Modern.az

“Cümhuriyyət ili”ndə Amnistiya aktının təşəbbüskarı KİM OLACAQ...  

“Cümhuriyyət ili”ndə Amnistiya aktının təşəbbüskarı KİM OLACAQ...   

16 Yanvar 2018, 15:05

Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edib. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar geniş amnistiyanın veriləcəyi barədə xəbərlər yayılıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a rəsmi dairələrdə məsələnin artıq diqqətə alındığını deyib.  

Qeyd edək ki, amnistiya cəzanın ləğv edilməsi və ya yüngülləşdirilməsidir. Azərbaycanda amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. 

Modern.az saytı müzakirəyə çıxarılan amnistiya mövzusu ilə bağlı bu suala cavab axtarıb: Amnistiya təşəbbüsü ilə kimlər çıxış edə bilər?


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli xatırladıb ki, Amnistiya Aktı Milli Məclis tərəfindən qəbul edilsə də, bu təşəbbüsü qanunverici orqanda vəzifə tutmayan şəxslər də irəli sürə bilərlər.  

“Milli Məclisin qəbul edəcəyi “Amnistiya aktı haqqında” qanun layihəsinə görə qanunvericilik təşəbbüsü hüququ olan bütün subyektlər çıxış edə bilərlər. Yəni "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması üçün Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, Milli Məclisin sədri və deputatları, Ali Məhkəmənin sədri, Azərbaycan Respublikasının Baş prokuroru, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri parlamentə müraciət edə bilərlər. Sözügedən qanun layihəsi müzakirəyə çıxarıldıqda isə  müraciət edən şəxs layihə barədə çıxış edərək, layihənin zərurəti və detalları ilə bağlı məlumat verə bilər.
İctimaiyyət nümayəndələri  də təşəbbüslə çıxış edə bilərlər. Amma bu ictimai əsaslarla olacaq. Hər bir halda qanunvericilik təşəbbüsü hüququ olmayan şəxslər qanunvericilik təşəbbüsü hüququ olan şəxsə müraciət etməlidirlər”.


Deputat ümid edir ki, may ayında Cümhuriyyətin 100 illiyi ilə bağlı geniş amnistiya verilə bilər.


“Bu təşəbbüs “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə də dəyərli töhfə olar. 10 minə qədər insanı əhatə edə bilən Amnistiya Aktının qəbul olunarsa, cəmiyyət də bunu alqışlayar”.


Xatırladaq ki, Azərbaycanda sonuncu Amnistiya aktı ölkənin hazırki Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilib. Milli Məclisin 20 may 2016-cı tarixli “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” həmin qərarı 10 minə yaxın adama şamil olunmuşdu. Onlardan 3500-ə yaxın məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilmş, qalanların cəzası yüngülləşdirilmişdi.
 

O zaman Mehriban Əliyeva həmin təşəbbüsü irəli sürərkən, Prezident İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid etdiyini bildirmişdi.



İnsanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun başlıca məramlarından biridir. Mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan və bu istiqamətdə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə 4 dəfə - 2007, 2009, 2013 və 2016-cı illərdə Amnistiya aktları qəbul edilib.

Bu da ondan xəbər verir ki, fond xeyriyyəçilik, səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafı, mədəni irsin dünyada təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və ölkəmizin dünyadakı imicinin formalaşması ilə yanaşı, humanizm məfkurəsindən çıxış edən amnistiya təşəbbüsçüsüdür.

Ümumiyyətlə isə 1995-2016-cı illərdə Azərbaycanda 11 Amnistiya aktı qəbul edilib. Bu Amnistiya aktları 100 mindən çox insana şamil olunub...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?