gözlədim ki, bəlkə 2016-17-ci il üçün Qarasaqqala bir kişi müəllim qəbul oluna və mən də təklikdə darıxmayam. Heyf ki, olmadı… Həmin il üçün 7-9-10-cu siniflər mənə verildi. Artıq məktəbdə və kənddə sevilirdim. Bilirsiz, adama nə xoşdur? Elə ki kəndin başında maşın gözləyirsən, biri saxlayıb məktəbə aparır və düşəndə çıxarıb pul vermək istəyirsən, o da deyir ki, “sən bizim övladlarımıza dərs deyirsən, müəllim, pulu qoy cibinə”…


“Məqsədimə nail olmuşdum”

Bəli, hörmətli oxucu. Demişdim axı, söhbət maraqlı olacaq. Amma bu yerdə müdaxilə etməliyəm. Artıq tanıdığınız ucqar kəndin müəllimi bu məktəbdə yeni metodlardan istifadə edən, ictimai işlərə də qol qoyan bir gənc kimi yadda qalıb. Şagirdləri onun sayəsində yaxşı nəticə əldə edib, həyatda irəliləyiblər. Nə olsun ki, özü gəncdi. Yaxşısı budur ki, siz yenidən onun özünü dinləyin:

 

- Keçənilki 9-cu siniflər kurrikulumla imtahan verəcək ilk qaranquşlar idilər. Və bu məsul iş mənim üzərimə düşmüşdü. Sinfi diaqnostik qiymətlndirmə elədikdə, o qədər də qənaətbəxş nəticə əldə edə bilmədim. Onda bu işin ağırlığını dərk etdım. Müəllim ilk növbədə valideynlərlə birgə işləməlidir. Ona görə də, valideynlərlə fərdi söhbət apardım. Azərbaycan dili üzrə 4 məzmun xətti vardı. Artıq martda ilk imtahanlar olacaqdı və vaxt itirmədən mətn üzrə işlərə başladıq. Əgər valideynlərlə birgə işləməsən, işdə uğur əldə etmək olmaz. Məktəb rəhbərliyi də bizə lazım olan şəraiti yaratmışdı. Rafiq İsmayılovun 9-cu siniflər üzrə nəfis tərtibatda bir kitabını dərsliklə bərabər işləyirdik. Dövlətin qoyduğu standartlarla məktəbdə hər bir müəllim işləsə, ilin sonunda uğurlu nəticə əldə edəcək.
2016-2017-ci ilin sonunda 9-cu sinifdən 3 şagirdim kolleclərə - Şirvan humanitar və Ağdaş kolleclərinə və 2 şagirdim Kürdəmir rayon 1 saylı məktəb liseyinin 10-cu sinfinə qəbul olundu. Qarşıya qoyduğum məqsədə artıqlaması ilə nail olmuşdum. Tək bununla kifayətlənməmişdim, eyni zamanda məktəbdə bir neçə tədbir - 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Molla Pənah Vaqifin 300 illiyinə aid mərasimlər təşkil etmişdim.

Bu il ilk dəfə olaraq buraxılış sinfi olan 11-ci sinif mənə verildi. Demək məktəb rəhbərliyi mənə inanır. Mən də bu inamı doğruldacam!

Tək bununla da qalmadım, bu il məktəbimizdə Ədəbiyyat fənn bülleteni hazırladım. Dekabrda 5-11-cı siniflər arasında "Ədəbiyyat bilici"ləri yarışması keçirdim. Qaliblərə hədiyyələr verildi. Bir ədəbi-bədii gecə keçirdim. Yeni il şənliyinin ssenarisini yazıb verdim.

 


Yol ayrıcında üç dost

 

- 2017-2018-ci tədris ili… Bir qədər maraqlı, bir qədər fərqli… Bu il arzum çin olmuşdu, 2 yeni müəllim gəldi; Ağdaşdan coğrafiya müəllimi Cavanşir müəllim, Ucardan riyaziyyat müəllimi Vüsal müəllim. Amma indi yeni müvəqqəti çətinlik yaranmışdı; ev məsələsi… Kirayə qaldığım evin yiyəsi uzun müddətdən sonra kəndə qayıtmışdı və artıq evi kirayə vermirdi. Sentyabrın 5-dən 3 müəllim ev axtarırdıq. Sentyabrın 21-n ə kimi yollarda qaldıq. Sonra münasib bir ev tapa bildik.


“Sağ olsun, Tomas”

- Kitab oxumaq ən sevimli məşğuliyətimdir. Təkcə bu ay kitaba 25 AZN pul vermişəm. Ay da ki, hələ təzə başlayıb. Hazırda oxuduğum kitab  "Gənc müəlllim" səhifəsinin mənə hədiyyə etdiyi "İdeal müəllim" kitabıdır. Məktəb kitabxanamız da olduqca zəngindir. Şagirdlər mütəmadi məktəb kitabxanasından istifadə edirlər. Bacardığım qədər şagirdlərə kitab oxumağın faydasın aşılayıram. İndi müasir dövrdür. Uşaqlarda telefon və kompüterə maraq kitabı üstələyib. Biz müəllimlər onlarda mütailəyə maraq artırmalıyıq. Bunun üçün müxtəlif yarışmalar, viktorinalar təşkil edib uşaqlara kitab hədiyyə etməklə nəyəsə nail olmaq mümkündür. Bu yaxlnlarda “Feysbuk”da məşhur olan "Tomas Croun" məktəblərə yeni nəfis tərtibatda kitab yollayırdı. Mən də öz məktəbimiz üçün bir neçəsini istədim. Sağ olsun, Tomas və onun komandası - "Təhsil şikayətləri" bizim məktəbə xeyli kitab yolladı. Şagirdlər nə qədər çox kitab oxusa, bir o qədər nitq qabiliyətləri inkişaf edər .


Soyuq əllər,  isti ürəklər…

Tamerlan müəllim çalışdığı yerdə gördüyü və görəcəyi işlərdən ürəklə danışır. Amma inanın, bu işləri o qədər də asan şəraitdə görmür. Ucqar kənddir. İqlimi sərt, suyu buz… Bəzən işə geyiləsi gödəkçəsini çiyninə atıb uşaqların yoxlama işlərini yoxladığı vaxtlar da olub. Deyir ki, hərdən barmaqları da donub…. Ya da mən niyə danışıram ki?! Gəlin, özünü eşidək…

- Buradakı 3 ilin 2 ilini evdə  tək yaşamışam. Tək və soyuq qış ayları… Bu ildən fərqli olaraq ötən qışlar çox sərt idi… Su çəni belə, donurdu.  Məcbur qalıb, çəndəki buzu günortalar sındırıb vedrə ilə suyu götürüb evə qoyurdum. İndi güləcəksiniz ki, Kürdəmir isti yerdi, nə soyuq? İnanın, qışı çox sərt keçir. Birinci ili qaz zəif gəlirdi. Evi tam qızdıra bilmirdim. Qalın geyinərək, evdə şagirdlərin yoxlama yazı işlərini  yoxlayırdım. Axşamdan qazın zəif işartısında iki dəfəlik yemək bişirirdim ki, səhər işdən gələndə hazır yemək olsun. Qaz zəif olduğundan və elektrik sobası olmadığından yeməyin qızdırılması günorta saat 3-ə kimi çəkirdi. Sonralar yeməyi qızdırmaq üçün elektrik sobası aldım.



“Söhbət yumurtadan getmir e…”


- Üçüncü günlər TRT-də gedən "Diriliş Ərtoğrul" serialına baxmağı sevirəm. Saat 9-dan serial başlayır. Həmişəki kimi o gün də baxırdım. Mətbəxdə isə qaynamağa iki yumurta qoymuşdum. Filmə o qədər aludə olmuşam ki, birdən mətbəxdə nəyində partladığını eşitdim. Qaçıb gördüm ki, qazandakı su buxarlanıb və yumurta partlayıb (gülür). İndi məsələ yumurtada deyil. Mən bunu əslində, ucqar kənddə tək-tənha yaşayan bir müəllimin gündəlik yaşantısından bir nümunə kimi dedim. Həm də dedim biləsiniz ki, o tənha müəllimin başı azacıq nəsəyə qarışanda yeməyi də əldən gedər…


Söhbətin bu yerində Tamerlan müəllimin tələbəlik vaxtı ofisiant  (xörəkpaylayan) işlədiyini xatırladım. Əvvəldə demişdi axı.. Yeməkdən danışanda o məsələyə yenə də qayıtdıq:

 

- İnstitut vaxtı əsasən, şənbə və bazar günləri ofsiant işləyərdim. İlk dəfə 1-ci kursun 2-ci smestrindən başlamışdım. İlk 5-6 ay “podnos”a (siniyə) gücüm çatmırdı. Sonralar peşəkarlaşdım. Daha qolum sinini qaldıranda tam açılırdı. Tütün iyini xoşlamadığımdan qadın masalarında daha çox işləyirdim. Üçüncü kursdan isə qadın masalarında baş ofsiant kimi çalışmağa başladım…

 

- İndi gəl, yenidən məktəbə keçək, bizimki məktəbdi…

- Nə deyirəm ki, keçək də…


- Onda uşaqların dərsə davamiyyətindən, münasibətindən danışaq…

 

- Hər məktəbin daxili nizam-intizam qaydaları var. Məsələn, bizdə səhər 8:15-də himn oxuyar, sonar dərsə başlayırıq. Bir də 2-ci saatdan sonra "xətt" deyilən düzülüş olur. Onda davamiyyət yoxlanılır. Davamiyyətin keyfiyyəti yüksək olur. İnanmazsınız, burada qar yağanda da şagirdlərin davamiyyəti 90%-dən aşağı düşmür. Kürdəmirdə qarlı hava o qədər çox müşahidə edilmədiyindən şagirdlər qartopu oynamağı özlərinə fürsət bilirlər.

Valideynlər də uşaqlarının təhsil almasında maraqlıdırlar. Keçən il bir neçə qız şagirdimiz instituta qəbul olundu. Valideynlərlə də söhbət apardıqda görürsən ki, daha çox qız övladlarının təhsilli olmaların istəyirlər, “oğlana nə var, fəhlə də olsa, işləyəcək, qızın diplomu, peşəsi olsun” deyirlər..

“Hə, qoy bunu da deyim”

- Keçən il qış ayında məktəbdə günortdan sonra dərnəyim vardı: səhər dərsdən gəldim, qızdırmalı idim, qonşuda tibb işçisi var, onlara gedib qızdırmadüşürücü dərman aldım. Saat 4-də məktəbə qızdırmalı getdim. Şagurdlər dedilər ki, “müəllim, yaxşı görünmürsünüz, istəyirsiz bu gün keçməyək”. Dedim yox. Buna vicdanım yol verməz.

Amma məktəbin istilik üçün qazanxası var. Şagirdlər məktəbə daxil olduqda artıq məktəb otaq temperaturunda olur. Qış aylarında belə normal kostyumla dərs keçirəm. İşə gələrkən əynimdə palto olur. Müəllimlər otağında paltonu şkafımda asdıqdan sonra sinfə daxil oluram. Şagirdlər üçün də ayrıca asılqan yeri vard.

 


“Amma yolları… Nə isə..”

- Kəndin yolları qənaətbəxş deyil. Rayon mərkəzindən üzü Ağsuya mərkəzi yol var. Elə ki, yolayrıcından üzü Qarasaqqal kəndinə gedirsən,  yol sovet vaxtı çəkilən yoldur deyə, çox nahamardı. Kəndarası yol isə əvvəllər torpaq yol idi. Məktəbə kimi palçıq olardı. Əsasən də qışda,  yağışlı və qarlı havalarda… Məktəbi dövlət  tikdiyindən həyəti və hasardan 100 metr aralı asfaltlanıb, ora çatanda sevinirdik. Keçən il kənd icması pul yığaraq, çınqıl aldı və kəndin mərkəzi yollarını səliqəyə saldılar.


Birinci ili çox əziyyət çəkirdim. Kəndlinin qışda ayrılmayan bir dostu var - qaloş. Onunla məktəbin həyətinə kimi gedib məktəbdə ayaqqabını dəyişirdik. Ayaqqabıları (həm də qaloşları) qoymağa girəcəkdə xüsusi yer var, şagirdlər də, biz də ayaqqabılarımızı oraya qoyuruq. Keçən ildən kəndarası yol nisbətən düzəlsə də, bu adətimi unutmamışam...

Qaldığımız evlə məktəbin arası 14 dəqiqəlik yoldu. O da mərkəzi yola düşdüyündən 2 ildir qışda nisbətən yaxşılaşıb. Amma kəndin uzaq yerlərindən gələn şagirdlər var. Onlar çox çətinlik çəkir. Qarasaqqala xəritədə baxsaq, "H" kimi görərik. Kənd bu cür qurulub. "H"nın mərkəzində məktəb, xəstəxana, İcra nümayəndəliyi və poçt yerləşir. "H"nın "ayaqları"ndan gələnlər çətinlik çəkirlər. "H"nın bir ayağı "Salahlı" məhləsidir, cənubdan-qəbiristanlıq tərəfdən gələnlər qışda çox yol qət edirlər.


Bir məsələ də var…

- Şagirdlər üçün məktəbli formasının olması gözəldir. Onlar arasında fərqi aradan qaldırır. Hamı eyni formada. Bundan gözəl nə ola bilər ki?! Müəllimlərə gəldikdə isə xarici ölkələrin təhsil sisteminə nəzər yetirsək, orda müəllimin nə geydiyi yox, nə öyrətdiyi əsasdır. Məsələn, idman stilində  də məktəbə gələn müəllimlər  var. Bu, heç də onların verdiyi təhsilin keyfiyyətinə təsir eləmir. Amma hər ölkənin özünün adət-ənənələri var. Bizdə bunu bir o qədər də qabartmaq qəbul edilə bilməz. Yaşlı nəsilin gözündə kişi müəllim qar kimi ağ köynəklə qara kostyumlu, səliqə ilə daranmış saçda, qadın müəllimlər də eyni zamanda qara ətək və ağ köynəkdə olmalıdır. Amma məncə, bir az sərbəstlik də lazımdır.

Son söz əvəzi…

Tamerlan müəllim son sözlərini bu cür ifadə edir:

- Müəllimilk ayrılmaz peşəmdir. İllər ötsə də, ayrılmaz dost olacağıq... Əlbəttə, gələcəkdə başımıza nə gələcəyi bəlli deyil, amma məqsədim bəllidir: bizim fidanlarımızı aydınlığa çıxarmaq! Bu yol şərəfli və məsuliyətlidir!

Yol demişkən… Hörmətli oxucu, mən də sonda bir məsələni qeyd edim. Bizim gənc müsahib söhbətin gedişində dedi ki, iki müəllim yoldaşıyla ev axtarmaq üçün bir neçə gün yollarda qalıb… Amma sonda ev tapıblar. Amma məncə, həm Tamerlan müəllim, həm də ucqar kənddəki bütün müəllimlər bax həmin yollarda qalan insanlardı… Evləri olsa da, qalacaqları yerləri olsa da… Çünkü məqsəd hansısa böyük YOL ayrıcında “fidan” dedikləri kənd uşaqlarını düzgün istiqamətləndirməkdir…

Yolunuz və YOLunuz açıq olsun!!!


E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...