Modern.az

2000 manata it satılan Bakı bazarı

2000 manata it satılan Bakı bazarı

21 Dekabr 2009, 14:20

Təzəbazarın yaxınlığındakı ev heyvanları və quşlarının satıldığı bir ticarət mərkəzi var. Hər həftənin bazar günləri səhər saat 08:00-dan 16:00-dək burada müxtəlif növ heyvan və quşların satışı həyata keçirilir. Bir bazar günü biz də yolumuzu bu ticarət obyektindən saldıq. Həmin gün bazarda qələbəlik idi. Burada o qədər it, pişik, quş, balıq və digər heyvan cincləri satılırdı ki, onlara sadəcə tamaşa eləməyin özü maraqlı idi. Elə bazarda dolaşan adamlardan bəziləri də bizə dedilər ki, onlar müştəri deyillər, bura ekzotik heyvan, quş və balıqlara baxmağa gəlirlər. Lap zooparkdakı kimi, amma burada tamaşa eləmək pulsuz başa gəlir.

Qiymətlərin baha olmasına baxmayaraq alıcıların satıcılarla sövdələşməsi baş tuturdu.

Bazarda həmsöhbət olduğum şəxslərdən Nuranə adlı xanım dedi ki, o həftəsonları bura gəlməyi xoşlayır: “Bura mənimçün Zooparkdan yaxşıdır. Çünki heyvanları daha yaxından görürəm, onları sığallaya, tumarlaya bilirəm. Həm də buna görə məndən pul istəyən də olmur. Heyvanları çox sevirəm, amma evimizdə saxlamaq imkanı yoxdur”. 12 yaşlı Seymur da dovşanları çox sevdiyi üçün tez-tez valideyni ilə birgə bu bazara gəlir: “Evdə dovşan saxlamağa qoymurlar. Mən də bura dovşanlara baxmaq üçün gəlirəm. Özümlə kələm, kök alıb gətirirəm ki, satıcılar icazə versinlər onları sığallayım”. Bazarda əcnəbilərlə də rastlaşdıq. Tutuquşu almağa gəlmişdilər, bizə dedilər ki, qiymətlər onlara sərfəlidir. Bazarda çoxlu akvarium vardı və onlar adını bilmədiyimiz müxtəlif rəngbərəng balıqlarla dolu idi. Balıq satan 45 yaşlı Eldəniz Mehrəliyev dedi ki, onun da çörəkpulu bu işdən çıxır: “Balıqları xüsusi yerdə saxlayıb, çoxaldıram, burada da satıram. Alver yaxşı getmir. Əvvəllər yaxşı idi, indi yox”.

Öyrəndik ki, dekorativ balıqları 50 qəpik-8 manata, qızılbalığı və qırmızıpapağı 2-10 manata, qupi adlı balığın cütünü 4 manata, xoruz balığını 1-4 manata satırlar. Satıcıların deməsinə görə, xoruz balıqları havasız da yaşaya bilir. Lepart adlı balığa kiçik bə böyüyünə görə 5-10 manat, yaşı rəngli Mikinos balığına 2 manat qiymət qoymuşdular. Burada bir balıq da satılırdı, adına Papuqayçik deyirdilər. Satıcıların sözlərinə görə, onu ancaq inək ürəyi ilə saxlamaq lazımdır. Papuqayçikin cütü 50 manata idi. 20 ildir balıq saxlamaqla məşğul olan satıcı Adil dayı balıqların xasiyyəti barədə danışdı. Dedi ki, uzun müddətdir balıq artırmaqla məşğul olur: “Bu bazarda 100-ə yaxın balıq növü satılır. Elə balıqlar var ki, digərləri ilə yola getmir. Xırda balıqları iri balıqlar yeyir. Ona görə də onları eyni akvariumda saxlamaq olmaz. Balıqların suyunu təzə su ilə dəyişəndə onlar ölür. Akvariumun suyunu yarıbayarı 3 gün ərzində çökdürülmüş su ilə dəyişmək lazımdır. Balıqlar diri bala doğanda temperatur 29-30, adi hallarda 25-30, xəstə olanda 30-32 dərəcə temperaturda saxlanmalıdır”.

Bazarda müxtəlif cür balıq yemləri satan Elxan dedi ki, hər balıq öz gözü qədər yem yeyir: “Tetrapont vəhşi balıq, tetramin sakit balıqların yeməyidir. Tetradiskusu isə bütün balıqlar yeyir. Böyük balıqlar səhər-axşam, bala balıqlar isə gündə 5 dəfə yeyir”. 9 ildi heyvan alveri ilə məşğul olan Şəhla adlı satıcı dedi ki, heyvanları çox sevdiyi üçün bu işə aludə olub: “Evdə it saxlayıram. Neçə ildir ki, bu işlə məşğulam. Ancaq burada satdığım heyvanları alverçilərdən alıram. Həm işimi sevirəm, həm də çörəkpulumu çıxarıram”. Şəhladan satdığı heyvanların qiymətlərini də öyrəndik. 40 günlük Dalmatin ovçarkasını 250 manata, böyük ovçarkanı 700-800 manata, “Alman köpəyi”ni 300 manata, Şarpey (yapon iti) itini 700 manata satdığını dedi. Satıcı dedi, ovçarka cinsindən olan it balalarının baha olmasına səbəb onların sahibinə tez öyrəşə bilməsidir: “Böyük itləri öyrəşdirmək çətin məsələdir”. İtlərin yeməyinə gəlincə isə onlar bişmiş və ya çəkilmiş ət, qaynadılmış düyü yeyirlər. Böyük itlərə gün ərzində 2 dəfə, balalara isə 3-4 dəfə yemək verilir. Satıcılar dedilər ki, itlərə qaynadılmış ət verirlər ki, qudurğan olmasın.

İt alveri ilə məşğul olan Nurxan dedi ki, özünün it ferması var: “İtləri əsasən Rusiyadan gətirirəm. Novxanıda isə böyük it fermam var. Orada həm ov, həm də mühafizə itləri saxlayıram. Bax bul aman kurçıxarıdır (yanındakı iti göstərdi-G.M). Onun erkəyi 150-400 manat civarındadır. Ancaq bu itin dişisi ova yaxşı getdiyi üçün erkəkdən bahadır. Digər ov itləri ingilis setteri və irland setteridir. Bu itlərin qiyməti 250-300 manat dəyərindədir. Mühafizə iti olan quratveller 300-500, karolevski doq isə 2000 manatdır. 6 aylıq oba iti 50 manatdır. Bu it böyüdükcə çil tökür. Qoyun itinin dişisi 40 manat, erkəyi 100 manatdır. Bu itləri ancaq sifariş olanda gətirirəm”. Nurxan itlər haqqında bilgisinin çox olduğunu dedi: “Mən neçə ildi bu işlə məşğulam. İtlərin bütün xüsusiyyətlərini bilirəm. İki aylığında itlərə iynə vurdururam. 7 aylığında onlar dişlərini dəyişirlər. Qudurğan olmasın deyə 8 aylığında onlara peyvənd vurdururam”.

Heyvan alveri ilə yenicə məşğul olmağa başlayan satıcı Mamed dedi ki, bazarda ən aşağı qiymətə heyvanları o satır: “6 aylıq meymunu 700 manata, jako tutuquşusunu 10-20 manata, volnistiy “papuqay”ını 1-10 manata, adi dovşanı 10 manata, anqor pişiyini 60 manata satıram, adi pişiyi isə pulsuz verirəm”.

Quşbaz İlqar isə dedi ki, neçə ildir ki, quş saxlamaqla məşğul olur: “Mənim atam, babam da bu işlə məşğul olub. Quşları damda saxlayıb gətirib burda satıram. İdman stilli quşlar uçur, ancaq dekorativ quşlar uçmadığı üçün daha çox onları saxlayıram. Qırmızı quyruq göyərçinlər 5 manata, pavlin 30 manata, Kapuçin cütü 80 manata, drakon cütü 20 manata, İran çili cütü 20 manata, korilla 30-35 manata, “papuqay”ın çex cinsi 30 manatadır. Quşlara çörəyi çox vermək olmaz. Çünki onların qarnı açıla bilər. Buğda, qarğıdalı, balalı quşlara isə iri duz vermək lazımdır”.

15 ildi quş saxladığını deyən satıcı Ələkbər Seyidbəylidən də quşların qiymətini öyrəndik. Dedi ki. hind quşları (qırqovul, səbzi) 25 manatadır. “Onun yumurtası o qədər bərk olur ki, dişə vuranda diş sınır. Bildirçin 2-4 manata, “yaponski” amandin adlı quş 10 manata, korillanın 4 ayından 2 yaşına qədər olanları  25-30-35 manata, spartak quşu 100 manata, holland toyuğunun cütü 250 manatadır. Bu toyuqları artırmaq çətin olduğu üçün baha satılır. İran ördəyi 40 manatadır”.

Bazarda quş yuvalarının kiçikləri 10, böyükləri 20, qəfəs isə 4 manata idi. Satıcılar dedilər ki, əvvəllər bazarda turac, qartal, ilan, hətta canavar da satırmışlar. Ancaq qadağa qoyulduğundan, indi bazara həmin heyvanlar çıxarılmır. Buna baxmayaraq, satıcıların bəziləri qadağaya məhəl qoymadıqlarımı gözlətmədilər. Adı sğyləməkdən imtina edən yaşlı bir satıcı kişi dedi ki, o, əlaltdan çöl heyvanlarının çoxunun satışı ilə məşğuldu: “Kirpi, tısbağa 20 manatadır. Yaşılbaş ördək 8 manata, siçovul 10 manata, xamyak 6 manatadır”.

Bazarda tovuzquşu 300 dollara, bülbül 80-100 manata, Florida tısbağası 50 dollara, döyüşkən xoruz 30 manata, kirpi 10 manata, akvarium balıqları və tutuquşuları növündən asılı olaraq 5 manatdan 30 manatadək, «Nemes ovçarkası»nın küçükləri 150 dollara, özü isə 350-400 dollara satılırdı. Rəngbərəng siçan və siçovullar, adi tısbağa, müxtəlif cinsli pişik və göyərçinlərin də öz qiyməti var idi. 

 

 

 
 
 
 

Günay MUSAYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi