Modern.az

Azərbaycanda ÜDM-in artım tempinin azalması və onun səbəbləri (Ekspert rəyi)

Azərbaycanda ÜDM-in artım tempinin azalması və onun səbəbləri (Ekspert rəyi)

13 İyul 2011, 13:33

Xalid Mikayılov: “Ölkənin xarici ticarəti, müsbət saldonun əldə edilməsi yaxın zamanlarda problemlə üzləşə bilər”

2011-ci ilin birinci yarısında  ölkədə Ümumi Daxili Məhsul 0,9 faiz artıb. Lakin bu göstərici əvvəlki dövrlə müqayisədə az olub. Ümumiyyətlə son üç ildə Azərbaycanda  ÜDM-un artım tempinin aşağı düşməsi müşahidə edilməkdədir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2008-ci ildə ÜDM-un artım tempi 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə isə 5% təşkil edib. BVF-nun proqnozlarına əsasən, növbəti 3 ildə də Azərbaycanda iqtisadi artım sürəti zəifləyəcək. (World Economic Outlook, Aprel, 2011). Belə ki, 2011-ci ildə ÜDM 2,8%, 2012-ci ildə isə 2,5%-dən çox artmayacaq. Hansıki bu artım tempi 2010-cu ildəki 5%-lik və 2009-cu ildəki 9,3%-lik artım tempi ilə müqayisədə çox aşağı göstəricidir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Xalid Mikayılov  2011-2012-ci illər üzrə adambaşına düşən ÜDM-un müvafiq olaraq 1,7% və 1,4% təşkil edəcəyini bildirir: “Azərbaycan iqtisadi artım tempinə görə MDB dövlətləri arasında ən aşağı göstəriciyə malik olacaq. Belə ki, bu dövrdə (2011-2012-ci illər) Rusiyada artım tempinin 4,6%, Qazaxıstanda 5,8%, Türkmənistanda 7,7%, Gürcüstan və Ermənistanda isə  müvafiq olaraq  5,1% və 4,4 % olacağı proqnozlaşdırılır. MDB üzrə orta artım tempi  isə 5% proqnozlaşdırılır”.

Ekspertin sözlərinə görə, Dünya Bankının Azərbaycanla bağlı göstəricilərində 2011-2012-ci illər üzrə bu rəqəm 3,9 faiz göstərilib: “Azərbaycanda ÜDM-un artım tempinin aşağı düşməsi bir neçə amillə izah oluna bilər.  Neft hasilatı daha əvvəlki templərlə artmır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan neft hasilatı azalıb, qaz hasilatı isə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin ilk 5 ayında ölkədə 20 milyon ton neft, 10,7 milyard kubmetr qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,2% azalıb, qaz hasilatı isə 48,6% artıb. 2010-cu ildə  ÜDM-un strukturunda neft sektorunun payı 55,6%, qeyri-neft sektorunun payı isə 44,4% təşkil edib. Həmçinin neft sektorunun artım tempi 1,8% təşkil etdiyi halda, qeyri-neft sektorunun artım sürəti 7,9% olub”.

İqtisadçı qarşıdakı illərdə də hasilatda azalmaların gözlənildiyini deyir: “2013-cü ildən başlayaraq neft hasilatında kəskin azalmalar baş verəcək. Hətta 2016-cı ildə neft hasilatı illik olaraq 200 milyon barrelədək azalacaq. Bu onu göstərir ki, ölkənin xarici ticarəti, xüsusilə xarici ticarətdə müsbət saldonun əldə edilməsi çox yaxın zamanlarda problemlə üzləşə bilər”.

ÜDM-un strukturunda sənayenin payının  52,6 %, xidmət sektorunun  isə 27,4 % təşkil etdiyini vurğulayan ekspertin sözlərinə görə,ümumi daxili məhsulun əsas hissəsini təşkil edən sənayenin tərkibində mədənçıxarma sənayesinin payı 45,6%-ə çatır:” Bu da əsasən neft və qaz hasilatından ibarətdir. Emal sənayesinin payı 5,4%-dir ki, onunda 2,6%-ni neft məhsullarının istehsalı təşkil edir. Rəqəmlərdən göründüyü kimi Azərbaycan iqtisadiyyatının neftdən asılılığı yüksək olaraq qalmaqdadır. Qeyri-neft sektorunun payı ümumi daxili məhsulun təqribən yarısına bərabər olsa da burada əsas paya malik olan xidmət sektoru və tikinti sektoru dolayı yolla neft gəlirlərinin büdcə vasitəsilə dövlət investisiyalarına yönəldilməsi hesabına artmaqdadır”.  

X.Mikayılov gələcəkdə ÜDM-un neftdən asılı olmadan stabil inkişaf tempinə malik olması üçün ixraca yönəlik, real sektorun inkişafını təmin edən addımların atılmasını vacib sayır: “Dayanıqlı və uzunmüddətli artımın təmin edilməsi, rəqabətə davamlı məhsulların istehsalı və yeni texnologiyaların tətbiqi vacibdir. Rəqabətə davamlı məhsul istehsalı üçün iqtisadiyyata həm daxili, həm də xarici investisiyaların cəlb edilməsi lazımdır. Daxili investisiyaların mənbəyi kimi əsasən əhalinin yığımları çıxış edə bilər. Belə halda yığımların investisiyalara yönəltmək üçün inkişaf etmiş maliyyə vasitəçilərinin və maliyyə bazarlarının olması çox vacibdir.Çünki uzunmüddətli maliyyə alətlərinin tətbiqi hələ də məhduddur. Dövlət və korporativ borc qiymətli kağılarının həcmi kiçik və qeyri-likviddir. Maliyyə vasitəçiliyi yalnız kommersiya bankları tərəfindən həyata keçirilir, bu da yığımların böyük həcmlərdə investisiyalara yönəldilməsinin qarşısını alır.  Maliyyə bazarları eyni zamanda xarici investorların ölkə iqtisadiyyatına sərmayə qoymasını sürətləndirən amillərdən biridir. Belə ki, maliyyə bazarları vasitəsilə ölkəyə həm də dolayı investisiyalar axa bilər ki, bu da öz növbəsində investisiyalar üçün sərbəst vəasitlərin həcmini artıra bilər. Hazırda əhalidən cəlb olunmuş yığımların ÜDM-a nisbəti 5%-dən çox deyil ki, bunu da optimal göstərici hesab etmək olmaz”.

“Bu gün özəl sektor əsasən yüksək faizli bank kreditlərindən asılı vəziyyətdədir”-deyən mütəxəssis bildirir ki, Azərbaycan maliyyə bazarının inkişafına nail olunarsa, bu,   özəl sektorun daha asan və tez maliyyə mənbələri əldə etməsinə kömək edər: “Həmçinin istehsalda və xidmət sektorunda yeni texnologiyaların  tətbiqi məhsulun maya dəyərinin aşağı düşməsinə gətirib çıxarar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi