Modern.az

Ayda bir dəfə “nasazlayan” liftlər - Cavabdeh qurum ittihamları RƏDD EDİR

Ayda bir dəfə “nasazlayan” liftlər - Cavabdeh qurum ittihamları RƏDD EDİR

Aktual

22 Yanvar 2018, 13:23

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş gündəlik məlumatlarda Bakı şəhərindəki hansısa binada liftin xarab olduğu,  xilasetmə qüvvələrinin köməksiz vəziyyətdə qalmış şəxslərin imdadına çatdığı bildirilir.

Hər gün yayılan bu xəbərlər Bakıdakı liftlərin texniki cəhətdən nasaz olduğunun göstəricisidir. Çoxmərtəbəli binalarda liftlərin tez-tez xarab olması “ənənə”yə çevrilib. Cavabdeh qurum isə “liftpulu” yığmaqla işini görmüş sayılır. Di gəl ki, lift xarab olanda təmir üçün lazım olan vəsait yenə də vətəndaşlardan yığılır. O zaman hər ay ödənilən “liftpulu” kimin cibinə axır?

Dəfələrlə liftin qırılması, şaxtaya düşməsi nəticəsində insanların yerində can verməsinin şahidi olmuşuq. Məsələ burasındadır ki, texniki göstəricilərə görə, hətta liftin zəncirləri qırılsa belə, kabinə asılıb qalmalıdır. Amma qalmır, zənciri qırılan liftin kabinəsi içərisindəki adamla birlikdə qaranlıq quyuya qərq olur...

Digər tərəfdən, liftdə qalan köməksiz insana yardım etmək üçün zəng edəndə tapılmayan liftçilər pul yığmaq vaxtı çatanda peyda olurlar. Yaxud ayda bir dəfə vaxtı çatanda liftlərə nə əmma edirlərsə, işlək vəziyyətdə olan liftin “motoru yanır”, yaxud “qapıları xarab olur” və s. Nəticədə nəfəsi kəsilə-kəsilə çoxmərtəbəli binaya çıxmaq məcburiyyətində qalan sakinlər, qapı-qapı düşüb tələb edilən vəsaiti yığırlar. Pul hazır olan kimi lift yarım saat çəkmir ki, düzəlir

 

Fövqəladə Hallar Nazirliyinin liftdən istifadə zamanı əməl olunmalı qaydalarında göstərilib ki, içərisində işıqları yanmayan liftə daxil olmaq qadağandır. Amma təzada bax ki, Bakıdakı liftlərin əksəriyyətində işıq da yanmır.

Qaydalara görə:

- xilasetmə işləri zamanı binanın damına çıxış qapısının açarı təcili olaraq lift mütəxəssisinə və ya xilasedicilərə təqdim olunmalıdır;

- kömək məqsədilə kənar şəxslərin liftin qapılarına və digər hissələrinə müdaxiləsi yolverilməzdir;

- lift mexanizmləri yalnız lift mütəxəssisləri tərəfindən təmir oluna bilər;

- lift nasazlıq səbəbindən nadir hallarda sürətlə aşağıya doğru hərəkət edərsə, bu halda liftdə olan şəxs üzü üstə döşəməyə uzanaraq və ya çömələrək əllərini liftin sağ və sol divarlarına sıxmalıdır.

Amma bina sakinlərini bu qaydalar barədə məluamtlandıran hansısa braşür belə paylanmayıb.

 

O da məlumdur ki, Bakıdakı liftlərə Bakı İcra Hakimiyyətinin nəzdində “Lifttəmir” İB ilə yanaşı, Mənzil İstismar idarələri və Fövqəladə Hallar Nazirliyinin xüsusi agentliyi nəzarət edir. “Lifttəmir” İstehsalat Birliyinin balansında 5300 lift var. Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 7 milyon manat vəsait ayrıldı. Həmin vaxt paytaxtdakı bir çox binalarda istismar müddəti başa çatmış liftlər dəyişdirilsə də, sonradan proses səbəbi bilinmədən dayandırıldı. Bəs səbəb nə oldu? Hansı səbəbdən vətəndaşlar hələ də istismar müddətini başa vurmuş liftlərdən istifadə edir? Yaxud hansı səbəbdən texniki nasazlığı olan liftləri öz hesabına təmir etdirirlər?

Modern.az-ın bu qəbildən olan suallarını “Liftəmir” İstehsalat Birliyinin baş direktorunun müavini Şahin Hüseynov cavablandırıb.

Ş.Hüseynov deyib ki, hazırda təmsil etdiyi qurum yalnız xidmət sahəsində fəaliyyət göstərir:

“Liftlərdə olan sayğac dolabı oğurlandıqda, onun yenilənməsi lift sahibi tərəfindən həyata keçirilir. Bu kimi məsələlərin bizə aidiyyatı yoxdur. Biz xidmət göstəririk. Binalardakı liftlərin motor hissəsinin yanması, oğurlanması halları istisna olmaqla, “Lifttəmir” İstehsalat Birliyinin idarələri bütün təmirləri öz hesablarına edir. Lift sahibi dedikdə, Mənzil Kommunal Təsərrüfat Birlikləri nəzərdə tutulur, vətəndaşlar yox. Əslində həmin hallarda vəsaiti Mənzil Kommunal Təsərrüfat Birlikləri ödəməlidir, amma əhali ödəyir. Onu da nəzərə almaq lazımdır ki, lift motorları hər dəqiqə sıradan çıxmır. Sıradan çıxsa belə, bunu vətəndaşlar özləri ödəməlidir”.

 

Direktor müavini istismar müddətini tamamlamış liftlərin hələ də istismarda olmasına da aydınlıq gətirib:

“Təxminən 2013-cü ildə Bakıdakı bəzi binalarda sovet dövründə quraşdırılmış liftlərin dəyişdirilməsinə start verilmişdi. Çünki maliyyə ayrılmışdı. Növbəti illərdə maliyyə ayrılmadığından işlər dayandı. 2013-cü ildə bəzi binalarda liftlər dəyişdirilərək yenisilə əvəzləndi. Həmin vaxt istismar müddəti başa çatmış, təhlükəli sayılan təxminən 1200 lifti dəyişdirdik”.

Ş.Hüseynov ötən il medianın gündəminə qızının 400 minlik toyu ilə düşən Qüdrət Şükürovla bağlı geniş danışmaq istəməsə də, direktorun işinin başında olduğunu təsdiqləyib:

“Biz Qüdrət müəllimlə eyni binada oturmuruq. Amma bildiyim qədəriylə işinin başındadır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı