Modern.az

“Zeytun budağı” - Ankara niyə Suriyada yeni cəbhə açdı?

“Zeytun budağı” - Ankara niyə Suriyada yeni cəbhə açdı?

Dünya

22 Yanvar 2018, 13:23

Türkiyə Ordusu və türkyönlü qüvvələr Suriyanın şimalında yerləşən Afrin bölgəsində kürd silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlara başlayıb.

“Zeytun budağı” adlanan əməliyyat çərçivəsində artilleriya və aviasiyadan uğurla istifadə edən Türkiyə qoşunları artıq Afrinin 5 kilometrliyinə qədər irəliləyib. Türk əsgəri əməliyyat ilk günlərdə silahlı qruplaşmaların ciddi müqaviməti ilə üzləşməyib.

 

Bu əməliyyatın başlanmasını elan edən zaman baş nazir Binəli Yıldırım Afrindəki situasiyanı tədricən nəzarətə alacaqlarını söyləmişdi. O 4 mərhələdə gerçəkləşəcək əməliyyat zaman 30 kilometrlik təhlükəsizlik zonasının yaradılacağını və bura regionun mərkəzi şəhərləri Afrinlə Mənbicin də daxil ediləcəyini vurğulamışdı.

Türkiyə dövlət olaraq Suriya ilə sərhədi boyu kürd qurşağının yaradılmasına mane olmaq və PKK ilə sıx əlaqədə olan Kürd Özünümüdafiə Dəstələrini (YPG) neytrallaşdırmaq üçün bu addımı atmışdı.

 

Hazırda Demokratik Suriya Qüvvələrinin də türk ordusuna dəstək verdiyi əməliyyatda türklər F-16 qırıcı təyyarələrindən, 155 özüyeriyən artilleriya qurğularından, ABŞ istehsalı M60 tanklarından istifadə edir.

 

YPG-nin silahları və potensialı barədə rəsmi açıqlama olmasa da, ABŞ-ın kürdlərə 30 minlik qoşun yaratmaq çərçivəsində çoxsaylı idarəolunan raket kompleksləri verdiyi məlumdur.

 

Aydın məsələdir ki, Ankara “Zeytun budağı”nı gerçəkləşdirmək üçün böyük dövlətlərdən, o cümlədən Rusiyadan razılıq almalı idi. Bu razılığın olduğunu əməliyyatdan bir neçə gün öncə, rus hərbçilərinin Afrini tərk etməsi və Suriya üzrə xüsusi nümayəndə Aleksandr Lavrentyevin verdiyi açıqlama dolayısı ilə təsdiqləyir.

“ABŞ kürdlərə dəstək verməklə Türkiyəni bu əməliyyatı keçirməyə vadar edib”-deyə jurnalistlərə açıqlama verən rusiyalı diplomat rəsmi Dəməşqin də bundan xəbərdar olduğunu xatırladıb. Təsadüfi deyil ki, rusların bölgəyə yaxın yerləşdirdikləri müasir S-300 və S-400 zenit-raket kompleksləri də türk aviasiyası üçün heç bir təhlükə törətmədi.

 

Bu məqamda, Moskvanın müttəfiqi Dəməşqlə birlikdə öz maraqlarını qoruduğunu və Türkiyənin “Zeytun budağı” əməliyyatının onlara Suriyanın gələcəyi ilə bağlı yeni alış-veriş etməyə imkan verməsi təəssüratı yaradır. Atəşkəs rejiminin saxlanılmalı olduğu İdlib vilayətində bir neçə gün öncə geniş hücumlara başlayan Əsəd qüvvələri 150 kəndi və strateji əhəmiyyətə malik hərbi aviabazanı ələ keçirib. Dəməşqin türklərin və kürdlərin bir-biriylə döyüşərək gücdən düşməsini və silahlı müxalifətin başının Afrinə qarışmasından yararlanaraq, İdlibdəki hücumlarını genişləndirəcəyini də gözləmək olar. Paralel olaraq, onlar silahlı kürd dəstələrinin Afrinə dəstək üçün öz ərazilərindən keçməsinə və türk ordusuna müqavimətin daha da şiddətli olmasına dəstək verirlər.

 

Fransanın bu əməliyyatdan narahat olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırması və Rusiya XİN-in əməliyyatla bağlı öz narahatlığını dilə gətirməsi diplomatik kluarlarda daha mürəkkəb oyunun getdiyini göstərir. Moskvanın heç zaman Türkiyənin Suriya məsələsində böyük pay sahibi olmasını istəmədiyini və birmənalı olaraq kürdlərə gizli dəstək verdiyini iddia etmək olar.
Əsəd rejimini dəstəkləyən Moskvanın son addımı isə kürdlər tərəfindən xəyanət kimi dəyərləndirilib və bu, Moskvanın İranla da münasibətlərinin pisləşməsinə yol aça bilər. Təsadüfi deyil ki, İran Türkiyənin “Zeytun budağı” əməliyyatını ən kəskin şəkildə pisləyən ölkələr sırasındadır.

Bu fonda, ABŞ administrasiyasının hadisələrlə bağlı konkret münasibət sərgiləməməsi məsələyə əlavə qarışıqlıq qatır.

“Zeytun budağı” əməliyyatının yaxın 1 ay ərzində yekunlaşması gözlənilir. Əməliyyat regionda Türkiyənin təhlükəsizlyini möhkəmləndirmək, ərazisindəki suriyalı qaçqınların öz torpaqlarına dönməsi və Suriya işlərində rəsmi Ankaranın rolunun artması baxımından çox önəmlidir. Belə ki, Ankara ilk dəfə Vaşinqtonla deyil, Moskvanın razılığı ilə hərbi əməliyyat gerçəkləşdirmiş olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...