Modern.az

Ucqar kəndin gənc müəllimi - Magistraturanı bitirib fransız dilini öyrədən müəllim - FOTOLAR

Ucqar kəndin gənc müəllimi - Magistraturanı bitirib fransız dilini öyrədən müəllim - FOTOLAR

22 Yanvar 2018, 16:26

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Modern.az
 saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.


Bu dəfəki müsahibimiz Ağsu rayonu Kalva kənd tam orta məktəbininin fransız dili müəlliməsi Nilufər Müslümovadır.
 

- Nilufər xanım, ucqar kənddə fransız dilini tədris etməyinizi eşitməkdən şad olduq. Layihəmizdə demək olar ki, fransız dili müəllimi iştirak etməmişdi…


- 2009-2013-cü illərdə Azərbaycan Dillər Universitetində  Filologiya və jurnalistika fakültəsinin “fransız dili müəllimliyi” ixtisası üzrə bakalavr təhsili almışam. 2014-2016-cı illərdə isə həmin universitetdə “xarici dillərin tədrisi metodikası” ixtisası üzrə magistratura pilləsini oxumuşam. 2017-ci ildə müəllimlərin işə qəbul imtahanlarında iştirak edib, 54 bal topladım. Ağsu rayonu Sübhan Şükürov adına Kalva kənd tam orta məktəbində işləyirəm. Mən də bir zamanlar bu məktəbdə oxumuşam və seçim edərkən də yalnız bu məktəbi qeyd etdim. Əgər məndən yüksək bal toplamış kimsə həmin vakansiyanı seçmiş olsaydı,  qıraqda qalacaqdım. Ona görə buranı seçdim ki, bu məktəbə mənəvi borcum olduğunu düşünürəm. Bilirsiniz, bir vaxt şagird kimi girdiyin qapıdan bu gün müəllim kimi daxil olmağın  verdiyi sevinci sözlə ifadə etmək çətindir.


- Bir tələbə kimi təcrübəniz çox olub. Amma müəllimə kimi isə cəmi dörd aydır ki,  çalışırsınız. İlk günlərdə nə kimi çətinliklər yaşadınız? Məktəbə uyğunlaşmaq yəqin ki, asan olmayıb…

- Əslində, mən özəl kurslarda çalışmışdım, ilk dərs təcrübəm deyildi, ancaq orta məktəb ab-havası çox fərqlidir. İlk gün özümü olduqca həyəcanlı hiss edirdim. Bir zamanlar müəllimim olmuş insanlarla həmkar olmaq isə məsuliyyətimi daha da artırırdı. Nə yalan deyim, uşaqların mənə və fənnimə necə münasibət göstərəcəkləri də qayğılarımı artırırdı. Ancaq elə ilk dərsdən onların sevgisi məni bu qayğılardan azad etdi, həm də yaxşı mənada təəccübləndirdi. Hətta bir şagirdimin elə ilk dərsdə mənə “mən də sizin kimi müəllim olacam” deməsindən sonar başa düşdüm ki, mən onlar üçün həm də bir motivasiya olacağam.


- İndi keçək məktəbə… Həm məktəb binasının, həm də orada keçirilən tədrisin ümumi səviyyəsi necədir?

- Adətən, “kənd məktəbi” deyəndə çox insanın gözündə şəraitsiz bir bina, çətin vəziyyət canlanır. Əslində bu kənddə də məktəb bir zamanlar bu təsəvvürə uyğun idi. Biz 1928-ci ildə tikilən və təmir olunmamış bir məktəbdə təhsil almışdıq. Ancaq şagirdlərim bu barədə daha şanslıdırlar, 2010-cu ildə inşa edilmiş yeni tədris binasında təhsil alırlar. Yeni, müasir tələblərə cavab verən məktəb təbii ki, tədrisin keyfiyyətinə də müsbət təsir edir.


- Qış aylarıdır, yəqin yeni təmir olunan məktəb binasının istilik problem olmaz?


- Bəli. Məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Digər yanacaq vasitələrinə ehtiyac olmur.


Sevinirik ki, bu istilik problemi sizin çalışdığınız məktəbdə və kənddə yoxdu. Amma elə məktəblər var ki, orada məhz istilik problemi səbəbindən uşaqların dərsə davamiyyəti zəifləyir…

- Xeyr, burada belə problem yaşanmır. Ümumiyyətlə, dərs dediyim siniflərdəki davamiyyət məni qane edir. Sevindirici hallardan biri də odur ki, valideynlər uşaqlarının oxumağı üçün səy göstərirlər və onların dərsdən yayınmağına imkan vermirlər.


- Tədris etdiyiniz fənn Azərbaycanda bir o qədər də yayılmayıb. Xüsusən də ucqar kənd yerində fransız dilini tədris etmək sizin üçün nə dərəcədə çətindir?

- Bu məktəbdə əvvəl fransız dili tədris olunurdu, daha sonra ləğv olundu, yəni kənd üçün yeni bir fənn saymaq olmaz. Ancaq indiki şagirdlər üçün yenilik idi. Düzdü, fransız dilinə bir az ögey münasibət var. Hətta çoxları məndən niyə ingilis və ya rus dili deyil, fransız dili müəllimi olmaq istədiyimi də soruşur. Xoşbəxtlikdən şagirdlərin bu dilə münasibəti isti oldu, fənnimi gözlədiyimdən çox sevdilər. Hətta o qədər onlara maraqlı gəlir ki, tənəffüsdə belə məndən əl çəkmirlər. Hansısa bir xarici dili tədris etmək şagirdləri yeni bir dünya ilə tanış etmək deməkdir, yeni bir mədəniyyətlə tanışlıq onlar üçün maraqlı olur. Müxtəlif oyunlar, autentik materiallar, yarışmalarla dərsi daha da maraqlı etməyə çalışıram. Xüsusilə yarışma tipli dərslərin nəticəsini daha çox görürəm.


- Bəs şagirdlər necə, onlar çətin fransız dilini öyrədən müəllimələri ilə dostlaşa biliblər?

- Bir insanı hər kəs sevə bilməz, yəqin ki şagirdlərim arasında məni sevməyənlər də mövcuddur. Ancaq bunu mənə hiss etdirməyiblər.

Çalışıram bir az tənbəllik etmək istəyən şagirdləri də dərsə həvəsləndirim. Şagirdlər arasında bir-birindən üstün olmaq istəyi, rəqabətə meyillilik bu işdə mənə kömək edir.


- Ucqar kənd məktəblərində şagirdlərin üzləşdiyi iki əsas problem də var: birincisi,  yol məsələsi. Yəni, yolun, məktəbə həm çox uzaqlığı və qış aylarında əlverişsizliyi şagirdlərin təhsilinə müəyyən qədər mane olur. İkincisi isə şagirdlərin məcburi şəkildə dolanışıq üçün təsərrüfat, maldarlıqla məşğul olmaları. Sizin kənddə bu problemlərdən hansısa yaşanırmı?

- Yollar qış fəslində çətinliklər törədir. Təbii ki, palçıq və ya qarlı- şaxtalı günlərdə yolların buz bağlamağı müəyyən probemlər yaradacaq.

İkinci məsələyə gələndə isə əvvəllər siz deyən kimi uşaqları məişət işlərinə cəlb edirdilər. Mən öz oxuduğum dövrdə beləydi. Ancaq indi kənddən universitetlərə qəbul olunanların sayı artdıqca, ailələr özləri uşaqlar üçün şərait yaradırlar ki, təhsilə davam etsinlər.



- Maaşınız necə, size qane edir?

- Fransız dili  ikinci xarici dil kimi tədris olunduğu üçün dərs saatı  çox deyil. Üstəlik staj da az olduğundan maaşım azdır.


- Maraqlıdır, “xarici dillər”in həm bakalvr, həm də magistr pilləsini bitirmisiz. Başqa bir sahədə, ya elmi, yaxud, özəl sektorda çalışmaq potensialınız olduğu halda, nədən müəliməliyi, özü də ucqar kənddə dərs deməyi seçdiniz?

- Bu sualı mənə ilk verən siz deyilsiz. Hər kəs “niyə magistr təhsiliniz ola-ola kənd məktəbində işləyirsiniz” sualını mənə verir.  Seçimimdə ailə müdaxiləsi olmayıb. Sadəcə, onlar aldığım qərarlarda hər zaman yanımda olublar.

Mən düzü hər zaman müəllim olmağı planlaşdırmışam. İstər ali məktəbdə, istər orta məktəbdə. Düşünürəm, orta məktəbdə aldığım təcrübə mənə hər zaman kömək olacaq və mənim üçün önəmlidir. Mən hər zaman  müəllim olmağı  düşünmüşəm. Elə magistr təhsilim də sırf metodika ilə bağlıdır.Yəni mən magistraturanı da müəllimlik fəaliyyətim daha keyfiyyətli olsun deyə almışam.


- Məktəbdə müəllimlər üçün vahid forma tətbiqinə razı olarsız?

- Buna ehtiyac görmürəm. Sadəcə, sadə geyimlərə üstünlük vermək kifayətdir.


- Fransız dilini bilmək Avropa mədəniyyətinə müəyyən qədər bələd olmaq deməkdir. Şagirdlərin dünyagörüşünün inkişafı üçün onlara nə kimi tövsiyyələr verirsiniz? Məsələn, siz oxuduğunuz yazıçılardan hansını mütaliə etməlidirlər?

- Dünyagörüşün artırılması üçün mütaliə vacibdir. Həm də indi internet əsridir, istənilən məlumatı asanlıqla əldə etmək mümkündür. Müxtəlif maarifləndirici sayt və Youtube kanallarından istifadə etmək olar. Təbii ki yaş səviyyələrinə uyğun olaraq… Dünya klassiklərindən Alber Kamü, Viktor Hüqo, Aleksandr Düma, Dostoyevski, Teodor Drayzer, Mark Tven, Lev Tolstoy, Turgenev və s…

 

- Fransız dili bizim cəmiyyətdə ingilis və rus dili kimi populyar deyil. Həmçinin, məktəblərdə də az tədris olunur. Bu, dərs prosesində sizə nə kimi çətinliklər yaradır?

- Haqlısınız, rus və ingilis dilləri çox yayğındır. Əslində fransız dili də quruluşca ingilis dilinə yaxındır. İngilis dilini öyrənə bilən insan üçün çox da çətinlik meydana gəlmir. İngilis dilinə nisbətən fransız dili üzrə dərsliklər, test topluları daha az tapılır. Hətta fransız dilinin ikinci dil kimi tədrisi üçün ayrıca dərsliklər hazırlanmayıb. Bədii kitablar və qulaq asmaq üçün materiallar Bakıda Fransa mədəniyyət mərkəzində mövcuddur.

Yeni qəbul qaydaları üçün tapşırıq toplusu artıq satışdadır, ancaq fransız dili üzrə hələ ki tapa bilmirik.

Halbuki, artıq gələn il 11-ci sinfi bitirəcək şagirdlər yeni qaydalara əsasən imtahan verməlidir. Keçmiş TQDK-nın çap etdirdiyi test bankı neçə ildir ki istifadə olunur, yenilənmə yoxdur.


- Nə deyək, uğur olsun. Bəs gələcək planlarınız nədir? Ola bilərmi ki, məktəbi fransız dilinin tələb olunduğu hansısa başqa bir işə, fəaliyyət sahəsinə dəyişəsiniz?

-Gələcək planlarım və arzularım çoxdur. Hər şeydən öncə davam etdirmək istədiyim təhsilim var. Xarici dil elə bir ixtisasdır ki, müəllimlikdən əlavə tərcümə və s. işlərlə məşğul olmağa da imkan verir. Ancaq müəllimlik fəaliyyətimin ön planda olacağını düşünürəm.


E.Nihad

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır