Modern.az

Qubanın kənd məktəbində bir gün: “Böyüyəndə göz həkimi olmaq istəyirəm” - REPORTAJ

Qubanın kənd məktəbində bir gün: “Böyüyəndə göz həkimi olmaq istəyirəm” - REPORTAJ

18 Yanvar 2018, 15:03

Təhsil gələcəyə qoyulan kapitaldır. Dünyanın hər bir yerində olduğu kimi Azərbaycanda da təhsilə böyük önəm verilir. Ölkənin ən ucqar yaşayış məntəqələrində belə uşaqların təhsil alması üçün münbit mühit yaradılır. Bu işlərə əvvəlcədən də çox diqqət ayrılsa da son zamanlar daha da intensivləşib. Məktəblər şagirdlərin ayağına gəlir desək daha düzgün olar. Bir çox bölgədə, ucqar yaşayış məntəqələrində yerli məhsullar hesabına inşa edilən modul tipli məktəblər buna misal ola bilər. Təhsil Nazirliyi bölgələrdə təhsilə verilən önəmi göstərmək üçün media nümayəndələri üçün mediatur təşkil edib.

 

Modern.az-ın da əməkdaşının iştirak etdiyi növbəti  mediatur Quba rayonunun Çağacıq kəndində inşa olunan modul tipli məktəbə olub.

 

İlk olaraq bizə Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev  həm Çağacıq kəndində inşa edilən modul tipli məktəb, həm də rayonda təhsil sahəsində görülən işlər barədə bizi məlumatlandırıb. O bildirib ki, Çağacıq kəndində köhnə məktəbin yerində müasir standartlara  cavab verən modul tipli məktəb 6 sinif otağından ibarətdir.

“Bizim şagirdlərimiz bu gözəl şəraiti olan siniflərdə təhsil alırlar. Məktəbdə 5 sinif komplekti fəaliyyət göstərir, hazırlıq, 1-ci, 2-ci, 3-cü və 4-cü siniflərdən ibarətdir. Qubada ümumilikdə 130 ümumtəhsil məktəbi fəaliyyət göstərir, onlardan 27-si ibtidai, digərləri isə  ümumorta və tam orta məktəblərdir. 2017-2018-ci dərs ili üçün Əliməkki kənd tam orta, Çaytəpə  kənd ümumi orta məktəbləri tikilib istifadəyə verilib. Bundan əlavə olaraq İsnov kəndində 1 ümumi orta modul məktəb, Çağacıq kəndində isə ibtidai modul məktəb istifadəyə verilib. Yaxın zamanlarda Kürkün kəndində inşa edilən modul tipli ümumi orta məktəbin istifadəyə verilməsini gözləyirik. 2018-ci ildə rayon təhsil şöbəsi tərəfindən Təhsil Nazirliyinə verilmiş sifariş əsasında 6 modul tipli məktəbin tikintisi gözlənilir. Bu məktəblər Dərk, Qarxun, Zıxır, Qıraqlı Cəyirli, Çarxaçu kənd ümumi orta məktəbləridir və Alıc kənd ibtidai məktəbidir. Bu sadaladığım məktəblərin hamısı dağlıq ərazilərdə yerləşir, birbirinə yaxınlığı yoxdur. Həmin kəndlər rayon məsafəsindən kifayət qədər uzaqlıqda yerləşir. Ən yaxını olan Alıc ibtidai məktəbi rayon mərkəzindən 17 km uzaqlıqda yerləşir”.

 

O bildirib ki, bugünkü zəruri ehtiyac bu məktəbin yenilənməsi və yaxud yenidən tikilməsi ilə bağlı idi.

“Hazırda Cağacıq kəndində ibtidai məktəb fəaliyyət göstərir. Yaxın zamanlarda kəndin perspektiv inkişafına uyğun olaraq əgər əhali sayı, şagird sayı çoxalarsa məktəbin tipinin əvvəlcə ümumi orta məktəbə, daha sonra tam orta məktəbə çevrilməsi nəzərdə tutulur. Burada ibtidai məktəbi bitirən sagirdlərin 100 faizi təhsillərini davam etdirir. Kəndin yaxınlığında Paşaoba kənd tam orta məktəbi və eyni məsafədə Talabqışlar kəndində tam orta məktəb fəaliyyət göstərir. Hər birində mövcud kadr potensialı var, hər birində təhsil almaq üçün mövcud şərait var. Şagirdlər 4-cü sinfi bitirir və 100 faiz davamlılıqla təhsillərini davam etdirirlər”.

 

Şöbə müdiri deyib ki, dağ kəndlərində ibtidai və ümumi orta məktəbləri bitirən şagirdlər yaxın ətrafda yerləşən kəndlərdə təhsillərini davam etdirə bilirlər.

“Bəzən ümumi orta təhsili bitirəndən sonra şagirdlərimizin tam orta təhsil almaqda böyük çətinliyi var. Muçu, Çalxaçu, Qarxun, Sühüb, Zeyid kimi ümumi orta məktəblərimiz var ki, orada ümumi orta təhsili bitirəndən sonra orta ixtisas məktəblərinə  üz tuturlar. Onlar rayonun özlərinə yaxın bir kəndində və ya rayon mərkəzində fəaliyyət göstərən tam orta məktəblərdə təhsillərini davam etdirirlər.

 

RTŞ rəhbərinin sözlərinə görə, Qubada ən az şagirdi olan məktəb Nütəh kənd ibtidai məktəbidir.

“Həmin məktəbdə təhsil alan şagirdlərin sayı 17-dir”.

 

Çağacıq kənd ibtidai məktəbinin rəhbəri Fabil Ağayev deyib ki, 31 ildir bu məktəbdə fəaliyyət göstərir.

“Bizim məktəb rayonda bəlkə də yeganə məktəbdir ki, burada işləyən bütün müəllimlər diaqnostik qiymətləndirmədə 80 faizdən yüksək nəticə göstərir. Burada çalışan müəllimlərin ən zəifi 80 faizdən aşağı nəticə göstərir. Əvvəllər bu məktəb çox bərbad vəziyyətdə olub, indi isə yüksək səviyyəli şərait yaradılıb. Məktəbdə 6 sinif otağı var,5-i faktiki olaraq istifadə olunur. Biri kompüter otağıdır ki, yaxın gələcəkdə istifadə ediləcək. Burada 52 nəfər şagird təhsil alır, onlardan 38-i oğlan, 14-ü isə qızdır. Bizim məktəb əsasən 2 fənn üzrə ixtisaslaşıb, riyaziyyat və Azərbaycan dili təmayüllüdür. Yaxşı yazmağı, oxumağı bilməyən uşaq buradan çıxmır. Düşünürük ki, bizim məktəbdə şərait yaxşı olduğu üçün digər kəndlərdən də bura uşaqlar gələcək. Paşaoba kənd orta məktəbində şərait bizimki kimi yaxşı deyil. Bizim məktəb də qaydalar elədir ki, şagird icazəsiz dərs buraxa bilmir. Əgər uşaq xəstədirsə valideyni xəbər verir bu barədə. Hal-hazırda bizim məktəbdə davamiyyət 99 faizdir. Kəndimiz elədir ki, çox qar yağsa da məktəbə gəlməkdə problem yaşanmır. Məktəbdə çalışan müəllimlərin hamısı bu kənddəndir. Mən burada təzə işlədiyim vaxt müəyyən problemlər ortaya çıxırdı. Rayondan və başqa kəndlərdən gələn müəllimlər olurdu ki, yol problemi, qalmaq problemi olurdu. Şükürlər olsun hazırda müəllimlərimizin hamısı yerli olduğu üçün heç bir problemlə qarşılaşmırıq. Müəllimlərimizin imtahandan da yüksək nəticə əldə etməsi daha da sevindiricidir. Düşünürük ki, yaxın illərdə burada 9 illik məktəb fəaliyyət göstərəcək. Onda çalışacağıq ki, yerli müəllimlər olsun. Hazırda bir dənə xarici dil müəllimi ilə bağlı problemimiz var. Ümid edirik ki, o da yaxın zamanda həll olunacaq. Bu dərs ilində olmasa da gələn dərs ilində həll etməyə çalışacağıq. Mən özüm sırf informatika müəllimiyəm”.

 

Bakı Sənaye Pedeqoji Kollecini bitirdiyini deyən məktəbin ən gənc müəllimi Rəbinə Ağayeva deyib ki, artıq 6-cı ildir Çağacıq kənd məktəbində işləyir.

 “2012-ci ildən imtahanla işə qəbul olmuşam. O vaxt maksimum 35 baldan 32 bal toplamışdım. Şimal bölgəsi üzrə birinci yeri tutmuşdum. Həm uşaqlar, həm də biz keçən ildən məktəbdə işlər gedəndən səbirsizliklə gözləyirdik. Belə bir məktəbin inşa edilməsi hamımızın üzündə sevincə səbəb oldu. Bu məktəb istifadəyə veriləndən uşaqlarda həvəs yaranıb, dərsdən yayınmağa çalışmırlar, oxumağa həvəsləri daha da artıb. Uşaqlara məktəbə tez gəlmək istəyirlər, evə getmək istəmirlər, fəallıqları var. Köhnə məktəbin əsas problemi darısqallıq idi, qaranlıq idi, biz nə qədər işıq qoşsaq da qaranlıq olurdu. Amma indi bu siniflər müasir standartlara cavab verdiyi üçün çox razıyıq. İstilik sistemi də köhnə məktəbdə ən yaralı yerləmizdən biri idi. Köhnə məktəbdə odun yandırırdıq, otaqlar tüstü olurdu. Yeni məktəbimiz köhnə məktəblə müqayisə olunmayacaq dərəcədə yaxşıdır. Köhnə məktəbin həyətində uşaqlarla oyunlar keçirə bilmirdik, amma indi məktəbin geniş və səliqəli həyəti var. İndi valideynlərdə də uşaqların təhsil alması üçün həvəs var. Uşaqlar 4-cü sinfi bitirdikdən sonra da onlarla maraqlanırıq. Burada təhsil alan uşaqların 100 faizi təhsilini davam etdirir”.

 

Məktəbin 4-cü sinif şagirdi Cəfər Muradov deyib ki, məktəbdə yaradılan şərait onu çox sevindirir.

“Məktəbin böyük sinifləri var, səliqəli həyət var. Köhnə məktəbdə tənəffüs vaxtı yaxşı oynaya bilmirdik, amma indi yaxşı oynaya bilirik. Oynamaqla bərabər dərslərimi  normal oxuyuram. Ən çox Azərbaycan dili dərsini xoşlayıram. Siniflimizi çox xoşlayıram, isti olur, təmizdir. Müəllimlərimi də çox istəyirəm”.

 

 

Məktəbin qocaman müəllimlərindən olan Cəmilə Ağayeva deyib ki, uşaqlarla işləməkdən, onları öyrətməkdən zövq alır.

“Müəllim peşəsi həm şərəfli, həm də çətin peşədir. Müəllim olmaq çox məsuliyyətli işdir. Şagirdlərimizin uğurunu görəndə çox sevinirik, qürur hissi keçiririk. Bizim məktəbdə oxuyan məzunlar ölkənin qabaqcıl universitetlərində təhsil alır. Belə şəraiti olan məktəbdə müəllim həvəslə dərs deyir, şagirdlər də həvəslə oxuyur”.

 

Hazırlıq sinfinin müəllimi Vüsalə İsayeva deyib ki, 2009-cu ildən  müəllim işləyir. 

“7 ildir  ildir burada fəaliyyət çalışıram. 2 il Talablı kənd orta məktəbində işləmişəm. Ora dağlıq kənd idi. Ailə qurduqdan sonra ora gedə bilmədiyim üçün bu təyinatım bu məktəbə olub. Hazırlıq sinfində daha çox oyunla öyrənirik. Uşaqlar oynayaraq daha həvəslə öyrənirlər. Otaqlar isti olur deyə valideynlər rahatlıqla uşaqlarını məktəbə gətirir. Balaca olduqları üçün biraz səs-küy salırlar”.

 

Məktəbin 4-cü sinif şagirdi Gülay Məmmədova bildirib ki, böyüyəndə göz həkimi olmaq istəyir.

“Dərslərimi yaxşı oxuram, ən çox “5” alıram. Ən çox Ana dilini sevirəm. Burada 4-cü sinfi bitirəndən sonra ailəliklə Bakıya köçəcəyik, təhsilimi orada davam etdirəcəyəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir