Modern.az

Azad iqtisadi zona – Nazirlik Ələtdə görülən işləri AÇIQLADI

Azad iqtisadi zona – Nazirlik Ələtdə görülən işləri AÇIQLADI

18 Yanvar 2018, 13:13

Prezident İlham Əliyevin imzası ilə “Azad iqtisadi zona haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Azərbaycan Prezidentinin sərəncamına əsasən, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və başa çatdırılması üçün görüləcək işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib.


Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, dövlət başçısının bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma, tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı işlənib hazırlanıb və hazırda icra edilir:

“Tədbirlər Planı ilə müəyyən edilmiş hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində iki növbəli iş rejiminə keçilib və nəticə etibarilə işlərin dinamikasının əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artırılmasına nail olunub. Tikinti işlərinə 1500-ə qədər işçi qüvvəsi və 300-ə qədər müxtəlif təyinatlı inşaat texnikası cəlb edilib.

 

Nazirlik rəsmisi qeyd edib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir:

“Kompleksin tikintisinə ölkə başçısının 2007-ci il 18 oktyabr tarixli sərəncamının icrası olaraq başlanıb. Azərbaycanın Xəzər dənizi boyu 900 km-dən çox sərhəd xəttinin olmasına baxmayaraq, yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Ələt qəsəbəsi ölkə ərazisindən keçən mühüm beynəlxalq nəqliyyat dəhlizləri: Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə bu ərazinin mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verəcək və daşımalar üçün geniş logistik imkanlar yaradacaq.

Azərbaycan Prezidentinin sərəncamı ilə verilmiş tapşırığa əsasən, yeni limanın inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan 1-ci fazası ümumi ərazinin 117 hektarını əhatə edir.

2010-cu il 3 noyabr tarixində Prezidentin iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub və 2014-cü ilin 22 sentyabrında birinci mərhələyə daxil olan liman qurğularından biri - 2 körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən işlənib hazırlanıb və müvafiq qaydada təqdim edilib”.

 

A.Əliyevin sözlərinə görə, inşaat işlərinin müvafiq müqavilələrə əsasən, liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılması nəzərdə tutulur:


“Hollandiyanın “Van Oord Dredging and Marine Contractors” B.V. şirkəti tərəfindən liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 km, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub.
Bununla bərabər, hazırda inşaat prosesinin texnoloji ardıcıllığına uyğun olaraq, limanın akvatoriya hissəsinə daxil olan müəyyən seqmentlərdə dibdərinləşdirmə işləri davam etdirilir. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir.

Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 m-dən 9 m-ə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12000 tona qədər olan gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

Tikintiyə texniki nəzarət xidmətlərinin həyata keçirilməsi məqsədilə Hollandiyanın “HaskoningDHV UK Ltd.” şirkəti ilə müvafiq müqavilə imzalanıb və hazırda müqaviləyə uyğun olaraq bu xidmətlər yerinə yetirilir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır