Modern.az

Rusiyanın yeni “həll planı” Qarabağda müharibə başlada bilər

Rusiyanın yeni “həll planı” Qarabağda müharibə başlada bilər

17 Yanvar 2018, 11:39

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi “təşəbbüslər” özünün tam mahiyyətini ortaya qoydu.

 

Aprel müharibəsindən sonra Rusiyanın və Ermənistanın ekspert çevrələri Qarabağ probleminin nizamlanması ilə bağlı “Lavrov planı”nın olmasını gündəmə gətirsələr də, bir az kobud desək, bunlar da ifşa olundu.

 

Bəlkə də, bunu ortaya atan da və müəyyən diplomatik gedişlərdən sonra təkzib edən də Kremlin özü idi. Belə görünür ki, rəsmi Moskva o zamanlar  diplomatik manevrlərini Kremlə yaxın ekspertlərin dili ilə bəyan edirdi.

 

Bu müzakirələrin mərkəzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov dayanırdı, lakin Rusiya diplomatiyasının “ağır artilleriyası” sonradan “Lavrov planı” deyilən bir həll variantı olmadığını qeyd etdi.

 

Bununla belə, Rusiyanın baş diplomatı ötən ilin mart ayında bildirdi ki, Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb.

 

“Konkret olaraq bu məsələ Serj Sarkisyanın martın 15-də Moskvaya səfəri zamanı müzakirə olunub. Xarici siyasət idarələrinin rəhbərləri də kənarda qalmırlar. Mövzu ilə bağlı fevralda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, martın əvvəlində isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla məzmunlu söhbət aparılıb.

 

Nəzərə almaq lazımdır ki, Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır. Bununla belə deyə bilərəm ki, bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir”-deyə Lavrov bildirmişdi. Bu onu göstərirdi ki, Rusiyanın Qarabağla bağlı “Lavrov planı” olmasa da, başqa bir planı mövzud olub.

Bununla belə Lavrov bu yaxınlarda öz dediyini şübhə altına qoyan açıqlama verdi, qeyd etdi ki, Qarabağ münaqişəsinin həlli yalnız tərəflərin özü tərəfindən həll oluna bilər.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konkret planları ola bilməz. Çünki münaqişəni yalnız tərəflər özü həll etməlidir. Rusiya ABŞ və Fransa ilə bərabər ATƏT-in Minsk Qrupunun tərkibi ilə məsələnin tezliklə həll olunması üçün gərəkən şəraiti yaradır”. 

 

Necə də təzadlıdır elə deyilmi? Lakin bu paradoks zahiri “parıltıdır”, batində isə Rusiya özünün açıq-aşkar niyyət və məramını ortaya qoyur.  Axı Lavrov özü demişdi ki, Qarabağ konfliktinin həlli Azərbaycanın daxili işi deyil, yəni, Rusiya bu məsələdə aparıcı rola malikdir. Hazırda isə fərqli bir mövqe sərgiləyir və Qarabağ münaqişəsinin həlli üçün “pası” Azərbaycan və Ermənistan tərəfinə atır.

 

Bütün bunlar diplomatik gedişlərdir, Rusiya onu bəyan etmək istəyir ki, əslində Qarabağ münaqişəsinin həlli onun üçün prioritet deyil, lakin status-kvo da Kremlə sərf edir. Çünki Rusiyanın hazırda baş sındırdığı əsas məsələ Suriya böhranı ilə bağlıdır, bu baxımdan Qarabağ məsələsi arxa plandadır.

Əslində Rusiyada konkret hansısa planının olub-olmamasını dəqiqliklə söyləmək çətindir. Amma bu bəllidir ki, Rusiya Qarabağ münaqişəsindən özünün iqtisadi maraqları üçün də yararlanır. Belə ki, aprel müharibəsindən sonra Rusiya Ermənistanı sürətlə silahlandırdı, hətta “İsgəndər” raketlərini Ermənistana satdı.

Azərbaycan da Rusiyadan silah alır, lakin bu, ancaq hərbi əməkdaşlıq əsasında müqavilələrdən irəli gəlir, bir sözlə Moskvadan asılı deyil. Amma rəsmi Yerevan Kremlin bir nömrəli müttəfiqi olduğuna görə deyə bilərik ki, Rusiya Ermənistanı silahlandırır, özü də sürətlə.

 

Ermənistan Rusiyadan iqtisadi, siyasi, hərbi cəhətdən asılı ölkəyə çevrilib, aprel döyüşlərindən sonra isə bu asılılıq daha da güclənib. Bu isə Qarabağa münasibətdə Azərbaycan üçün müsbət proqnozun baş tutacağı ehtimalını azaldır.

 

Lavrovun məntiqi ilə yanaşsaq, hazırda Moskvada hər hansı nizama salınma proqramının olmaması, yəni onun yoxluğu Ermənistanın maraqlarına işləyir, status-kvonun uzadılmasına yardımçı olur. Amma şübhəsiz ki, Rusiya bütün bunların müqabilində forpostu Ermənistana hər hansı şərt qoyub və buna görə də Serj Sarkisyan hakimiyyəti qorxu içərisindədir.

 

Geniş mənada yanaşanda isə mövcud hərbi-siyasi proseslər Rusiyanın yanaşmalarını təkrar gözdən keçirməyə vadar edir, şübhəsiz ki, rəsmi Bakı da bunu nəzərə alır.

 

Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün hərbi imkanlarını yeni konsepsiyalarla nəzərdən keçirir, özünün hərbi tərəfdaşlarını artırmaq və modern silahlar almağı qarşıya məqsəd qoyub. Bu isə o deməkdir ki, sülh danışıqları nəticə verməzsə, Azərbaycan hərbi əməliyyatlarla işğaldakı torpaqlarını azad edə bilər.

 

Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yeni silahlar alınacağı barədə anons verməsi düşmən tərəfdə də narahatlıq yaradıb.

 

Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu xatırladan prezident qeyd edib ki, növbəti illərdə bu sahədə tədbirlər görüləcək, yeni silahlar alınacaq.

 

Düşünmək olar ki, bu yeni silahlar Azərbaycanın ərazi bütövlüyü təmin etmək üçün Ermənistan ordusunun Qarabağdakı kontingetinə qarşı yönələ bilər. Nəticədə Azərbaycanın torpaqlarını azad etmək üçün Qarabağda yeni müharibə başlaya bilər və belə bir şey baş tutsa bu, Ermənistan üçün ikinci "aprel silləsi" olacaq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...