Modern.az

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

17 Yanvar 2018, 22:31

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı ilə birgə “İnsan hüquqları üzrə maarifləndirmə sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirib. Modern.az xəbər verir ki, AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ombudsmanın Azərbaycanda hüquqi maarifləndirmə istiqamətində gördüyü işlərdən və professor Elmira Süleymanovanın alim, ictimai xadim və ombudsman kimi fəaliyyətindən geniş məlumat verib.

 

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova Azərbaycan Respublikasının Ombudsman Aparatının elektron nəşrlərdən ibarət kolleksiyasını kitabxanaya təqdim etməsini yüksək dəyərləndirib. L.İmanova müxtəlif qurumlara məxsus kolleksiyaların elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi mərhələsinin 2018-ci ildə də davam etdirildiyini bildirib. O, işlək vəziyyətə gətirilən və elmiləşən MRY bazası və MEK-in 2017-ci ildə əldə etdiyi başqa mühüm nəticələr barədə məlumat verib.

 

MEK-in əməkdaşı Xəyalə Kərimova tədbir iştirakçılarını professor Elmira Süleymanovanın həyat və fəaliyyəti, eləcə də müəllifi olduğu nəşrlər ilə tanış edib. Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən MEK-ə təqdim edilən kolleksiyada 204 nüsxə sənəd var. Sənədlər 171 nüsxəsi Azərbaycan dilində, 12 nüsxəsi ingilis dilində, 2 nüsxəsi rus dilində, 19 nüsxəsi müxtəlif dillərdə olmaqla 164 kitab, 23 buklet, 5 məlumat kitabı, 7broşüra 2 kataloq, 2 liflet, 1 jurnaldan ibarətdir.

 

Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, professor Nadir İsmayılov MRY layihəsini informasiyanın qorunması və istifadəsi baxımından önəmli olduğunu qeyd edib.

 

Ombudsman Elmira Süleymanova tədbir iştirakçılarının diqqətini Azərbaycanda insan hüquq və azadlıqları istiqamətində görülən işlərə, ümumilli lider Heydər Əliyevin təhsil və kitabxanaya verdiyi dəyərə cəlb edib. O, gənclərin elmə, təhsilə diqqət ayırmalarının vacib olduğunu qeyd edərək bu işdə kitabxanaların rolunu vurğulayıb. Tədbirin kitaba həsr olunduğunu və kitab ətrafında düzənləndiyini bildirən E.Süleymanova rəhbərlik etdiyi Aparatın elektron nəşrlərinin MEK-ə təqdim olunmasını informasiya siyasəti baxımından düzgün seçim adlandırıb.

 

Daha sonra Ombudsman Aparatının elektron nəşrlərindən ibarət kolleksiyası MEK-ə təqdim edilib. Bildirilib ki, Ombudsman Aparatının hazırladığı nəşrlərin elektron versiyası Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək, elektron kataloqda qeydə alınacaq. İki qurum arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sonda İnsan Hüquqları üzrə Müvəkkil, professor Elmira Süleymanovaya MRY bazası daxil olmaqla kitabxana fondlarının müxtəlif dillərdə hüquqi maarifləndirmə və Azərbaycan həqiqətlərini əks etdirən materiallarla zənginləşdirməsinə verdiyi töhfəyə görə, professor Aslan Məmmədliyə isə Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 7-nə annotasiya hazırladığı üçün kitabxananın Fəxri Oxucu Kartı təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?