Modern.az

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI

Ədəbi̇yyat

17 Yanvar 2018, 21:57

Nobel Mükafatı dünyada ən məşhur və ən nüfuzlu beynəlxalq mükafatdır. 1901-ci ildən təqdim olunan bu mükafatla bağlı kifayət qədər maraqlı faktlar mövcuddur.

Modern.az saytı bir əsrdən artıq yaşı olan Nobel Mükafatı haqqında yazını təqdim edir.

Məlalə Yusəfzay tarixdə Nobel Sülh mükafatını alan ən gənc adamdır. O, bu mükafata 17 yaşında layiq görülüb. Əslən Pakistanın Svat bölgəsinin Minqora şəhərindən olan Məlalə, Taliban hərəkatının Svat vadisində qızların məktəbdə oxumasına qoyduğu qadağaya qarşı fəal mübarizəsi ilə tanınır.

 

Ən yaşlı laureat isə amerikalı iqtisadçı Leonid Qurviçdir. O, 2007-ci ildə 90 yaşında bu nüfuzlu mükafata sahib olub.

 

Nobel Mükafatını iki dəfə alanlar da var. Fransalı alim Mariya Kyuri, amerikalı fizik Con Barden, ingiltərəli kimyaçı Frederik Sanqer, amerikalı kimyaçı Linus Polinq iki dəfə Nobel Mükafatı laureatı olublar.

 

Nils Bor 1922-ci ildə fizika üzrə Nobel Mükafatı laureatı olanda məşhur “Carlsberg” pivə şirkəti alimə ev bağışlayıb. Ev pivə zavodunun yaxınlığında yerləşib. Zavoddan Nils Borun evinə xüsusi boru çəkilib. Fizik istədiyi vaxt bu borudan gələn pivədən pulsuz istifadə edib.

 

Ədəbiyyat üzrə Nobel mükafatçısı Rabindranat Taqor 1913-cü ildə Stokolma təqdimata gedərkən öz keçisini də aparıb. Belə ki, o, səhərlər yalnız öz keçisinin südünü içməyə adət edib.

 

Kimyaçı Rixard Ernest Nobel Mükafatına layiq görüldüyünü göydə eşidib. Təyyarədə olarkən onun bu mükafata layiq görülməsi haqqında elanı ekipaj komandiri mikrafonla səsləndirib.

 

Hünter Qrass isə ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüldüyünü ağrılı bir şəraitdə eşidib. Stomatoloqun qəbulunda olarkən ona zəng vuraraq mükafata layiq görüldüyünü bildiriblər.

 

Norveç yazıçısı Knut Hamsunun Nobel Mükafatını aldığı gün düşdüyü vəziyyəti isə hiss etmək çətin deyil. Yazıçı təqdimat mərasimindən sonra mehmanxanada mükafat üçün verilən pul çekini itirib. Mehmanxanın xidmətçiləri çeki tapan kimi dərhal sahibinə qaytarıblar.

 

Nobel Mükafatından imtina edənlər də az olmayıb. Kimisi könüllü, kimisi məcburi...

Vyetnamlı siyasətçi Le Dık Txo 1973-cü ildə Nobel Mükafatına layiq görülsə də, o bundan imtina edib. Siyasətçi bu haqda fikrini belə bildirib: “Vyetnamda müharibə qurtarmamış mükafatların paylanması düzgün deyil və yolverilməzdir...”.

 

Alman alimləri Riçard Kun, Adolf Butenandt, Herxard Domaqk Nobel Mükafatından məcburi şəkildə imtina ediblər. Alimlərin mükafat almasına Hitler icazə verməyib. Belə ki, hələ əvvəlki illərdə Nobel Mükafatı alanlar arasında  Hitlerin xoşuna gəlmədiyi adamlar olduğundan  3-cü Reyx mükafatla bağlı qadğalar tətbiq edib.

 

Məşhur fizik Pol Dirak da 1933-cü ildə qazandığı Nobel Mükafatından imtina etmək fikrində olub. Belə ki, alim reklamı sevmədiyindən bu addımı atmaq istəyib. Həmkarı Rezerford isə onu fikrindən daşındıraraq Pol Diraka başa salıb ki, əgər Nobel Mükafatını almaqdan imtina etsə, bu daha böyük reklam olacaq.

 

Uilyam Folkner Nobel Mükafatı alanda Amerika prezidenti Con Kennedi onu Ağ Evə dəvət edərək şərəfinə ziyafət vermək arzusunda olduğunu bildirib. Folkner isə bu dəvətə belə cavab verib: “Ona çatdırın ki,  tanış olmadığım bir adamla nahar etmək üçün bu qədər məsafəni qət etməyə yaşım yol vermir...”.

 

Tarixdə yalnız bir dəfə Nobel Mükafatı başqa ölkədə öz sahibinə təqdim olunub. Bakılı alim Landau layiq görüldüyü Nobel Mükafatını Moskva şəhərində, xəstəxanada qəbul edib.

 

Xatırladaq ki, Nobel Mükafatı 1901-ci ildən verilməyə başlayıb. Xüsusi yaradılmış Nobel komitəsi tərəfindən bütün ilboyu namizəd siyahısı üzərində iş aparılır.

 

Qaliblərin yekun seçimi İsveç Kral Elm Akademiyası, İsveç akademiyası, Karolina İnstitutunun Nobel Assambleyası və Norveç Nobel komitəsi tərəfindən həyata keçirilir. Ənənəyə sadiq olaraq qaliblərin adları oktyabr ayında elan edilir.

 

Hər bir Nobel Mükafatının dəyəri 10 milyon isveç kronuna  bərabərdir. Laureatlara pul mükafatı ilə yanaşı, onun şəkli ilə birlikdə medal və diplom da təltif edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!