Modern.az

Aqil Abbasdan sərt MESAJ: “Bu millətin başında az dəlləklik edin!”

Aqil Abbasdan sərt MESAJ: “Bu millətin başında az dəlləklik edin!”

Aktual

16 Yanvar 2018, 13:14

Aqil Abbas,
Milli Məclisin üzvü

 

Cəmi bircə əsrin içində hamı bu millətin başında dəlləklik edib. Adını dəyişiblər, dörd dəfə əlifbasını dəyişiblər. Bu əlifba dəyişiklikləri ilə də milləti kökündən qoparıblar.

 

Millət kəndinə gələndən sonra 92-ci ildə həm Türkiyə ilə daha yaxından bağlanmaq üçün, həm də Avropaya çıxmaq üçün yenidən latın əlifbasına qayıtdıq. Burda da bir dəlləklik elədilər. Dünyanın, eləcə də Türkiyənin istifadə etdiyi latın əlifbasına da olduğu kimi keçmədik. Ona görə də internetdə nə qədər əziyyət çəkirik. Nə isə, o qatar çoxdan gedib.

 

İndi də ana dilimizlə oynayırıq. Əvvəla, XX əsrdə bir dəfə dillə oynadılar. Əvvəllər ədəbi dil kimi Gəncə, Qarabağ dialekti götürülürdüsə, sonra bunun üstündən xətt çəkdilər və keçdilər Bakı dialektinə. Düzdü, bu o qədər də ciddi bir fərq eləmədi.

İndi də yeni sözlər qayırırıq. Nə bilim, ipəzor, ipəsox,dilə yatmayan sözləri dilimizə soxuruq. Guya alınma sözləri tərcümə edirik.

 

O vaxt Türkiyədə bir Dil Üst Qurumu yaratdılar ki, dili təmizləyəcəklər, türk dilini məhv elədilər və Türkiyə türklərini bizlərdən, tatarlardan, ümumiyyətlə, Türkiyədən kənarda yaşayan türklərdən ayırdılar. Təmiz türk sözü «nənə» sözünü elədilər «babaanne, anaanne» «bacı»nı «qızqardaşı».

 

Bir tərəfdən də fransız sözlərini gətirib soxdular türk dilinin içinə. Nə isə, özləri bilər. Biz öz dərdimizi çəkək.

 

Akademiyanın alimləri elə bil dilimizin qəsdinə durublar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, «qəşəng» sözü «qəşənk» yazılmalıdır. Niyə, qaqa, «k»la yazanda hamımız qəşənk olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər. Orta məktəblərimizdə müəllimlərimiz «qəşəng» sözünü uşaqlara heç «qəşəng» kimi öyrədə bilmirlər, bir imla yazdırsaq, 80 faizində yüz orfoqrafik səhv taparıq. İndi də «qəşənk» yazmağı öyrədəcəyik.

Nə bilim iki samitin biri düşməlidi, «ədəbiyyat» yox, ədəbiyat» yazılmalıdı, «riyaziyyat» yox, «riyaziyat» yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, «Məhərrəm» yazılmalıdır «Məhərəm», adam da səhv elədi ortadakı «ə»ni yedi «Məhərəm» oldu «Məhrəm» . Məsələn, «eşşək» sözünü «eşək» yazmalıyıq. «Eşək» hara «eşşək» hara?! Hələ elə adamlar var ki, onlara «eşşək» deyəndə də ürəyin soyumur, üç «ş»la deyəndə ləzzət eləyir.

 

Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox.

 

İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq?

Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!

 

Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya dəvət edin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir