Modern.az

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Mədəni̇yyət

17 Yanvar 2018, 15:14

Dünən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

 Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb.  “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

AMEA-nın Dilçilik  İnstitutunun Orfoqrafiya Komissiyasının bəzi sözlərlə bağlı təklifini məqbul sayması ictimaiyyət arasında müzakirələrə, səbəb olub, hətta narazılıq  və etirazlar doğurub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli  Modern.az-a açıqlamasında deyib ki, burada təsdiqdən söhbət gedə bilməz. Məsələylə bağlı hələ Nazirlər Kabineti qərar verməlidir.

“Yeni təklif edilən qaydalar haqqında cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bunlar arasında elmi və əhəmiyyətli fikirlər də yer alıb. Qeyri-professionallıqdan  doğan əhəmiyyətsiz fikirlər də var. Biz bunlara  dözümlü yanaşırıq. Səbirlə gözləyirik. Sonda hər şey daha yaxşı olacaq. Akademiyanın Rəyasət Heyətində həmin sözlər bir-bir müzakirə olunacaq.

Yekun qərar verilməsi üçün təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Qaydalara görə işi Nazirlər Kabineti elmi ekspertlərə yönəldəcək. Ekspertlərin rəyi nəzərə alınandan sonra təsdiq ediləcək. AMEA  65 maddədədn ibarət olan Azərbaycan dilinin orfoqrafiya qaydalarını ictimaiyyətin müzakirəsinə verib. Bu müzakirələr yanvarın sonlarına qədər davam edəcək. Ayın sonunda müzakirələrə son qoyulacaq və yekun qərarı Nazirlər Kabineti verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir