Modern.az

“ATV Xəbər”in aparıcısı: “Çox danışdığıma görə anamı məktəbə çağırıb şikayət etmişdilər” - MÜSAHİBƏ

“ATV Xəbər”in aparıcısı: “Çox danışdığıma görə anamı məktəbə çağırıb şikayət etmişdilər” - MÜSAHİBƏ

17 Yanvar 2018, 11:01

Əsmər Nəcməddinqızı 1992-ci il aprelin 28-də Balakən rayonunda anadan olub. Xətai rayon Əhmədli qəsəbəsində 138 nömrəli orta məktəbdə təhsil alıb. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Radioverilişləri və televiziya” ixtisasını bitirib. 2 ildir ki, “ATV Xəbər”in aparıcısı olaraq çalışır.

Teleaparıcı Modern.az saytının qonağı olub və bəzi sualları cavablandırıb.

- Əsmər xanım, necə oldu ki ATV telekanalına gəldiniz?

- Mən “Azerbaijan Study Academy” media kursuna gedirdim. Həmkarımız Samirə Mustafayeva bizə xəbər aparıcılığından dərs keçirdi və ATV-də 1 həftəlik təcrübə proqramı təşkil etmişdi. Buraya gəlməyimdə Samirə xanımın böyük dəstəyi olub. Təcrübə müddətim bitdikdən sonra ATV-dən gedəcəkdim, amma baş redaktorumuz Vafiq Aydınoğlu dedi ki, sən qal və davam et. Beləliklə, 2 ay təcrübəçi kimi çalışdım. “ATV Xəbər” kollektivi o qədər yaxşı kollektivdir ki, orda özümü yad biri kimi hiss etmirdim. Mənə çox dəstək oldular, onlardan çox şey öyrədim. Təbii ki uyğunlaşmaq bir az vaxt apardı. Mən təbiətcə “girişkən” biri olmadığıma görə mühitə alışmağım üçün bir az vaxt keçməlidir. “ATV Xəbər”də də bu cür oldu. Özümə 3 ay vaxt verdim ki, əgər 3 ay ərzində özümü doğrultsam, “ATV Xəbər”ə lazım olduğumu desələr, elə burda da qalacam. 2 ayın tamamında Vaqif Aydınoğlu təcrübə müddətimin bitdiyini və artıq o gündən işə başladığımı istədi.

- Sizə müxbirlik daha doğmadır, yoxsa aparıcılıq?

- Aparıcını yaxşı aparıcı edən onun müxbir olmağıdır. Xüsusilə xəbər aparıcısı bu işin mətbəxində olmalıdır. Müxbir olub bu prosesləri keçməlisən ki, təqdim etdiyin xəbəri birinci özün başa düşəsən. Bu süjet necə ərsəyə gəlib?Bu müsahibə bu süjetin içində niyə lazımdır? Aparıcı bunları bilməsə, təqdim etdiyi xəbəri tamaşaçıya necə inandıra bilər? Mən həm müxbir, həm də aparıcıyam. Müxbirlik adamı hər zaman rejimdə saxlayır. Heç vaxt xəbərdən ayrı düşmürsən, o tempi itirmirsən. Aparıcı isə vasitəçidir. Gözəl görünüşüm, yaxşı diksiyam var deyib aparıcı ola bilməzsən. Hər ikisi də mənim üçün doğmadır.

- Əsmər Nəcməddinqızı xəbəri təqdim edəndə nə hiss edir?

-Ölkədə və dünyada nə baş verdiyini öyrənmək üçün xəbəri xüsusilə gözləyən insanlar var. O insanlara o xəbərləri çatdırmaq çox məsuliyyətli və  qürurverici hissdir. O hissi sözlərlə ifadə edə bilmirəm. Siz çox böyük bir kütləyə xəbər çatdırırsınız. İnsanlar sizi gözləyirlər. Normalda 10 dəqiqədə gedə bilməyəcəyiniz respublikanın ən ucqar rayonuna, ən ucqar kəndinə cəmi 30 saniyə içərisində gedirsiniz, onların evinə, hətta süfrəsinə qonaq olursunuz və xəbəri çatdırırsınız.


- Efirdən öncə və efirdən sonrakı həyatınızda nələr dəyişib?

- Ciddi bir dəyişiklik olub desəm yalan olar. Qohumlarım, dostlarım, tanışlarım hər biri indi də mənimlədir. İlk efirə çıxdığım vaxtlarda gözəl təbriklər, sözlər eşidirdim. Ətrafım, yaxınlarım xüsusilə də ailəm mənə çox dəstək olub. Təcrübədə olduğum zamandan indiyə qədər dəstəklərini hər zaman hiss etmişəm. Bəlkə də məni daha da güclü edən şeylərdən biri də budur. Hər zaman yanımda mənə lazım olan insanları saxlamağa çalışıram.

- Əsmər xanım, televiziya sahəsinə üz tutanların əksəriyyətində “məşhurluq” sevgisi hiss olunur. Sizdə də bu istək olubmu?

- Həmişə jurnalist və aparıcı olmaq istəmişəm. Bu istəyimdə ən böyük dəstəkçim isə nənəm olub. Mən 4 il müxbir kimi çalışıb sonra efirə çıxmışam. Efirə çıxıram deyə bu mənim digər insanlardan üstün olduğum mənasına gəlmir. Bu sadəcə işimin özəlliyidir. Yarım saat ərzində xəbəri təqdim edirəm, lazım olanda xəbər də hazırlayıram. Siz çox yaxşı  müəllim, çox yaxşı həkim ola bilərsiniz, amma çox insan sizi tanımaya bilər. Efirə çıxanda isə geniş bir kütlə səni görür, sima yadda qalır və tanınırsan. Bu işimin özəlliyidir, üstünlüyü deyil. Buna görə də “məşhur”olmaq sevdasında olmamışam.

- Özünüz də əvvəl təcrübəçi olduğunuzu qeyd etdiniz. Təcrübə keçmək üçün gələn tələbələrlə münasibətiniz necə olur?

- Mən onlara hər zaman dəstək oluram. Bunu həmin tələbələrin özlərindən də də soruşa bilərsiniz. Ona görə də onlara dəstək  olmaq lazımdır. Bu yollardan keçdiyimə görə onları çox yaxşı başa düşürəm. Təcrübəçi olanda mənə hər zaman dəstək olduqları üçün mən də öz bildiklərimi təcrübəçilərlə paylaşıram. “ATV Xəbər” kollektivi barədə digər telekanallarla sorğu etsəniz, əminəm ki, onlar “ATV Xəbər” kollektivinin başqa olduğunu deyəcəklər. Bizdə bu “təcrübəçidir”, “təzə gəlib” kimi ifadələr işlənmir. Əgər gəlibsə, biz onu bizə yaraşan şəkildə qarşılayırıq.

- Digər telekanallardan iş təklifləri almısınızmı?

- Bəli, 3 il bundan əvvəl belə bir təklif olub. Maaşı da normal idi. İşimdən və kollektivdən çox razı olduğuma görə o barədə düşünməmişəm. Sadəcə, dəvətə görə təşəkkür etmişəm.

- Əsmər xanım, canlı yayımda hansı çətin vəziyyətlər yaşamısınız?

-Suflyorda bir neçə dəfə problem yaşanıb. Amma biz hər zaman buna hazırlıqlı olduğumuza görə böyük bir çətinlik yaşamamışam. Xəbərləri əlimdəki vərəqlərdən oxumağa davam etmişəm. Çünki biz o aparata heç vaxt güvənmirik. O hər an dayana və xarab ola bilər. Məsələn, bir dəfə aparat dayanmışdı, birində də sönmüşdü.Ona görə də efirdə hansı xəbəri oxudumsa, əlimdəki kağızlarda həmişə işarə edirəm.

Canı efirdən əvvəl bir çətin vəziyyətim olub. Mənim görmə qabiliyyətim zəifdir və buna görə də eynəkdən istifadə edirəm. Bir gün iş həddindən artıq çox idi, beynim yüklənmişdi. Hazırlaşıb xəbərlərimlə tanış oldum və studiyadakı yerimdə əyləşdim. Rejissor qulağıma dedi ki, Əsmər ikinci kameraya bax, kameranı düzəldək. Baxanda suflyorda heçnə görmədiyimi başa düşdüm. Sən demə studiyaya eynəksiz getmişəm. Həmin an çox böyük stress yaşadım. Operatorlarımız gedib eynəyimi gətirdilər. Mənim üçün eynəksiz efirə getməkdən dəhşətli heçnə ola bilməz.

Efirdə ən qorxduğum şey isə asqırmaq, öskürək və hıçqıraq tutmasıdır. Həmişə deyirəm ki, efirdən sonra nə qədər olursa olsun, amma təki efirdə bu hallar yaşanmasın.


- Uşaqlıq illəriniz necə keçib? Necə uşaq olmusunuz?

-Deyilənə görə dəcəl, şən və çox aktiv uşaq olmuşam. Rəqs etməyi də çox sevmişəm. Nənəmin tikdiyi yubkam var idi. Qaça-qaça gedib o yubkanı geyinib sonra rəqs edirdim və o yubka olmasa oynamırdım.

Bağçada hər növ müsabiqədə iştirak etmişəm. Səsim olmasa da, mahnı müsabiqəsinə, rəsm müsabiqələrinə  qatılmışam. Məktəbdə də həmçinin  ən aktiv şagirdlərdən idim. O vaxtlar həmişə dua edirdim ki, mənim həyatım aktiv olsun, mən heç vaxt passiv həyat keçirməyim. İndi deyirəm ki, kaş o vaxt o qədər dua etməzdim. Çünki indi həddindən artıq aktiv həyat sürürəm. Həm məktəbdə, həm kollecdə sinif nümayəndəsi olmuşam. Qiymətlərim də yaxşı olub.

Yadımdadır, çox danışdığıma görə anamı məktəbə çağırıb şikayət ediblər. Hətta bir dəfə müəllim buna görə məni sinifdən də çıxarıb. Əvvəlcə yerimi dəyişdi, nəticə vermədiyini görüb“Əsmər, dərsdən çıx, iştirak etmə” dedi. Həm yanımda oturan rəfiqəmi, həm də ön və arxa partadakı qızları söhbətə cəlb edirdim. Sonra həmin müəllimlə münasibətlərimiz çox yaxşı oldu. İndi mən sakit dayananda şübhələnirlər ki, kefi yoxdu deyə danışmır.

Əvvəllər “ATV Səhər”in süjetlərini mən səsləndirirdim. Bizim montajor deyir ki, “Əsmər, səhər televizoru açıram, sənin səsini eşidirəm. İşə gəlmək üçün metroya düşürəm, sənin səsin, hərdən olur avtobusa minirəm, sürücülər də adətən 106.3 FM-i dinlədiyinə görə orda da sənin səsin gəlir. İşə gəlirəm, yenə səni görürəm, evə gedib televizoru açıram, yenə sənin səsin”.

-“Sol tərəfi keçid üçün boş saxlayın. Ötüb keçmək lazım gələrsə soldan keçin..”. Bakı metrosunda demək olar ki, hər gün hər kəsin eşitdiyi bu mətni necə oldu ki səsləndirdiniz?

-Bu mənim özümə də sürpriz oldu. Yay fəsli idi və radio xəbərlərini səsləndirirdim. Radiodan çıxdım və radionun əməkdaşı mənə yaxınlaşıb dedi ki, Vüqar Qaradağlı vərəqdəki mətni oxumağını istəyir. Mətni oxudum, amma metro üçün səsləndirdiyimi bilmirdim. Adətən bizdə seriallara nəsə lazım olanda biz səsləndiririk. Ona görə düşündüm ki, bu hansısa serialımıza və ya verilişimizə lazımdır. Yalnız 1 həftə sonra “Həzi Aslanov” metrostansiyasında olanda öz səsimi eşitdim və çox təəccübləndim.

- Əsmər Nəcməddinqızı “mən kiməm?” sualına necə cavab verir?

- Çox səbirli insanam. Bəzi məsələlər insanı hövsələdən çıxarır, amma o vəziyyətlərdə belə səbr nümayiş etdirməyə çalışıram. Məncə yaxşı xüsusiyyətim budur. Eyni zamanda, mərhəmətli biriyəm. Bəzən bu xarekterimin məndə olmasını istəmirəm. Elə insanlar olur ki, bundan istifadə etməyə çalışırlar. İnadkarlığım da var. Mənim hansısa işi etmək istəyim ağlımda varsa, geci-tezi var deyib, bu istiqamətdəçalışıram.

Bizim qrim ustası deyir ki, kaprizli birisən. Kənardan baxan insanlar məni qaraqabaq, sərt, özündənrazı biri kimi tanıyırlar. Həmin insanla münasibətim yaranandan sonra  isə yanıldıqlarını deyirlər. Deyib-gülən biriyəm və insanlarla münasibətim çox yaxşıdır.

- Gələcək hədəfləriniz nələrdir?

- Hədəflərim haqqında danışmağı sevən biri deyiləm. Təhsillə bağlı hədəflərim var. Təhsilimi xaricdə davam etdirməyi düşünürəm. İşimdə də irəli getmək istəyirəm. Xüsusilə efir sahəsində yolun hələki başlanğıcındayam. 2 ildir ki, efirdəyəm. Apreldə isə jurnalistika sahəsində olmağımın 6 ili tamam olacaq. Daim öz üzərimdə işləyirəm, öyrənəcək çox şeyim var. Həm təhsil, həm iş və digər sahələrlə bağlı çox arzularım var.


- Əsmər Nəcməddinqızının günü necə başlayır və necə bitir?

- Ən böyük travmanı səhər tezdən duranda alıram. Əgər çəkilişim yoxdursa, 09:30-da iclasımız olur. Bu vaxta qədər işdə oluram. 07:30-da çox böyük əzab və əziyyətlə oyanıram. Nə çəkdiyimi bir anam, bir mən bilirəm. 11 illik məktəb həyatımda, tələbəlik həyatımda və iş həyatımda hələ də buna alışa bilməmişəm. Amma çox yatandan sonra  peşman oluram ki, günümün çox hissəsini itirdim.

09:30-da iclas olur və günün xronikası hazırlanır. Mövzu təklifləri olur, mövzular müzakirə olunur və redaktor xəbərləri işçilər arasında paylaşdırır. Sonra əsgər rejimində işə başlayırıq. Kimin çəkilişi varsa, çəkilişə gedir.

Bizdə 106 və 106.3 FM radioları var. Xəbərləri 106 FM-də Ceyhun Əli, 106.3 FM-də isə Gülnar Muxtarqızı səsləndirir. Mən bəzən Gülnarla növbələşirəm. Onun başqa bir işi olanda xəbərləri mən səsləndirirəm. Radioya gəlmək lazım olanda artıq 08:00-da işdə oluram.

Gəzməyi çox sevən biri olduğuma görə işdən sonra evə getmirəm. Dostarımla, bacımla və ya qardaşımla görüşürəm. Yaxın dostlarımla görüşüb saatlarla söhbət edə bilərəm.

-Sizi görüb tanıyan və əlaqə yaratmağa çalışan insanlara münasibətiniz necə olur?

- Xəbər aparıcısı insanları sevməlidir. Mesaj yazan insanlara da cavab verməyə çalışıram. Amma hamıya bir-bir cavab verirəm desəm, yalan olar. Bir insan sənə xoş bir söz deyirsə, necə ona təşəkkür etməyə bilərsən?Necə görməzdən gələ bilərsən? Bunu mənə etsələr mənə heç də  xoş olmaz. Ona görə mən niyə bunu başqasına etməliyəm?

Çəkilişlərə gedəndə də tanıyanlar olur. Əksər vaxtlarda soyadımı düzgün deyə bilmirlər. Təbii ki, bunlar məndə xoş təəssürat yaradır.

-Yeri gəlmişkən, sevdiyiniz şəxs işinizdən ayrılmağınızı istəsə necə reaksiya verərsiniz?

- Mən evdar qadın olaraq xoşbəxt olmaram. Çünki  aktiv həyata öyrəşmişəm. Həyat yoldaşım televiziyada işləməyini istəmirəm desə, onda mən onun razı olacağı bir işdə işləmək şərti ilə bunu qəbul edərəm. Amma evdar xanım olmaq istəmərəm.

- Ən böyük tənqidçiniz kimdir?

- Ən böyük tənqidçim özüməm. Efirdən sonra efirə, süjeti hazırlayandan sonra süjetə baxıram. Nəsə bir iş görmüşəmsə, onu ərsəyə gətirəndən sonra mütləq onu bir də gözdən keçirirəm və  növbəti dəfə onun üstündə işləməyə başlayıram. İkinci tənqidçim isə atamdır. Atam çox diqqətli xəbər izləyicisidir.

- Bəs doğulduğunuz Balakən rayonunda insanların sizə münasibəti necədir?

- Rayona tez-tez gedirəm, xüsusilə də toy məclislərinə gedəndə bu diqqəti hiss edirəm. Məni çox yaxşı qarşılayırlar və çox gözəl sözlər eşidirəm. Hər toyda da mənə söz verirlər, bəylə gəlini təbrik etməyimi istəyirlər. Məni anonsla təqdim edəndə çox utanıram. Həmişə toya gedəndə dua edirəm ki, məni bu dəfə səhnəyə çağırmasınlar. Amma hər toyda bu halla qarşılaşıram.


Bu yaxınlarda dayım qızının toyuna getmişdik. Qız və oğlan toyu ayrı olmuşdu. Qız tərəfdən gedən qonaqlar kimi oturmuşuq ki, bizi nə zaman rəqs etməyə dəvət etsələr, onda rəqs edək. Xalam qızıyla söhbət edəndə adımın çəkildiyini eşitdim. Başımı qaldırıb baxdım ki, tamada mənimlə danışır. Nə danışırdı, necə oldu ki, söhbət mənə gəldi bilmədim. Bu zaman kamera da məni çəkirdi. Operatorun məni necə gəlib tapdığını da hiss etməmişəm. Sadəcə, başımı qaldıranda tamadanın mənlə danışdığını, operatorun da məni çəkdiyini gördüm.

-Əsmər xanım, ən çox hansı xəbərləri təqdim etməkdə çətinlik çəkirsiniz?

-Azyaşlılarla bağlı xəbərləri təqdim etməkdə çətinlik çəkirəm. Bu yaxınlarda da 2 azyaşlının yanğında vəfat etdiyi xəbərini çatdırdım. Uşaqlarla bağlı bədbəxt hadisələr varsa, belə xəbərləri təqdim etmək mənim üçün çətin olur. Əsirlərimizi hava limanında ailələrinin qarşılamasıyla bağlı xəbəri təqdim etdikdən sonra süjeti izləyəndə gözlərim doldu. Təbii ki, özümü tənzimlədim. Efirdə ağlamağı istəmərəm, ağlamamışam da. Amma biz də insanıq, bizim də hisslərimiz var. Hansısa xəbər bizə təsir edə bilər və buna görə də aparıcı özünü cilovlaya bilməyə bilər.

-Müxbirliyə yeni başladığınız zamanlarda bədbəxt hadisələrlə bağlı xəbərlər hazırlayanda bu hadisələrə münasibətiniz necə olurdu?

-Yeni çalışan zamanlar bədbəxt hadisələri çəkməyə gedəndə çox pis təsir edirdi. Amma indi hadisələrə daha soyuqqanlı yanaşa bilirəm. İlk dəfə meyiti də işimlə bağlı görmüşəm. Həmin an qorxmamışdım, amma sonrakı 1 həftə düşüncələrimdən çıxmadı. Evdə tək qalanda, yatanda gözümün qabağına gəlirdi.


Əsmər Nəcməddinqızının bacısı Nübar Bayramova
da onunla bağlı təəssüratlarını Modern.az-la bölüşüb. O, deyir ki, bəyənmədiyi heçnəyi Əsmərə etdirmək mümkün deyil:

“Bir yerə getmək istəyirsə,ora gedəcək, qarşıya bir məqsəd qoyursa, onu edəcək. Heç kim onun qabağında dayana bilməz. Kaprizli biridir.

Evdə çox səliqəlidir. Biz arada nəsə səliqəsizlik edəndə anındaca bizə xəbərdarlıq edir. Bu mövzuda qardaşımla mübahisələri olur. Yemək bişirməyi də bacarır. Mənə həmişə bacı olaraq çox kömək olub. Səhv hərəkətimdəbaşa salıb və onun dediklərini etmişəm. Bilirəm ki, o nəyi deyirsə, bilib deyir. Arada fikirlərimiz üst-üstə düşməyən vaxtlar da olur ki, tərslik edib mənlə eyni fikrə gəlmir. Amma bacım mənim üçün həm ana olub, həm dost. Çəkinmədən bütün dərdimi onunla bölüşmüşəm.

Efiri olanda evə gec gəlir. Doyunca vaxt keçirə bilmirik.

Biz balaca olanda Əsmər aparıcı olurdu, məni də qonaq kimi çağırırdı. Verilişin isə xəbərə heç bir aidiyyatı yox idi. Çağırdığı qonaq həmişə müğənni olurdu.

Dostlarım, tanışlarım mənə deyirlər ki, “televizoru açırıq sənin bacın danışır, eskalatorda gedirik yenə bacın danışır”. Biri zarafatla demişdi ki, “artıq dərsdə oturanda da bacının səsini eşidirik””.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...