Modern.az

Stressdən qurtulmağın ən yaxşı yolu - BOULİNQ

Stressdən qurtulmağın ən yaxşı yolu - BOULİNQ

Aktual

22 Yanvar 2018, 12:39

Dostlarla həftəsonu istirahət gününü fərqli fomatda keçirməyə qərar verdik və yolumuzu yaxınlıqdakı boulinq-mərkəzdən saldıq. Burada parlaq parket döşəməli böyük zal oyunçuları həvəsləndirəcək dərəcədə geniş və işıqlıdır. Boulinq qolf, böyük tennis, bilyard kimi elit oyun-əyləncə-idman növü hesab edilir.

Bu oyun olduqca sadə qaydalara söykənir və stress atıcı xüsusiyyətə malikdir. Əsas üstünlüyü də odur ki, oyunu yaşından asılı olmayaraq, uşaq da, yeniyetmə də, yaşlı da oynaya bilər. Bir ya iki sınaq atışı bəsdir və sən artıq oyun barədə mexaniki təsəvvürə maliksən.

Mən nisbətən ağır şarı seçərək barmaqlarımı girdə oyuğa saldım və ağırlığını yoxlayaraq götürdüm. Sonra qollarımı dala-qabağa yelləyib həssas tarazlıq məqamını tutdum və şarı xəfif təkanla çıgıra tərəf itələdim. Şar uzun dəhliz boyu sanki yerişini düzgün tutmağa çalışan moda manekeni sayaq diyirlənir, həzin yüngüllüklə məsafəni aşırdı.

Əsas şərt şarın diyirlənərkən qət edəcəyi hədd boyu çığırdan kənara çıxmamasıdır. İlk dəfə oynamağıma baxmayaraq, boling mənə yetərincə əyləncəli və rahat görünürdü. 

Keçidin başında farağat vəziyyətində dayanan keqlilər əslindəbiz insanlarabənzəyirlər. Biz də, bu dik dayanmış cansız fiqurlar kimi,aldığımız sərt və amansız həyat zərbələrindən, ölüm-itim əzabından əyilir, büdrəyir, yıxılır, sonrasa gözəgörünməz bir qüvvəylə yenidən qalxır, növbəti, daha betər zərbələrə hazırlaşırıq.

Boulinq şarı əvvəl ehmalca hərəkət etdi, sonrasa qəfləti sürət yığaraq farağat dayanmış keqllərə yaxınlaşdı. Dərin sakitlik və “bu-buuum !” . Şahmat fiquruna bənzəyən ağ, kəhrəba keqlilər zərbəyə tab gətirmədən pərən-pərən düşdülər. Hamının əli yuxarı qalxdı, sevinc və qələbə duyğusu oyunçuları cuşa gətirdi...

Hər kəsin fərqli oyun tərzi, texnikası var. Oyundaş-rəqiblərimdən biri şarları tələsmədən bir-bir yoxlamağa, sığallayıb-oxşamağa qərarlıdır. Onun üçün şarların ağırlığı daha önəmlidir.

O biri rəqibimsə, bütün ağırlığını şarın üzərinə salaraq onu az qala basketbol topu kimi zərblə tullayır, başqası şarın daha sürətlə atılmasını təqdir edir. Mənim texnikam bir qədər fərqlidir. Ən ağır şarı seçərək, onu mümkün qədər ehtiyatla, astaca itələyib cığır boyu talleyin gərdişinə buraxıram.

Əlbəttə, boulinqdə bacarıq, istedad və ustalığın nə qədər, hansı dərəcədə tələb olunduğunu tam bilməsəm də, ilk oyundaca etdiyim“strayk”lar (strike-birdəfəyə bütün şarları aşırmaq) kefimi əməllicə kökəltdi. Bu oyunda məndən dəfələrlə təcrübəli sayılan, artıq müəyyən ustalaşma həddinə çatan dostlarıma əməllicə müqavimət göstərə bilirdim.Birinci oyun zamanı qızıl orta 3-cü , ikinci oyunda  4-cü, sonuncu oyundasa 2-ci yeri tutdum.

Bir az da qaydalar barədə bir-iki qeyd edim:

Bir partiya 10 freymdən (atış imkanı) ibarətdir. Hər freym zamanı oyunçunun iki şar atışı imkanı var. Əgər birinci atış zamanı übütn on keqliləri aşırırsa, bu strayk (strike) adlanır və “X”-la işarələnir. Əgər oyunçu bütün şarları iki cəhddə aşırırsa, onda bu atış sper (spare) adlanır və  “!”  ilə işarələnir.

Keqlillərin aşırılması zamanı hesablama üçün (hər aşan çar 1 vahid olmaqla)  sadə riyazi üsul tələb olunursa, ilk yaxud sonrakı cəhddə bütün keqlilərin yıxılması  zamanı hesablama üsulu dəyişir və bu da oyunun nəticəsini gözlənilməz və maraqlı edir.

Bundan əlavə, boulinq əzələ və vətərlər üçün əla məşq üsuludur. Kənardan baxana asan görünsə də, oyun ərzində əl, ayaq və qurşaqda fiziki hərəkətin xoş giziltisini duya bilərsiniz. Boulinq- mərkəzlərivaxtaşırı ziyarət edirsinizsə o zaman koordinasiya, konsentrasiya və dəqiqliyinizin artması şübhəsizdir.

Bu oyunun digər idman yarışlarından əsas fərqlərindən biri də yemək və ya çay fasiləsini istisna etməməsidir. Komanda halında oynayarkən, eləcə də  öz növbənizi gözləyərkən rahat kreslo və divana yayxanıb çay, limonad, kokteylinizi içə, nəsə yeyə də bilərsiniz.

Vüsal Bağırlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...