Modern.az

Məmmədyarov Fransada: Qarabağı müzakirə etdilər

Məmmədyarov Fransada: Qarabağı müzakirə etdilər

Aktual

16 Yanvar 2018, 23:57

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib, siyasi əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfərlərin vacibliyini vurğulayıblar.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunublar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkib.

Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirdi və bu xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini bildirib.

Nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir etdilər və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da artırılmasının önəmini vurğulayıblar.

Nazirlər, həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Azərbaycan-Fransa İqtisadi Komissiyasının rolunu və Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin iqtisadi əlaqələrə müsbət təsirini qeyd ediblər.

Azərbaycanda Fransanın 50-dən çox şirkətinin fəaliyyət göstərdiyini bildirən Elmar Məmmədyarov Fransanın ölkəmizin neft və qaz sektorunda “Total Fina Elf”, “Total E&P Absheron” və “GDF Suez E&P” şirkətləri ilə təmsil olunduğunu bildirib. Bu xüsusda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı enerji və infrastruktur layihələri barəsində məlumat verib.

E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını bildirdi və İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsinin Azərbaycanın prioritet sahələrinin sırasında, Fransanın isə bu sahədə aparıcı ölkələrdən biri olduğunu nəzərə alaraq, iki ölkə arasında İKT sahəsində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, həmçinin, Azərbaycanın ilk telekommunikasiya peyki - Azerspace-1 Fransanın “Arianespace” şirkətinin “Ariane-5” raketi ilə 2013-cü ilin fevralında Fransız Qvianasındakı kosmodromdan uğurla orbitə çıxarıldığını xatırlatdı və “Arianespace” şirkəti ilə imzalanmış müqavilə əsasında, Azərbaycanın Azerspace-2 ikinci telekommunikasiya peykinin 2018-ci ilin əvvəlində orbitə çıxarılması gözlənildiyini qeyd edib.

Görüşdə, həmçinin, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar