Modern.az

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?

23 Yanvar 2018, 14:34

Demək olar ki, internet, sosial şəbəkələr gündəlik tələbatımıza çevrilib. Hər gün müxtəlif məqsədlər üçün internetdən istifadə edirik. Dostlarımızla söhbət etmək, məlumat əldə etmək, xəbərləri oxumaq, fikirlərimizi paylaşmaq və sair.

 

Sosial şəbəkələrdən hər kəs kimi,dindar insanlar da istifadə edirlər. Hər kəsə məlumdur ki, sosial şəbəkələrdə bəzən intim şəkillərə,dinin qaydalarına zidd olan paylaşımlar rast gəlinir.

 

Bəzi ilahiyyatçılar bu səbəblərdən sosial şəbəkələrə daxil olmağın şəriətə görə doğru olmadığını deyirlər. Dindarların bu cür paylaşımlara, eləcə də hər hansı ateistin yazdığı statusuna təhqiramiz rəy yazdığının da dəfələrlə şahidi olmuşuq.

 

Bəs dindarların sosial şəbəkədən istifadə etməsi doğrudurmu? Dindarların diqqət etməli məsələlər hansılardır?

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirdi ki, internetdən hər kəs istifadə edir -  istər normal orientasiyası olanlar və ya əksinə olanlar.

 

“Dindar olan insanların da sosial şəbəkələrdən istifadə etməsində problem yoxdur. Əsas odur ki, internetdə düşmənçilik yaradan,dözümsüzlük yaradan,başqalarına qarşı təhqir məzmunlu məlumatlar yaymaq olmasın”.

 

Rafiq Əliyev qeyd etdi ki, bu hallara elə ən çox dindar insanlarda rast gəlmək olar:

 

“Dindarlar çox vaxt açıq-saçıq şəkilləri görəndə rəylərdə söyüş, təhqirdən istifadə edirlər. Əlbəttə,bunların hamısı yolverilməzdir. Dindarlara heç kim haqq vermir ki, kiminsə ideyası varsa, başqa fikri varsa, ona qarşı sərt tənqid yazsın, təhqir etsin. Bunlara mane olmaq lazımdır”.

 

Rafiq Əliyev bildirdi ki, dinin özünün sosial şəbəkələrdə belə təqdim olunması dinin özünə xələl gətirir:

 

“Dindarlar bu gün sosial şəbəkələrdə elə mövzulara toxunurlar ki, heç o mövzuda danışmaq olmaz. Ümumiyyətlə bu barədə dövlət yox, Qafqaz Müsəlmanlar İdarəsi qərar çıxarmalıdır ki, hansı mövzulara toxunmaq olmaz”.

Rafiq Əliyevin sözlərinə görə, bəzi ilahiyyatçılar sosial şəbəkənin dindarlar üçün haram olduğunu deyir ki, bu da absurd fikirdir: 

 

“Sosial şəbəkədən istifadə etməyin qadağan olması ilə bağlı heç bir yazı yoxdur. Həm də niyə haram olsun ki? Həzrət Məhəmməd buyurub ki, elm Çində olsa ora da getmək lazımdır. Bunu niyə qadağan etmək lazımdır ki? Biz hamımız imanlı insanlarıq. Sadəcə sosial şəbəkədən düzgün istifadə etmək lazımdır. Dinimizə xələl gətirən,dini radikalizmi yayan səhifələrdən uzaq olmaq lazımdır”.

 

Kinorejissor Əbdül Mahmudov bildirdi ki, mütləq inkar və mütləq təsdiq deyilən bir şey yoxdur.

 

“Mütləqlik ancaq Allaha məxsusdur, onun adından heç kəs danışmasa daha yaxşı olar. Böyük şəxsiyyətlər, ilahi duyumlu şəxsiyyətlər bu məsələyə dəqiq bir  resept qoyublar. Hər bir məsələdə ifrat dərəcədə istifadəçilik də doğru deyil,ümumiyyətlə ondan uzaq qalmaq da. Sosial şəbəkələr də eynilə. Dindarlar niyə də sosial şəbəkədən istifadə etməsinlər? Heç kəs özünü dünya mədəniyyətindən, dünyanın texnoloji inkişafından təcrid etməməlidir. Sadəcə hər kəs öz milli mənəvi dəyərinə, mentalitetinə,əxlaqi keyfiyyətlərinə görə sosial şəbəkələrdən istifadə etməlidir,vəssəlam”.

 

İlahiyyatçı Elşad Miri söylədi ki, bəzi ilahiyyatçıların sosial şəbəkələri haram olaraq qeyd etməsi sadəcə cəfəngiyatdır:

 

“Bu cür fikir səsləndirən şəxslər sadəcə beyni qapalı,dar olan insanlardır. Ümumiyyətlə dindarlar üçün sosial şəbəkədən istifadə etməkdə məhdudiyyət yoxdur. Dindarlara qadağa olan məsələlər hər kəsə aid edilməlidir. Belə deyək, sosial şəbəkələrdə açıq-saçıq şəkillərə baxmamaq sadəcə dindarlar üçünmü günah sayılmalıdır? Bu, insanlıq məsələsidir. Eləcə də digər məsələlər. Dindarlara ayrılıqda sosial şəbəkədən istifadə ilə bağlı heç bir məhdudiyyət qoyulmur”.

 

Sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyevanın sözlərinə görə, dindarlar iki cür olur - dindarlar və“dindarlar”:

 

“Sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyanlar ikinci dediyimə aiddir. Birdən maariflənərlər, başa düşərlər ki, cəhalət içindədirlər. Allahın Qurani- Kərimdəki əmri öyrən, öyrətdir.

 

Dindarlar nəinki sosial şəbəkələrdən,eləcə də kitablardan,məlumat mənbələrindən öyrənib-öyrətməlidirlər. Dinin qoyduğu qanun budur. Dırnağarası dindarların qoyduğu qanun isə “ Səs salma,yatanlar ayılar,qoy hələ yatsın, Razı deyiləm,yatmışları kimsə oyatsın” prinsipidir”.

Sabirə Dünyamalıyeva qeyd etdi ki, sosial şəbəkələrdə dini radikalizm yayan, əxlaqsızlıq yayan səhifələrdən uzaq olduqdan sonra istifadəsində heç bir problem ola bilməz:

 

“Sosial şəbəkədən istifadə edə bilmək o demək deyil ki, hansı səhifəyə istəsən girə biləsən. İnsanlara faydalı olan səhifələrdən söhbət gedir. Mənəviyyatımıza, dinimizə, dəyərlərimizə qarşı olan səhifələrə nəinki dindarlar, digər insanlar da daxil ola bilməz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir