Modern.az

Fəxri ad alanların hansı güzəştləri var...

Fəxri ad alanların hansı güzəştləri var...

18 Yanvar 2018, 09:06

Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir. Fəxri adlar ölkə vətəndaşlarına, o cümlədən digər ölkələrin vətəndaşlarına da verilə bilər. Eyni fəxri adı bir şəxsə təkrar verilmir.


Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat müəyyən edilib.

 

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.


Maraqlıdır, fəxri ad, orden  və medallarla təltif olunan  şəxslərə maddi ödənişdən başqa, hansısa  imtiyazlar da verilirmi?


Mədəniyyət və Turizm Nazirliyindən
Modern.az-a bildirilib ki, fəxri adlara görə təqaüd nəzərdə tutulub: “Bundan  əlavə hər hansı imtiyaz yoxdur. Ümumiyyətlə, fəxri ad almaq elə böyük imtiyazdır. Məsələn, “Xalq artisti” adı ölkənin yüksək fəxri adıdır”.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev
bildirib ki, nazirlik  “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmiş şəxslərin (həlak olanların ailə üzvlərinin), “20 Yanvar şəhidi” fəxri adı verilmiş şəxslərin ailələrinin, həmçinin “Xalq” və “Əməkdar”  fəxri adları almış vətəndaşların  Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təminatını həyata keçirir:


““Xalq” və “Əməkdar”  fəxri adları almış vətəndaşlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə büdcə təşkilatında işlədikləri halda həmin təşkilat tərəfindən, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon (şəhər) şöbəsi tərəfindən təmin edilirlər”.


Nazirlik rəsmisi qeyd edib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilənlərin sayı 60 min nəfərə yaxındır: “Onların bir qismini “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmiş şəxslər (həlak olanların ailə üzvləri), “20 Yanvar şəhidi” fəxri adı verilmiş şəxslərin ailələri, “Xalq” və “Əməkdar”  fəxri adları almış vətəndaşlar təşkil edir.

Bununla yanaşı, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmiş şəxslər (həlak olanların ailə üzvləri) və “20 Yanvar şəhidi” fəxri adı verilmiş şəxslərin ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayon, şəhər icra hakimiyyətlərindən daxil olmuş siyahılara uyğun olaraq növbəlilik əsasında mənzillə də təmin edilirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi