Modern.az

Qətliama şahidlik etmiş “Şamaxinka” sakinləri: “Bir gecədə əliyalın əhalini qırıb getdilər”

Qətliama şahidlik etmiş “Şamaxinka” sakinləri: “Bir gecədə əliyalın əhalini qırıb getdilər”

Aktual

19 Yanvar 2018, 09:12

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəsaat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olunub. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olub.

Həmin vaxt tanklar Bakının “Şamaxinka” adlanan hissəsində də binaları atəşə tutmuşdular.

Modern.az saytının əməkdaşı 20 Yanvar hadisəsinin şahidi olmuş keçmiş Tbilisi prospektindəki  binaların sakinləri ilə həmsöhbət olub. Öncə əməkdaşımız binanın komendatı Rəhim Qonaqovla  danışıb. O bildirib ki, həmin gecə şəhərdə yox, Qubada olub: “Amma binanın ağsaqqalı olduğum üçün kimlərin hadisə şahidi olduğunu bilirəm”.

“Evlərə atəş açın!”

Rəhim Qonaqovla əvvəlcə 75 nömrəli binanın 2-ci mərtəbəsindəki 18-ci mənzildə yaşayan 69 yaşlı Nigar Quliyevanın evində qonaq olduq. Müsahibimiz həmin gecə haqqında yadında qalanları bizimlə bölüşdü:

“20 Yanvar hadisəsindən bir həftə əvvəl bütün camaat bu binanın arxasında yığışmışdı, gecə də həyətdə qalırdılar. Ayın 19-dan 20-nə keçən gecə, saat 12 tamamda binanın qabağındakı balaca yoldan üç tank keçdi. Əsgərlər bütün avtomatları binaya tərəf çevirmişdilər. Elə qorxulu insanlar idi ki... Biz hamımız eyvandan baxırdıq.
Sonra gördük ki, Biləcəri tərəfdən daha bir neçə tank “Şamaxinka”ya tərəf gəlir. Həm piyadalar  var idi, həm də tanklar.. Onlar binanın önündəki işıqforu, maşınları əzib şəhərə girdilər və atəş açmağa başladılar. Açığı, əvvəlcə onların  güllələri insanlara tuşlamasına inanmadım. Avtomatların da elə qorxunc səsi var idi ki...Tankın içində olanlardan biri qışqıraraq  rus dilində “Evlərə atəş açın!” dedi. Tankların lülələrini bizim binaya tərəf çevirdilər”.


“İşıqlar söndü, aləm qarışdı bir-birinə, hay-küy, qışqırıq...”

Nigar Quliyeva deyir ki, səhər açılanda görüblər ki, insanların ayaqqabıları, şərfi, pencəyi yerlərə dağılıb və bütün küçələr qana boyanıb:

“Binamızın altında sənaye malları mağazası var idi. Ora bəlkə də 14-15 güllə atıldı. Qonşumuzun pəncərəsinə atılan güllələr keçib evdəki divana dəydi.Qonşunun oğlu da yatırmış, yaxşı ki, ona dəymədi. O biri binada elə həmin gecə bir qadını evində vurdular. İşıqlar söndü, aləm qarışdı bir-birinə, hay-küy, qışqırıq, camaat  bloklara qaçmağa başladı.  Həmin gecə çox insan öldü.  Ara sakitləşəndən sonra saat 4-ə kimi meyitləri maşınlara yığıb apardılar. Amma onları nə etdilər, bilmədik. Mən səhərə kimi eyvanda oturub ağladım”.

Komendant: Bizim eşitdiyimizə görə, hücum edənlərin hamısı erməni milləti olub. Saç-saqallı, yekəpər adamlar idi.

Nigar Quliyeva: Bilirsən, onlar insana oxşamırdılar, elə bil vəhşi idilər. İbtidai icma quruluşunda yaşayanlar idilər, sanki. Əllərində avtomat, binalara tuşlamışdılar.

Komendant: Şəhəri hər yerdən əhatə etmişdilər.

Nigar Quliyeva: Yolun o biri tərəfində, evimizlə üzbəüzdə duran  təcili yardım həkimlərini vurub öldürdülər. Nə qədər insan ölmüşdü, ilahi. Bir aydan çox binamızın arxasında onların tankları dayandı. İçində əsgərlər var idi.

Komendant: Millətə əvvəlcədən məlumat verilmişdi ki, belə bir şey Sovet ordusu tərəfdən ola bilər. Buna baxmayaraq, xalqımız həmin vaxtlar çox cəsarətli idi.

Nigar Quliyeva: Xalq da əliyalın idi, nə etsinlər. Şəhərə girənlər, tankdakılar elə gecə vuruşub çıxdılar. Onların yerinə adi rus əsgərləri gəldi. Camaat “kömək eləyin” deyib qışqırsa da, kim idi bizə kömək edən? 16 mərtəbəli binanın başında böyük qlobus var idi, onu nə günə qoydular. İndi də yoxdu. Elə bu iki binada nə qədər adama güllə dəydi.


Komendant:
O biri binada rəhmətlik Xəlqan Əliyev şəhid oldu.  Sonradan onların evini 1997-1998-ci illərdə mən aldım. İndi ailəsindən heç kim burada (binada) qalmır.

Nigar Quliyeva:Yazıq əsgərlikdən təzə gəlmişdi. Həmin gecə yatırmış, heç nədən xəbəri yox idi. Sonra tankların gəldiyini eşidəndə 20 yanvara tərəfə gedib orda da şəhid olub.


Komendant:
  20 Yanvar hadisəsində binamızda güllə izləri var idi. Sonradan binanı rənglədilər. Bu binadan iki nəfər şəhid oldu.

Nigar Quliyeva:  Həyəti süpürən kişi var idi, o da qorxudan ürəyi partlayıb yolda öldü. Dəhşət gecə idi. Allah bir də göstərməsin, xalqımıza.

“Binanın tinində Fərizənin yoldaşı İlhamı vurdular”

7-ci mərtəbədəki 12-ci mənzilin sakini, 68 yaşlı Lətifə İsmayılova ilə də həmsöhbət olduq. Lətifə xanım deyirki, həmin gecə hamı qorxudan çölə çıxa bilmirdi: “Eyvanımıza bir neçə güllə dəydi. Tanklar Biləcəri tərəfdən gəldi. Ondan qabaq camaat həyətdə yığılıb tonqal qaladı. Hamı bilirdi ki, ordu gələcək. Açığı, balkondan aşağı baxmadım. Hətta işıqları da söndürmüşdük ki, görünməyək. Bu binadan 3-cü mərtəbədə yaşayan qonşumuz Tofiq pərdə düzəltmək üçün pəncərə tərəfdə durmuşdu, həmin vaxt güllə onun qarın nahiyəsinə dəydi. Əməliyyat olundu deyə ölmədi. 5 qızım, 1 oğlum var.Uşaqlarım onda körpə idi. Binamız tərəfdə yox, amma 20 yanvar tərəfdə daha çox adam öldü. Binanın tinində Fərizənin yoldaşı İlhamı vurdular”.

“Uşağıma bir şey olacaq deyə çox qorxurdum”

Müsahibimiz deyir ki, həmin hadisələr yadına düşəndə başı ağrayır və yenə eyni qorxu hissləri keçirir: “Baldızım iki nəvəsini götürüb bizə gəlmişdi. Dedi ki “ölürüksə, elə bir yerdə ölək”. Evin içində əsirdik. “Alov zavodu”nun qabağında maşınlar, “Şamaxinka”da avtobuslar var idi, tanklar hamısını əzib keçmişdi. 16 mərtəbəli binanın üstünə çıxmışdılar, ordan da güllə atırdılar. Oğlum Fərhadı da saxlaya bilmirdim. Baldızım oğlu ilə birlikdə aşağı düşmüşdülər”.


Komendant:
Onlardan nə desən gözləmək olardı. Bir gecədə əliyalın əhalini qırıb getdilər. Yaxşı ki, onlara mənzillərə girməklə bağlı əmr verilməmişdi.

Lətifə İsmayılova: Bilmirəm, rus milləti idilər, ya necə..

Komendant: Yenə deyirəm onlar adi əsgər olmayıblar. Onları könüllü yığıb təlim keçiblər, yəqin ki...

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...