Modern.az

Rusiyada hakimiyyət dəyişsə, Azərbaycan nə qazanacaq?

Rusiyada hakimiyyət dəyişsə, Azərbaycan nə qazanacaq?

Aktual

17 Yanvar 2018, 12:55

Rusiyada növbəti prezident seçkiləri bu ilin mart ayının 18-də keçiriləcək. Builki seçki Rusiya üçün də, dünya üçün də  önəm daşıyır və onun nəticələrini hamı maraqla gözləyir. Digər tərəfdən Rusiya vətəndaşlarının 74.8 faizi mart ayında keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putini dəstəkləməyi planlaşdırır.  

 

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (ÜİRÖM) hazırladığı anketdə bildirilib ki, bu nəticə son dörd ilin ən yüksək dəstək göstəricisidir. Düşünülür ki, Putinin Suriya və Ukrayna siyasəti vasitəsilə  “Rusiya dünya arenasında yenidən güclənir” mesajını verməsi  vətəndaş dəstəyinin artmasına səbəb olub.

 

ÜİRÖM-ün məlumatına görə, Putindən sonra ən çox dəstək alan namizəd 7.3 faizlə Kommunist Partiyasının nümayəndəsi Pavel Qrudindir. Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə 4,7 faizlə üçüncü olub.

 

Maraqlıdır, Rusiyada hakimiyyət dəyişikliyi olarsa, Azərbaycanın qazancı nə ola bilər?

 

Politoloq Qabil Hüseynli Modern.az saytına bildirib ki, Rusiyada hakimiyyət dəyişikliyinin olma ehtimalı çox aşağıdır:

 

“Çünki indiki şəraitdə Putin demək olar ki, bütün inzibati və digər resursları öz əlində cəmləyib. Yalnız fövqəladə bir vəziyyət, möcüzə  Rusiyada hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, kim olursa olsun, Putin qədər militarist təfəkkür tərzinə malik olan, SSRİ-nin bərpa olunması kimi xam xəyallara  qapılan adam olmayacaq. Həmin şəxs  dünyada baş vermiş reallıqları başa düşən, buna uyğun siyasət quran  bir adam olacaq. Bu da Azərbaycan üçün  əlbəttə, daha sərfəlidir. Putin indiyə  qədər olmuş, bundan sonra ola biləcək Rusiya başçılarının  bizim üçün ən uyğun olmayanıdır”.

 

Q.Hüseynli düşünür ki, hakimiyyət dəyişikliyi olduğu halda Azərbaycan üçün müsbət nəticələr gözləmək olar:

 

“Putinin yerinə gələn yeni bir adam  təbii ki, onun ətrafından gələcək və onun yeritdiyi siyasəti müəyyən qədər təkrar etməyə çalışacaq. Lakin dünyadakı proseslərin başqa cür formalaşdığını, yeni dünyanın başqa tələbləri həyata keçirmək istədiyini görəndə, o da yəqin ki, reallığa uyğun hərəkət edəcək. Mən inanmaq istəyirəm ki,  Rusiya hakimiyyəti dəyişəcəyi təqdirdə  bu ölkə ilə əlaqədar olan bütün bölgələrdə, postsovet məkanında, o cümlədən Dağlıq Qarabağ prosesində müsbət meyllər baş verə bilər”.

 

Ekspert Putinin yenidən prezident seçiləcəyi təqdirdə baş verəcək hadisələrdən də söz açıb:

 

“Putin yenidən prezident seçilərsə, vintləri bir az daha bərkidəcək, bir az da aqressivləşəcək. Bu nöqteyi-nəzərdən  dünya ona qarşı müqavimət göstərməzsə, müəyyən tədbirlər görülməzsə, Putin dünya üçün yeni sürprizlər hazırlaya bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?