Modern.az

O günləri xatırladan və yaşadan YAZI

O günləri xatırladan və yaşadan YAZI

20 Yanvar 2018, 11:28

Abid Tahirlinin  28 il əvvəl- Sovet imperiyasının süqutu ərəfəsində   “Odlar yurdu” qəzetində ( №3 (458),1990-cı il) dərc etdirdiyi yazını təkrar çap edirik. Məqalənin böyük qismi  “Azərbaycan” nəşriyyatının 5-ci mərtəbəsində yerləşən hərbi senzura tərəfindən ixtisar olunmuşdur (abzaslarda verilmiş qayçı şəkli buna işarədir).

 

Yanvarın 22-dən- Azərbaycanın  azadlığı, varlığı uğrunda şəhid olanların dəfn edildiyi gündən Dağüstü parka uzanan insan axını kəsilmir. Adamlar hər gün səhər tezdən axşamadək şəhidlərin məzarı önündən keçir, onlara rəhmət oxuyur, müqəddəs ruhlarına and içirlər ki, azadlıq qurbanlarının işini yarımçıq qoymayacaqlar. Bu gün- fevralın 22-də istisna deyil. Şəhidləri ziyarətə gələnlərin sayı-hesabı yoxdur. Ötən bir ay ərzində Dağüstü parka təxminən 2 milyon adam gəlmiş, məzara aparan yollara, ətrafdakı ağacların və qəbirlərin üstünə milyonlarla qərənfil düzmüşlər. Adamların görkəmindən hüzn, kədər, qəm yağır, asta addımlarla qəbirlərə tərəf irəliləyirlər. Haradansa, 5-10 nəfər əli avtomatlı  sovet əsgəri cərgənin yanında peyda olur. Əsgərlər donuq nəzərlərlə adamlara və qərənfillərə baxıb Nərimanov prospektinə tərəf çıxırlar. Bu zaman anasının əlindən çırpınıb çıxan bir qızcığaz əsgərlərə tərəf cumur, onların birinə çatıb totuq əlləri ilə əsgərin dizlərinə döyür, var cücü ilə qışqırır:- Rədd olun, rədd olun, qatillər, qaniçənlər, faşistlər. - Arzu, Arzu –deyə- deyə körpəsinin arxasınca yürürən anası uşağın əlindən tutub yenidən cərgəyə qoşulur. Bu mənzərəyə tamaşa edənlərdən kimisi sanki donub yerində qalır, kimisi dişlərini bir-birinə qıcaraq bütün qəzəbini ürəyinə salır, kimisi də göz yaşına güc verirdi. Yanımda dayanan ixtiyar qoca isə “sənə qurban olum, a bala” deyərək ürəyini tutub səkidə əyləşir. İnsan axını isə davam edir. Budur, birinci iki qoşa qəbir: Allahverdiyev İlham və Allahverdiyeva Fərizə. Onların bir neçə ay əvvəl toy mərasimində çəkdirdikləri rəngli fotoşəkil qəbrin üstünə qoyulmuşdur. Ərinin qətlə yetirilməsindən sonra Fərizə də məhəbbətinə və ərinin ideallarına sədaqət rəmzi kimi özünü zəhərləmiş, həlak olmuşdur. Bu bir cümlə kifayətdir ki, özünü bəşər övladı sanan hər kəs İlham və Fərizənin müqəddəs ruhu qarşısında baş əysin. Bu qoşa məzara baxanda istər-istəməz  fevralın 14-də işə başlayan SSRİ Ali Sovetininnövbəti iclasını açılışı yada düşür. Deputatlarımızın təkidli tələblərindən sonra şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad  etmək üçün ayağa qalxanlar arasında nəqədər miskin, simasız, eyni zamanda əzazil və qaniçənlər də vardı. Bu, cinayətin etirafı idi.

 

Qəbirlərin birinin üstündəki lövhədə “İlkin Cavanşir. 9 uşaq atasıdır” sözləri yazılmışdır. Bəlkə, 9 rəqəmi Yerevanda və Moskvada, Parisdə Və Vaşinütonda , Vatikanda və Londindakıbədxahlarımızın kürkünə birə salmışdır? Bəlkə, bu 9-a görə yerevanlı müəllifin “Ocağ”ından təlaşa düşüb Bakıda xalqın köksündə ocaq çatmışlar!

Bir qəbirin üstündəki lövhədə oxuyuruq: “Səfərov Bafadar. 1922-ci il təvəllüdlü. Böyük Vətən Müharibəsi və Əmək veteranı”.  Bakımızın nefti hesabına, on minlərlə azərbaycanlının da qanı, canı bahasına qazanılan qələbə, qırmızı, zərbəçi  beşilliklər... Bu da son: əliyalın, yaşlı bir adam da qanına qəltanedilmişdir. Bütün şüurlu həyatını kommunizm ideallarına həsr etmişbu adam nə biləydi ki, erməni mafiyasının amansız buynuzları bu idealları hər an tarmar etməyə qadirdir.

 

On dörd yaşlı İlqar İbrahimovun qəbrinin üstündə minlərlə qırmızı qərənfillə yanaşı, onun futbol topu və körpə ikən oynadığı oyuncaq maşınlar da qoyulmuşdur. İlqarın qəbri üstündəki fotosuna baxanda qəzetlərdə qadın və uşaq meyit şəkillərinin verilməsinə qəti etiraz edən hərbi senzuradan  bir məsul şəxslə mübahisəmi xatırladım:

 

-Yoldaş..., axı, bu faktdır, uşaq qətlə yetirilmişdir. Nə üçün onun şəklini qəzetdə vermək olmaz!?. Nə üçün bu, xalqdan gizlədilməlidir! Nə üçün Moskva mətbuatı yalandan yazır ki, ölənlər arasında uşaqlar və qadınlar yoxdur.

- Hamı bu sualı verir.Lakin heç kim soruşmur ki, gecə saat 12-də 10-15 yaşlı uşaqlar, qadınlar küçələrdə nə edirmişlər?

-Bu sualı heç bir azərbaycanlı verməyəcək də!Əvvəla, iki ildir uşaqlı-böyüklü, qadınlı, kişili hamımız ayaqüstəyik: Vətənimiz təhlükədədir! İkincisi, bu cənub şəhərində gecə saat 12-də, 1-də də, kiminsə şəhərdə olması heç kimi təəccübləndirmir. Üçüncüsü isə odur ki, evində, iş başında öldürülənlərə nə deyirsiniz?

 

(İndi məlum səbəblərə görə hər şeyi yaza bilmirik. Bəs adi vaxtlarda? Mətbuatda Dövlət sirlərini mühafizə etməli olan komitənin əməkdaşları nə üçün Stepanakert, Yerevan və Moskvadan xalqımızın ünvanına yağdırılan böhtanları heç olmasa, təkzib etməyə, xalqa həqiqəti söyləməyə imkan vermir? Ən dəhşətlisi budur ki, dediklərimizlə, daha doğrusu, faktlarla razılaşır, “əladır”-deyirlər, sonra da “Mərkəzi Komitədən icazə alın”- söyləyərək, bizi gedər- gəlməzə göndərirlər).

 


Xəlqan Əliyev 1969-cu ildə anadan olmuşdur. Hərbi xidmətdən qayıtdığı ikicə aydır. Onu təkbaşına, atasız ərsəyə yetirən anası ilə heç doyunca söhbət etməmişdir. Düşmən gülləsi onu da həyatdan vaxtsız aparmışdır.Xəlqanın qısa və bulaq suyundan təmiz tərcümeyi-halına nəzər salanda Azərbaycan gənclərinə “eksterimist”, “nəşəxor”, “sərxoş” ifadələrini səxavətlə işlədən Moskva mətbuatına, xüsusi ilə “Pravda”, “İzvestiya”, “Moskovskinovosti” qəzetlərinə, “Zaman” xəbərlər proqramına, onların əməkdaşlarına intəhasız nifrəti cilovlaya bilmirsən!

 

13 yaşlı Larisa Məmmədovanın qəbrinin üstündəki məktəbli forması, çantası, rəngli karandaşları da qərənfillərə bürünmüşdür. Bu qızcığazın qanından Rəsul Həmzətov kimi quyruqbulayanların, Saxarov kimi “yazıq və zavallı” erməni xalqının himayədarlarının, Starovaytova kimi ələbaxanların,  Konarev kimi katalizatorların, Volski, Sidorov kimi erməni nökərlərinin də olmayan vicdanlarına pay düşür. Hələ kadr arxasından çox burunlar görünür: Şahnazarov, Aqanbekyan, Balayan, Kaputikyan, Manuçarov, İgidyan, Arutunyan, Poqosyan,  Dadamyan, Ambarsumyan...Bax, bütün bunlar təkcə 200 min nəfərdən çox soydaşımızın didərgin salınmasında, ölkəyə vurulan yüz milyonllarla ziyanda yox, həm də Bakıda törədilən qanlı hadisələrdə ittiham olunmalıdırlar.

 

Bir yazıda Şəhidlər qəbirstalığındauyuyanların hamısı haqqında ayrı-ayrılıqda söhbət açmaq mümkün deyil. Onların hər biri barəsində bir əsər yazılmalı,film çəkilməli,tariximizin qanlı, həm də şanlı səhifəsi kimi nəsillərə ötürülməlidir.Şəhidlər qəbirstalığındauyuyan uşaqlar, tələbələr, müəllimlər, qadınlar, alimlər, milis işçiləri, həkimlər, fəhlələr, müharibə və əmək veteranları, “əfqanlar”, bir sözlə, xalqın hər zümrəsindən olan şəhidlər bu xalqın tarixində, taleyində əbədi yaşamalıdır. Şəhidlər xiyabanında qara parçalar və əklillər  üzərindəki  cümlələr bura gələnlərin ürək sözləridir: “Azadlıq uğrunda həlak olanları xalq heç vaxt unutmayacaqdır”, “Rahat yatın əzizlərimiz, biz sizin yarımçıq ömrünüzü qeyrətlə yaşayacağıq”, “Qeyrətiniz və ruhunuz qarşısında baş əyirik”, “Vətən şəhidlərinin ömrü əbədiyyətə qovuşur”, “Biz sizə əlvida demirik,çünki, Vətən şəhidləri xalqın ruhunda əbədi yaşayır”, “Şəhid qəbirstanlığı əbədi ziyarətgahımızdır”.Xiyabanın bir hissəsində xeyli təklif, tələb kitabları qoyulub.Bu kitablarda yazılanları bir neçə cümlə ilə ümumiləşdirmək olar: Ordu şəhərdən çıxarılsın! Qanlı Yanvarı törətmiş cinayətkarlar məsuliyyətə cəlb olunsun! Həbs edilənlərə azadlıq verilsin!

 

Kitablardan birinə yaxınlaşan, yaşı yetmişi haqlamış iki qadından haradan gəldiklərini və kitaba nə yazacaqlarını soruşuram. – Biz Mariya və Klavdiya bacıları Sumqayıtdan gəlmişik-deyə müsabiblərimdən biri söhbətə başlayır. –Ömrümüzün bu qürub çağında şəhidlərin müqəddəs ruhuna baş əyməyə, qatilləri lənətləməyə gəlmişik. Kitaba da, elə bu cür yazacağıq.

Xiyabana Ukraynadan, Belarusiyadan, Özbəkistandan, Qırğızstandan, Qazaxstandan, Gürcüstandan,  Tümendən.. gələnlər var. Xarici ölkələrdən də ziyarət etməyə, yaxud informasiya toplamağa gələnlər də az deyil. Onlardan biri ilə İrlandiya Televiziya və Radio  Komitəsinin reportyoru ÇarliBordla tanış oluram. Həmkarım gözüyaşlı, həyəcanlı olsa da, söhbətə razılıq verir. ÇarliBord deyir:- Böyük, qəhrəman, qədirbilən xalqınız var.Əfsuslar olsun ki, o, bu gün  matəm içərisindədir. Nə qədər acınacaqlı olsa da, belə bir xalqın tarixi, mədəniyyəti haqqında ölkəmizdə məlumat çox azdır.Səfərdən sonra  televiziya tamaşaçılarına həqiqəti deyəcəyəm.

 

Şəhidləri ziyarət edənlər dərhal dağılmırlar.Köhnə tanışlar, dostlar kimi xalqımızı düşündürən problemlər barədə fikir mübadiləsi edir, bir-birlərinə təskinlik verirlər.20-30 nəfərin toplaşdığı dəstəyə yaxınlaşıram. Bir qadın həyəcanla danışırdı:- Bakıda balalarımız qırılandan nə gecəm, nə gündüzüm var.Bir qurtum su içənə kimi o dünyanı görüb gəlirəm. Bakıya çatıb birbaşa şəhidlərin ziyarətinə gəlmişəm. Allah onlara rəhmət eləsin. On uşağım var. Hamısına demişəm: Vətənə layiq olmasalar, südüm onlara haram olsun.

Bu ağbirçək qadın sonra ətrafındakıları Qarabağ xəbərləri ilə tanış edir. Dəstədən ayrılanda kimliyini soruşuram.- Ağdamın Qasımlı kəndindənəm. Məlahət İmanovayam. Sağıcıyam-dedi.

 

Xiyabandan uzaqlaşanda arxaya boylandım. Şəhidlərin qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən gecə Mərkəzi Komitənin binası qarşısında on minlərlə adamın yeri-göyü titrədən “Azərbaycan”, “Azadlıq”-haykırtısını, şəhidlərindəfn günü isə onları son mənzilə yola salanların bir ağızdan “And içirik ki, qanınız yerdə qalmayacaq” andını xatırladım...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır