Modern.az

8 ailə “20 Yanvar şəhidi” adı almaq üçün Prezidentə MÜRACİƏT ETDİ  

8 ailə “20 Yanvar şəhidi” adı almaq üçün Prezidentə MÜRACİƏT ETDİ  

18 Yanvar 2018, 16:49

1990-cı ilin 20 yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən həlak olan 8 nəfərə şəhid statusu verilməsi üçün ölkə rəhbərliyinə müraciət olunub.

Bu barədə Modern.az-a “20 yanvar cəmiyyəti”nin sədri Soltan Əzimzadə 1990-cı il hadisələrindən bəhs edərkən deyib.


S.Əzimzadə bildirib ki, müraciət edən 8 nəfər, hadisələrdən təxminən bir neçə il sonra vəfat edənlərin yaxınlarıdır:


“Ölkə başçısının fərmanında göstərilib ki, “Şəxs 20 yanvar hadisələri zamanı aldığı xəsarətdən birbaşa, yaxud həmin xəsarətlərə görə sonrakı dövrlərdə vəfat edibsə, onlara “20 Yanvar şəhidi” statusu verilir. Həmin 8 nəfər də 20 yanvarda aldıqları güllə yarasından sonrakı illərdə vəfat edən adamlardır.


Hazırda 20 yanvar hadisələrinə görə itkin hesab edilənlər, axtarışda olanlar yoxdur. O vaxtı itkin düşən 4 şəxs var idi ki, onlara da şəhid statusu verildi”.

 

S.Əzimzadə deyib ki, ötən il prezident İlham Əliyev tərəfindən şəhid statusu verilən Şövkət Ağayev həmin 4 itkindən biri deyilmiş:

“Şövkət Ağayevin itkin düşməsi barədə sonradan ailəsi tərəfindən məlumat verildi. Əslində həmin fakt barədə geniş məlumatım yoxdur. Amma bilirəm ki, ötən il ona da şəhid statusu verilib”.

 

Qeyd edək ki, ötən il şəhid statusu verilən 14 dekabr 1936-cı il təvəllüdlü Şövkət Ağayev 19 yanvar 1990-cı il tarixində evdən çıxaraq, küçədəki vətəndaşlara qoşulub. Bundan sonra ŞAğayev evə qayıtmayıb. Ailəsi Ş.Ağayevi nə qədər axtarsa da, onu “gördüm” deyən olmayıb. Bundan sonra onun həyat yoldaşı Həqiqət Babayeva Binəqədi Rayon Məhkəməsinə həyat yoldaşının itkin düşməsilə bağlı müraciət edib. Məhkəmənin 22 may 1996-cı il qətnaməsilə Şövkət Ağayevin xəbərsiz itkin düşməsi elan olunub.

Həqiqət Babayeva 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin edilməsi üçün ərizə verib və məhkəmənin 21 may 2014-cü il tarixli qərarı ilə iddia təmin olunub.

Məhkəmə iclasında şahid kimi dindirilmiş qızı Ağayeva Sevinc Şövkət qızı və onun xalası Şövkət Ağayevin 19 yanvar 1990-cı ildə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.


Həqiqət Babayeva daha sonra Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Yasamal rayon şöbəsinə iddia ərizəsi ilə müraciət edib. Onun mərhum əri Şövkət Ağayevin ailə üzvü kimi, ailə başçısını itirdiyinə görə bütün əlavə və artımlar nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, pensiyanın çıxdığı vaxtdan hesablanmaqla birdəfəlik ödənilməsinin Azərbaycan Respublikası DSMF-nin Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə iddiası təmin edilib.


Qeyd edək ki, Mülki Məcəllənin 42.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun barəsində beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, məhkəmə qayasında ölmüş elan edilə bilər.

Həmin Məcəllənin 41.4-ci maddəsinə görə isə bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edib ki, Şövkət Ağayevin harada olması barədə beş ildən çox müddət ərzində məlumat olmadığından, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğundan güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyünə görə ərizə təmin edilib. Ş.Ağayevin ölmüş elan edilməsi barədə qətnamə çıxarılıb.


2 avqust 2017-ci ildə prezident İlham Əliyev Ş.Ağayevə“20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi