Modern.az

O, Ermənistanın prezidenti olarsa... - YAP-dan REAKSİYA

O, Ermənistanın prezidenti olarsa... - YAP-dan REAKSİYA

19 Yanvar 2018, 15:20

Böyük ehtimalla Ermənistanın yeni prezidenti Armen Sarkisyanın olacağı söylənilir.

Hazırki dövlət başçısı Serj Sarkisyan bu gün prezident iqamətgahında onu qəbul edərək, ölkənin 4-cü prezidenti olmasını təklif edib.

 

Armen Sarkisyan iş adamı və Ermənistanın Böyük Britaniyadakı səfiri kimi ictimaiyyətə tanınır.

 

Qeyd edək ki, Armen Sarkisyan bu il martın 2-10 aralığında keçiriləcək prezident seçkilərində hakim Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olacaq.

Armen Sarkisyanın prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhfələri verə bilər?

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, yerdəyişmə böyük dəyişikliyə səbəb olmayacaq.

“Onun vəzifəyə gətirilməsi nə Ermənistan siyasətində, nə də Dağlıq Qarabağ probleminin həllində nəyisə dəyişəcək. Sadəcə Ermənistan konstitusiyasına görə prezident respublikası parlamentli respublikaya keçir. Martın 2-də seçiləcək prezident sadəcə nominal dövlət başçısı olacaq. Onun hər hansı siyasi gücü, hansısa problemin həlli ilə bağlı rıçaqı yoxdur. Bu, əslində indiki prezident Serj Sarkisyan tərəfindən edilmiş manevrdir. Real hakimiyyəti özündə saxlamağa çalışır. Prezident postunu təhvil verərək hökumət başçısı keçməklə uzun müddət Ermənistanı özünün irtica siyasəti ilə idarə etmək arzusundadır. Nəzərə alsaq ki, formal olaraq parlamentdə “Respublika” Partiyası çoxluq təşkil edir, deməli,  Armen Sarkisyanın prezident, Serj Sarkisyanın baş nazir seçilməsi hər hansı problem yaratmayacaq”.

 

A. Mirzəzadənin sözlərinə görə, Armen Sarkisyanın hakim partiya tərəfindən namizədliyinin irəli sürülməsi  bir daha onu göstərir ki, Ermənistanda ancaq oliqarxlar vəzifəyə təyin oluna bilər və Ermənistanı oliqarx idarə edir.

 

“Yerdəyişmə və siyasi sistemin dəyişməsinin Ermənistana nə verəcəyi artıq başqa məsələdir. Ermənistanın düşdüyü ağır vəziyyəti daha da çətinləşəcək.

 

Belə ki, Azərbaycan torpaqlarını işğalda saxlaması onu çox çətin problemlərlə üzbəüz qoyub. Regional layihələrdən kənardadır. Ölkə iqtisadiyyatı böhran içindədir. Əhali durmadan Ermənistanı tərk edir. Faktiki olaraq Sarkisyan və sarkisyanların planları qonşu dövlətlərə, regiona deyil, Ermənistanın özünə çox ciddi ziyan vurur. Yerdəyişmədən asılı olmayaraq Azərbaycan Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyində qətiyyətlidir. Problem həll edilmədikcə, Ermənistanın vəziyyəti ağırlaşacaq. Azərbaycan isə problemi gec-tez həll edəcək”

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir