Modern.az

Yeni vergi islahatları: Süni əngəllər qalxacaq, yaşlılar pensiya, müəllimlər maaş alacaq...

Yeni vergi islahatları: Süni əngəllər qalxacaq, yaşlılar pensiya, müəllimlər maaş alacaq...

İqtisadiyyat

23 Yanvar 2018, 11:44

Sabiq təhsil naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər təyin edildikdən sonra insanların düşüncəsində Vergilər Nazirliyinin imici dəyişməyə başlayıb. Daha çox sahibkarlar bu təyinatdan məmnun görünürlər. Əsas gözləntilər iş adamları və sahibkarların fəaliyyətinə Vergilər Nazirliyinin süni maneçiliyinin, əsassız müdaxilələrinin birdəfəlik aradan qaldırılacağı ilə bağlıdır.

Məhz Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrdə “Narxoz” kimi tanınmış Azərbaycan Dövlət İqtisad Universitetinin bütün neqativlərdən uzaqlaşaraq, nəinki ölkədə, hətta beynəlxalq səviyyədə böyük nüfuz qazanması insanlarda Vergilər Nazirliyinin də tamam dəyişəcəyi ümidini yaradıb.

Modern.az-a daxil olan məlumatlara görə, Vergilər Nazirliyində aparılacaq islahatlar çərçivəsində kirayə mənzillərlə bağlı da qərar qəbul ediləcək.

Artıq bu məsələ ilə bağlı Vergilər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müvafiq dəyişikliklərin aparılması üçün müraciət olunacağı söylənilir.

Məlum olduğu kimi hazırda Bakıda və bölgələrdə şəxsi mənzilini yüksək qiymətə hüquqi və fiziki şəxslərə kirayə verənlər var.

Amma aylıq hətta 10 min manata qədər kirayə haqqı alan mənzil sahibləri belə, həmin məbləğdən vergi ödəmir. Hökumətdəki mənbələrdən bildirlir ki, ilkin mərhələdə hüquqi şəxslərə obyektlərini kirayə verənlər vergiyə cəlb ediləcək.

Bildirilir ki, ilk növbədə Vergilər Nazirliyinin sahibkarlardan pul yığan qurum kimi deyil, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan nazirlik kimi qəbul edilməsi üçün cəmiyyətdə maarifləndirmə işləri aparılacaq.

Vergi ödəyiciləri süni yaradılan əngəllərdən tam azad ediləcək, eyni zamanda onlar biləcəklər ki, ödədikləri vəsait şəxsi ciblərə getməyəcək. Vergilər hesabına yaşlı insanlar pensya, müəllimlər maaş alacaq, Vətənin keşiyini çəkən əsgərlərə daha yaxşı şərait yaradılacaq.


Ona görə də bu məsələdə vətəndaşların da könüllü olaraq qeydiyyata düşməsi vacibdir.


Gəlir mənbəyi kimi daşınmaz əmlakdan vergi hesablamaq və onu dövlət büdcəsinə ödəmək vergi ödəyicilərinin vəzifələrindədir. Bu vəzifələrin lazımınca yerinə yetirilməməsi qanunvericiliyə əsasən məsuliyyətə cəlbetməyə  səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 124-cü maddəsinə görə, daşınan və daşınmaz əmlak üçün icarə haqqında bu məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən 14 faiz dərəcə ilə vergini özü ödəyir. İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa və onun tərəfindən vergi ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Qeyd edək ki, daşınmaz əmlakdan ödəmə mənbəyində vergini hesablamaq və dövlət büdcəsinə ödəmək qaydalarının pozulmasına görə vergi ödəyiciləri müəyyən sanksiyalara məruz qala bilərlər. Belə ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə görə, bu məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə, vergi və ya cari vergi ödəməsi bu məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən nəzərdə tutulan məbləğin 0,1 faizi tutulur. Evlərini kirayə verənlər risklərin yaranmaması, hər hansı maliyyə ­itkilərinə məruz qalmamaq üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub