Modern.az

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı

Ədəbi̇yyat

19 Yanvar 2018, 01:04

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə silsilə yazılarını davam etdirir. Bu dəfə yenə də AXC parlamentinin iclaslarının birində yaşanan maraqlı hadisəni oxucuların diqqətinə çatdıracağıq. Hadisə deyərkən, təbii ki, qeyri-adi bir əhvalat deyil, paramentdə edilən cəsarətli və tarixə həkk olunan çıxışlardan danışacağıq. Belə çıxışlardan birini də Milli Şuranın banisi Məhəmməd Əmin Rəsulzadə 1919-cu il 8 yanvar tarixində, paramentin sayca yeddinci iclasında edir. Onun bu kədərli çıxışı qara fəhlənin qara taleyini olduğu kimi əks etdirir:

“Masai naziri (sosial müdafiə nazirliyi) yəqin bilir ki, Bakı əmələlərinin halı olduqca müşkül vəziyyətdədir ki, əvvəlcə “Sovet syezd” tərəfindən təsis olunmuş xəstəxanalar indi xarab bir haldadırlar, əmələlər dava-dərman tapa bilmirlər, əmələ mənzilləri hifzi-səhhə nöqteyi-nəzərindən fəna bir haldadır, zavod komissiyaları ilğa edilmiş, bu üzdən ərzaq paylamaq və s. bu kimi xüsuslarda fəhlələr bir çox təhsilatdan məhrum qalmışlardır. Yoxluğu üzündən əmələnin məvacibini azaltmışlar, verilən gündəlik maaş zəmanəmizdəki bahalığa nisbətlə məsarifin yarısını belə ödəmir. Bundan əlavə ümumi işsizlik üzündən əmələlər ac qalır, tədricən ölür, min cürə xəstəliklərə düçar olurlar. Əmələnin maddətən halı belə pərişan ikən mənəvi halı da qaranlıqdır. Gecə kursları, məktəblər, xalq yurdları yoxdur. Əmələ mühiti qaranlıq bir aləm təşkil edir. Bu zülmətdən istiqlalımıza, hürriyyətimizə düşmən olanlar istifadə edirlər. Əcəba, məsai nəzarəti əməlinin maddi və mənəvi ehtiyacını rəf eləmək, eyni zamanda da maaşını yoluna qoymaq və məsainin mənafeyinin qanunən mühafizə eyləmək üçün nə kimi planlar və tədbirlər düşünməkdədir”.

 

Rəsulzadənin bu çıxışı çox yaxşı qarşılanır. Parlamentdəki bolşevik partiyaların nümayəndələri də Rəsulzadə ilə razılaşır. Amma ən təsirli çıxışı ondan sonra Abbasqulu Kazımzadə edir:

“Qızğın və həssas bir nitq söyləyərək fəhlələrin cahan hadisatındakı mövqeyi, demokratiya nümayəndəsi olan müttəfiqlər nümayəndələrinin Azərbaycanı qəbul və parlamenti mühafizə etmələri xırda millətlər və yeni hökumətlərin bu gün ancaq demokratiya, fikir hakimliyi nəticəsi olaraq sülh konfransında yer almağa müvəffəq olduqlarını, bu cür cahan əmələ və zəhmətkeşlərinin "istəsələr yaparlar, istəsələr yıxarlar" dərəcəsində mətin bir vəziyyət aldıqlarını qeydlə Azərbaycan fəhlələrinə nəqlikəlam edərək deyir ki, fəhlə Azərbaycanda da az deyildir, mis mədənlərində, balıq vətəkələrində, Bakı neft mədənlərində, Şəki ipək zavodlarında, təmbəki fabriklərində və s. yerlərdə işləyən on minlərlə fəhlələrin halı Azərbaycan hökumətini düşündürməlidir. Körürsünüz ki, bunlar hökumətin sütunu, istiqlalımızın əsgər məqamında xadimləridir. Hökumət onların istirahət və ehtiyaclarını təmin edərsə, haman o fəhlələr istiqbalda hökumətə zahir olurlar.

 

Madam ki, böylə bir qüvvəyə möhtacız, şimdidən bu qüvvənin yaşayışını, həyatını tənzim üçün yaxşı əsaslar hazırlamağı düşünməlidir. Möhtərəm məbuslar buna diqqət edilirsə, bu məsələyə çox əhəmiyyət verər, bu qüvvəyə pasiban olarsınız. Kontrol qoymalıdır ki, onların hüququna təcavüz edilməsin, bu gün cahanda ədalət, ixvət, müsavat şüarı atan onlardır, onlar cəmi dünyaya "Yaşa, özgəyə də yaşamağa müsaidə ver!” deyirlər. Sorğumuzda bu gün biz onların fəna halını ancaq müxtəsərən yazmışıq. İnanırız ki, məsai naziri bu barədə təşəbbüslər etmiş, düşünmüşdür. Bu məsələyə əcələn baxılmalıdır. Biz deyiriz ki, fəhlənin ruhuna əza verən məktəblər, xalq yurdları qapalıdır, gecə kursları yoxdur. Yemək - içməkdən böyük əsirət çəkirlər, ucuz xörək məəttəssüf verilmir, yaşadıqları yerlər hifsi-səhiyyəyə müqayirdir, istinad etdiyimiz o qüvvə bu gün məhv olub gedir. Səfalət və aclıq bəlasına düçar olur; uşaqları məktəbsiz, xəstələri mərəzxanəsizdir. Hətta uşaqları məktəbə, xəstələri xəstəxanaya aparmaq üçün araba verilirdi. İndi bu da yoxdur. Xəstəxanaların çoxu işləmir. Fəhlə hücrələrdə ölür. Kömək edilmir. Aldığımız məlumata görə xırda mədənlərdə 51, 16, 24-cü uçastoklarda fəhlələri işdən çıxarır və bəzi mədənlər 8 saat əvəzinə 14 saat işlədirlər. Bunların həpsi bir yerə toplandıqda görürüz ki, fəhlə məhv olub gedir. Ona görə ciddi çalışmaq lazımdır. Məsai naziri bunlar haqqında qəti və ciddi tədbirlər görməlidir”.

 

E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar