Modern.az

20 yanvar şəhidlərinin ailələrinə 300 manat verilir - Nazir çıxış etdi  

20 yanvar şəhidlərinin ailələrinə 300 manat verilir - Nazir çıxış etdi  

18 Yanvar 2018, 14:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.


Modern.az xəbər verir ki, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərlərinin də iştirak etdiyi  tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda törətdiyi qırğınlardan danışıb.

S.Müslümov 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi, Ümumxalq hüzn günü və “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi tədbirlərinə toxunub.

 

Nazir qeyd edib ki, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib. Həmin insanlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri (20 Yanvar şəhidi fəxri adı almış insanların ailələri ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillər 165 manat, II qrup əlillər 143 manat, III qrup əlillər 110 manat) ilə təmin olunurlar.

“Bu təqaüdlə bərabər, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət ödənilir. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqının da dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Milli qanunvericilikdə bu təbəqədən olan insanlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub”.


S.Müslümov hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verildiyini də diqqətə çatdırıb: “20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq da bu günlərdə ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə (o cümlədən 115 şəhid ailəsi və 297 nəfər 20 Yanvar əlili) birdəfəlik maddi yardımlar ayrılıb”.

Nazir qeyd olunan insanların sosial müdafiəsinin gücləndirilməsi istqamətində bundan sonra da müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb.


Tədbirdə qeyd olunub ki,  20 Yanvar şəhidlərindən bəhs edən və 27 il əvvəl kiril qrafikasında nəşr olunmuş “Şəhidlər” kitabı da nazirliyin dəstəyi ilə latın qrafikasında, həm də əlavə və düzəlişlərlə, daha təkmil şəkildə yenidən işıq üzü görüb.

 
Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri həmçinin “Şəhidlər” kitabının müəllifi yazıçı-publisist Rafiq Səməndər 1990-cı ilin yanvar hadisələrindən bəhs edib, 20 Yanvarın təkcə faciə günü deyil, tariximizin mübarizlik və qəhrəmanlıq səhifəsi də olduğunu qeyd ediblər. Onlar Milli Qəhrəmanların tanıdılması sahəsində aparılan işlərə, habelə Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının nəşrinə, eləcə də hazırda təqdimatı olan “Şəhidlər” kitabının yenidən nəşr olunmasına nazirlik tərəfindən dəstək verilməsini yüksək dəyərləndiriblər.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?