Modern.az

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB

Aktual

23 Yanvar 2018, 14:08

Təcrübə göstərir ki, böyük şəhərlərin ətraf mühitlə bağlı bəzi problemləri park, bağ və bağçaların yaşıllaşdırılması hesabına həll edilə bilər. Təəssüf ki, Bakı kimi böyük paytaxt şəhərində yaşıllığın miqyası artmaq əvəzinə, getdikcə azalmaqdadır. Bəzi sahibkarlar bina tikintisi və digər inşaat işləri ilə əlaqədar aldığı ərazilərdə yaşıllığa qənim kəsilir.
Yaşayış məntəqələrinin salınmasının layihələndirilməsi və bu zaman yaşıllıqların normasının müəyyən edilməsinin ümumi əsasları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən olunub.

Hüquqşünas Anar Ramazanov Modern.az saytına  yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi  haqqında məlumat verib. O, deyib ki, bu məsələlər Nazirlər Kabinetinin 5 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarı ilə tənzimlənir.

“Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının tətbiqi ilə bağlı Nazirlər Kabineti müvafiq qərarlar qəbul edir.
Bu qaydalarda yaşıllıq norması, yaşıllıq faizi kimi anlayışlar müəyyən olunub. Həmin qaydalara görə, yaşıllıq norması bir adama düşən yaşıllıq sahəsidir. Yaşıllıq faizi isə yaşıllıq salınması üçün nəzərdə tutulan sahənin tikinti üçün ayrılmış əraziyə nisbətidir. Bundan başqa, bu qaydalarda ümumi istifadədə olan yaşıllıqlar, məhdud istifadəli yaşıllıqlar, xüsusi təyinatlı yaşıllıqlar kimi yaşıllığın bir neçə növləri də müəyyən olunub”.


Hüquqşünasın sözlərinə görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.

“Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən isə yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini əhatə etməlidir.

Qaydalarda şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üçün ümumi istifadədə olan yaşıllıqların norması , yəni bir adama düşən yaşıllıq sahələri müəyyən olunub.

Şəhərlərdə bir adama düşən yaşıllıq sahəsi kv.m - lə şəhərin həcminə görə müəyyən olunur. Beləki,  iri və çox iri şəhərlərdə bir adama düşən yaşıllıq sahəsi 10 kv.m, böyük şəhərlərdə 9 kv.m, orta şəhərlərdə 7 kv.m, kiçik şəhərlər  və qəsəbələrdə 8 kv.m,  kəndlərdə isə 12 kv.m olmalıdır.

Şəhərlərin həcminin müəyyən olunması isə əhalisinin sayına görə müəyyən olunur. Belə ki, əhalisi 1 milyondan çox olan şəhərlər çox iri, 250 mindən- 1 milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50-100 min arası olan şəhərlər orta, 50 minə qədər əhalisi olan şəhərlər isə kiçik şəhərlər qrupuna aiddir”.

Ekoloq Telman Zeynalov mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Azərbaycanda tullantıların çox, yaşıllıqlarının isə az olması səbəbindən xəstəlik çox yayılıb:


“Şəhərsalma qayda-qanunu var ki, hər məhəllədə məktəb, uşaq bağçası, mağazalar, poçt, yaşıllıq hər şey olmalıdır. Bizdə isə bu qayda-qanun gözlənilmir. Bu problemin həlli üçün hansısa tədbirlər görmək isə dövlətin işidir, hər-hansısa qeyri-hökumət təşkilatının yox. Ekspert kimi fikrimi deyə bilərəm ki, bütün bu işlərə düzgün əməl olunmur. Qərb dövlətlərinin təcrübələrinə əsaslanaraq deyə bilərəm ki, hər adama düşən yaşıllıq təxminən 25 kv.m  olmalıdır. Axı Azərbaycanda heç  o da yoxdur . Ərazinin 1/3 hissəsi yaşıllıqla örtülməlidir ki, adambaşına qeyd etdiyim yaşıllıq payı düşsün. Bizdə cəmi 11 faiz yaşıllıq mövcuddur. Hazırda ölkəmizdə müxtəlif xəstəliklərin artmasının əsas səbəbi də məhz ətraf mühitin çirklənməsidir”.

Ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericilikdə Azərbaycanda meşə fonduna daxil olan və olmayan ağacların olduğu qeyd edilir.

Hüquqşünasın sözlərinə görə, şəhər və qəsəbələrdə olan yaşıllıqlar bir qayda olaraq meşə fonduna daxil olmayan yaşıllıqlardır.

“Meşə fonduna daxil olmayan ağac və kol əkililərinin qanunsuz kəsilməsinə görə həm İnzibati Xətalar Məcəlləsində , həm də Cinayət Məcəlləsində inzibati və cinayət məsuliyyəti müəyyən edilib. Əgər sahibkara tikinti aparması üçün müəyyən sərəncam  verilibsə, həmin tikinti ərazisində olan yaşıllıqlar qanunvericilikdə göstərilmiş qaydada götürülməli və ya köçürülüb başqa ərazidə əkilməlidir və s. Bu qanunvericiliklə detallı olaraq tənzimlənir.  Bu qaydaların pozulması sərt cəzalara səbəb olur”.

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr

“Belə ki meşə fonduna daxil olmayan ağac və kolbitkilərinin  qanunsuz kəsilməsi və ya götürülməsinə, məhv edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə uyğun olaraq fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat məbləğində cərimə edilirlər.

Eyni inzibati xəta şəhər və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrinin tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə hər bir ağacın və kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə və götürülməsinə görə, fiziki şəxslər 2.200 manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə edilirlər.

Qeyd olunan bu inzibati pozuntular şəxsi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar , habelə kənd təsərüffatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət əkililərə şamil edilmir”.

Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq cərimələr

“Cinayət Məcəlləsinin 219-cu maddəsində qanunsuz ağackəsmə və 260-cı maddəsində meşələr və digər yaşıllıqların məhv edilməsi ilə bağlı cinayət məsuliyyəti müəyyən edilib. Belə ki, 219-cu maddədə meşə fonduna daxil olmayan yaşıllıqlara xeyli miqdarda ( 1000-7000 manat arası ) ziyan vurduqda , təqsirkar şəxslər 2 ilə qədər, külli miqdarda ( 7000 manatdan çox ) ziyan vurduqda isə təqsirkar şəxslər 2 ildən 5 ilə qədər müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Cinayət Məcəlləsinin 219-cu maddəsində göstərilən cinayət məsuliyyəti inzibati xətalarda olduğu kimi şəxslərin xüsusi mülkiyyətində olan həyətyanı bağ sahələrindəki yaşılıqlara, kənd təsərüffatı məhsulları üçün istifadə olunan bitkilərin kəsilməsi götürülməsi hallarına şamil edilmir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar