Modern.az

Hüseyn Abdullayevin dostluq təklifi

Hüseyn Abdullayevin dostluq təklifi

13 İyul 2011, 15:57

Həyat qəribə hadisələrlə doludur. Hər dəfə əlinə mikrofon keçəndə müxalifət liderlərinin küçə söyüşləri ilə təhqir edən keçmiş səhiyyə naziri Əli İnsanov məhkəmədə onlardan üzr istədi. Onun bu jesti qarşısında təkcə hakimiyyət təmsilçiləri deyil, müxalifətçilər özləri də şoka düşmüşdülər...

Təxminən bir ay əvvəl “Facebook” sosial şəbəkəsində sabiq deputat Hüseyn Abdullayevdən dostluq təklifi aldım. Populyar müğənni Röya da daxil olmaqla bir çox tanınmışlardan dostluq təklifi alsam da, bu adamların heç biri ilə virtual aləmdə dostluq etmirəm. Buna səbəb həmin profillərin böyük əksəriyyətinin saxta olmasıdır. Bu üzdən Hüseyn Abdullayevin dostluq təklifini əvvəlcə qəbul etmədim. Amma keçmiş deputatın sözçüsü Modern.az saytına açıqlama verib, həmin profilin Hüseyn müəllimə məxsus olduğunu təsdiqləyəndən sonra mən onun dostluq təklifinə müsbət cavab verdim. Səhv etmirəmsə, Hüseyn Abdullayev mənim virtual aləmdəki səkkiz yüzüncü dostum oldu.

Məni ən çox təəccübləndirən keçmiş deputatın ALP sədri Əvəz Temirxana dostluq təklifi göndərməsi oldu. Əvəz bəydən bu xəbəri eşidəndə həyatın sürprizlərlə dolu olduğuna zərrə qədər də şübhəm qalmadı. Taleyin ironiyasına bax, ha! Əvəz Temirxanın həyatı mitinqlərdə keçib. Hüseyn Abdullayevin vəzifəsi isə həmin  aksiyaları zor gücünə dağıtmaq olub. O, bu işi qeyri–qanuni yaratdığı qoçu dəstələrinin hesabına həyata keçirib. Hüseyn Abdullayevin bəslədiyi qoçular hakimiyyət əleyhinə keçirilən mitinqlərdə Əvəz Temirxan kimi yüzlərlə günahsız insanın qabırğalarını qırıblar. İndi Hüseyn Abdullayevlə Əvəz Teymurxan dost olublar. Mən, virtual aləmdə həm Hüseyn Abdullayevin, həm də Əvəz Temirxanın dostu olduğum üçün bir gün belə bir mesaj aldım: “Hüseyn Abdullayev adlı istifadəçi Əvəz Temirxanla dost oldular”. Həmkarım Seymur Baycan  bu cür  situasiyalarda bircə kəlmə yazır: “Şərhsiz”.

Hüseyn Abdullayevin sosial şəbəkələrdə peyda olması onun personası ətrafında müxtəlif söz–söhbətlərin yaranmasına rəvac verdi. Hətta bəzi mətbuat orqanları sabiq deputatın “üçüncü qüvvə” olmağa hazırlaşdığını iddia etdilər. Hüseyn Abdullayevin yeni siyasi partiya yaradacağı ilə bağlı mülahizələr də ortaya çıxdı. Amma bu proqnozların heç biri doğrulmadı. Hüseyn müəllim dərhal mətbuata açıqlama verib, özü haqqında yayılmış xəbərləri təkzib etdi. Hakimiyyət əleyhinə hər hansı planda yer almaq niyyətində olmadığını sübut etmək üçün “Facebook”dakı səhifəsini də bağladı. Beləcə, bizləri onunla dost olmaq “səadətindən” məhrum etdi.

Mən, Hüseyn Abdullayevin  sosial şəbəkələrdə fəaliyyətinə son verməsini müsbət qiymətləndirirəm. Çünki bu dostluğun heç kimə faydası yox idi. Onsuz da Əvəz Temirxan icazəsiz mitinqlərdə onu döymək istəyən qoçlara “Facebook”da Hüseyn Abdullayevlə də dost olduğunu heç cür başa sala bilməyəcəkdi...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!