Modern.az

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı

Uzun müddət yarğanda gizlənən, Xalq yazıçısının əsərində təndiq olunan Cümhuriyyət qəhrəmanı

24 İyun 2018, 14:36

Modern.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı silsilə yazılarına davam edir. Bu dəfə Cümhuriyyətin qurulması və qorunmasında müstəsna xidmətləri  olan Sultanov qardaşlarının böyüyü- Sultan bəy haqqında məlumat verəcəyik. Daha doğrusu, həmin məlumatı tək biz yox, nə qədər qəribə olsa da, mərhum Xalq yazısı Süleyman Rəhimov da oxuculara təqdim edəcək:

 

Demək, indiki dənizkənarı bulvarda Süleyman Rəhimov başqa iki həmkarı ilə söhbət edən zaman, mövzu nədənsə, Sultan bəy Sultanovun üstünə gəlir. Yazıçılardan biri S. Rəhimova belə bir sual ünvanlayır:

- Süleyman müəllim mənim işim sizinlədi. Bax, çox görkəmli, təmiz əqidəli, hökumətdə işləmiş, uzun müddət cəmiyyətin əyrilikləri ilə barışmayan bir kommunist olmusunuz və elə də var.  İndi isə kommunistlərin əleyhinə danışırsınız, üstəgəl bəyləri – mülkədarları o ki, var tənqid eləmisiniz. Bu Sultan bəyin günahı nə idi ki, onu o günə salmısınız?

 

Süleyman Rəhimov daha da ciddi görkəm alıb, bir addım qabağa çıxıb, ona bu sualı ünvanlayan yazıçıya cavab verir:

 

 - Elə bilirsən özümü, özümküləri beynimdən keçirmirəm. Sən öl, mən “Şamo”nu yazanda bu günkü vəziyyət olsa idi, ömrümdə heylə bir əsər yarada bilməzdim.

Biz bu işin dalınca gedəndə elə bilirdik ki, kommunistlər nə deyirlərsə, “heylə” də olacaq. Düzdüyü hamı istəyir, hətta oğrular – əyrilər də. Düz deyirsən, mən ömrümdə heç bir əyriliklə, pis əməllərlə barışmamışam. Elə indinin özündə də beləyəm, özün bilirsən ki. Mən ömrümdə ağlıma gətirə bilməzdim ki, cibində kommunist partiyasının sənədini gəzdirəsən, özün də rüşvət alasan, yaxud ayrı yerdə ikinci arvad saxlayasan, bunları gördükcə dəli oluram. O, qaldı ki, Sultan bəyə – onun üçün qəm yemə. Bilirəm sən də bəy nəslindənsən (ona irad tutan yazıçıya müraciətlə deyir-E.N) istəmirəm ki, bəylərə toxunulsun. Amma, bil və agah ol,  Süleyman Rəhimov Sultan bəyə elə bir əzəmətli heykəl qoyub ki, belə bir heykəli heç kim qoya bilməz. Bir də bil ki, Sultan bəyin bu heykəlini heç kim sökə bilməyəcək, Şamonu yaxşı oxu, bir də oxu! Bil ki, Süleymanın Şamosu dünyanın 60 dilinə tərcümə olunub, sil gözüm bu tarixi necə siləcəksən. Süleymanı çox yaxşı başa düşməyib, dalımca danışıblar. Üzbəüz gələndə isə boğazları quruyub. İki kəlmə sözü bir-birinin ardınca deyə bilməyiblər. Belə adamların arasında Süleymanın boyu hamıdan uzun, üzü hamıdan ağdır. Bax belə işlər əmioğlu....

 

İrad tutan yazıçı söhbətə müdaxilə edir:

- Süleyman, çox düz buyurursan. Sən öl, heç sən deyəni mən fikirləşməmişəm, doğrudan da əzəmətli bir heykəldir.

 

Nədənsə, iki yazıçı bayaq irad tutduqları Rəhimovun fikirlərini təsdiqlədilər, bəyəndilər və bir daha kommunistlərin “əməlləri” haqqındakı söhbətlərini davam etdirdilər.

 

Qeyd edək ki, Süleyman Rəhimovun nəhəng epopeyası olan “Şamo”da adını çəkdiyi Sultan bəy Cümhuriyyət naziri Xosrov paşa Sultanovun qardaşıdır. ADR hökumətinin milli qəhrəman səviyyəsində tanıdığı bir sərkərdədir.

 

 

Onun milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Müsəlman dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi.

 

Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olub. Onun rəhbərliyi ilə Zabux dərəsində mühasirəyə alınan Andranikin dəstəsinin əsas hissəsi məhv edilir, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilir və onlardan 600 nəfər əsir alınır, İrana  keçmək istəyən yüzlərlə erməni silahlısı Araz  yaxınlığında Sahil əməliyyatı ilə sıradan çıxarılır.

 

ADR devriləndən sonra Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində bir meşəsində, bir yarğana pənah gətirir, orada gizlənir. Bir gün onunla qarşılaşarkən onu tanımayan və sonradan tanıyıb üzürxahlıq edən həmkəndlisinə aşağıdakı bayatını söyləyir:

Mən aşiqəm yarqana,

Yar sözünü yar qana.

Dünyaya sığmaz başım,

Sığınıbdır yarğana.

 

Ermənilərin hiylələri ilə bolşeviklər Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy İrana- şaha üz tutur. Şah İranda rus-erməni cəsuslarının çox və qüvvətli olmasına baxmayaraq, Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov  və İsgəndərlə  düşmənlərdən qoruduğu vətəndən xaricə mühacirət etməli olur.

 

Sultan bəy vətəndən, doğma  ayrılarkən Kürdhacı kəndinin ərazisində ən uca zirvə, "Qarapalçıq" adlanan dağın zirvəsinə qalxır. Oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və bir neçə bayatı çağırır:

 

Mən aşiq qəm qalağı,

Dağların qəm qalağı.

Dağlardan uca könlüm,

Olubdur qəm qalağı.

 

Mən aşiq dolan gözüm,

Dol gözüm, dolan gözüm.

Gedərsən qayıtmazsan,

Vətəni dolan gözüm.

 

Sovet imperyasının göndərdiyi xüsusi cəsuslar İranda at oynadıb meydan sulayır, tez-tez qətllər törədirdilər. Göndərilmiş xüsusi cəsuslar Sultan bəyin qardaşı İskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyəyə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyəyə  müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.

Sultan bəy 1942-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunub.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır