Modern.az

Azərbaycana daş kömür gətirilməməsinin SƏBƏBLƏRİ

Azərbaycana daş kömür gətirilməməsinin SƏBƏBLƏRİ

16 Yanvar 2018, 13:01

Kömürü açıq və yeraltı (şaxta) üsulu ilə çıxarırlar. Açıq üsul daha ucuzdur. Ən iri kömür hövzələri Çin, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, Hindistan, Avstraliya, CAR və Polşadadır.

 

ABŞ, Avstraliya və CAR-da kömür acıq üsulla çıxarılır. Daş kömür hasilatına görə Çin 1-ci yer tutur. Metallurgiyada istifadə olunan kokslaşan kömürün əsas idxalçıları Yaponiya və Qərbi Avropadır. Idxal olunan kömürün ucuz başa gəlməsi Qərbi Avropada daş kömür istehsalının azalmasına səbəb olub. Daş kömürün başlıca ixracatçıları – ABŞ, Avstraliya, Rusiya, Kanada və Polşadır.

 

Sovet dövründə Rusiyadan, Ukraynadan Azərbaycana vaqonlarla daş kömür gətirilərək xüsusilə də rayonlarda əhaliyə satılırdı. Daş kömürün qiyməti həm ucuzdur, həm də istilik tutumu çox yüksəkdir. Əhalinin böyük hissəsi evlərində istilik sistemini kömür üzərində qurmuşdular. Lakin, müstəqillik əldə edildikdən az sonra daş kömür yoxa çıxdı.

Daş kömürün yoxa çıxmasının səbəbi nədir?

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru  Məzəddin Eyyubov Modern.az-a açıqlamasında bildirib ki, daş kömürün Azərbaycana gətirilməsi biznes maraqlarından asılıdır:

 

“Əgər  daş kömür burada satıla bilərsə, ucqar rayonlarda əhalinin onu almağa pulu varsa, biznesmenlər sizsiz də, mənsiz də daş kömürün idxalını təmin edəcək. Lakin əksidirsə, onu kim gətirəcək?

 

Ümumiyyətlə daş kömürdən sovet dövründə istilik  vasitəsi kimi sobalarda istifadə edirdilər. Sonradan onları yanacaqla işləyən sobalar əvəz etdi. O cümlədən kəndələrdə qazlaşdırma, elektrik təchizatı işləri aparıldı. Bu səbəbdən daş kömürün istilik vasitəsi kimi ölkəyə gətirilməsi  sual altındadır. Bu, ancaq dediyim  kimi biznes maraqlarında ola bilər. Sovet dövründə  dövlətin əsas məqsədi əhalini bu və ya digər istilik vasitələri ilə təmin etmək idi. İstəyir daş kömür, elektrik vasitəsilə, istəyir istilik sistemləri vasitəsilə. Ancaq bu gün SSRİ dövləti yoxdur və Azərbaycan kapitalist ölkədir. Əgər hər hansı firma, şirkət rayonlarda əhalinin gəlirlərinin kifayət qədər olduğunu və özlərini daş kömür vasitəsilə isidə bilməsini müəyyən etsə, o cümlədən daş kömürə  sərf edilən pullar elektrikdən qazdan sərfəli olsa, əhalinin daş kömürə tələbatı yaranacaq”.

 

M.Eyyubov  qeyd edib ki, daş kömürdən istifadə həm də ətraf mühitə ziyan vurur:

 

“Bilirsiniz, bu gün regionlarımızın çoxu qazla təmin edilib. Həmçinin alternativ olaraq kombi sistemləri qurulub və bunun vasitəsilə evlər qızdırılır. Əgər ucqar kəndlərdə də qaz varsa, kombi sistemindən istifadə edilə bilər. Bildiyim qədərilə kombi  sisteminin ödəniş pulu aylıq təxmini 60-80 manatdır. Əgər bir ailə daş kömür almaqla, 20-30 manat qənaət edə  biləcəksə, bundan istifadə edəcək. Amma kombi sisteminin bir üstünlüyü də ondadır ki, isti sudan da istifadə etmək olur. Lakin daş kömürlə yalnız  evi qızdıra bilərsən.

 

Digər tərəfdən daş kömürü yandıran zaman ətrafa yayılan zərərli qazların olması gündəmdədir. Hər bir halda daş kömürün Azərbaycana gətirilməsi, deməzdim ki, dövlət maraqlarındadır. Yalnız maddi bazası olan təşkilat, şirkət  marketinq  aparıb  daş kömür bazarı formalaşdıra bilər. Lakin bu gün elə bir  bazar yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır