Modern.az

Mərhum jurnalist Nicat Məlikovun iş yoldaşı: “Nəsə ürəyimə dammışdı...”  

Mərhum jurnalist Nicat Məlikovun iş yoldaşı: “Nəsə ürəyimə dammışdı...”   

24 Yanvar 2018, 11:18

Xəbər verdiyimiz kimi, jurnalist Nicat Məlikov ötən gün dünyasını dəyişib. Jurnalist mağazaya gedərkən yolda  ürəyi tutub və yıxılıb.  Onun həyatını xilas etmək mümkün olmayıb.

Nicat Məlikov 1979-cu ildə anadan olub. “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında işləyirdi.

“Vesti.Az” saytının baş redaktor müavini  Zaur Nurməmmədov Modern.az-a bildirib ki, Nicat Məlikovun heç zaman səhhəti ilə bağlı şikayətləri olmayıb:


“Nicat çox ağıllı, intellektual səviyyəli, fəlsəfi biliklərə malik gənc jurnalist  idi.  Çox təəssüf ki, Azərbaycan jurnalistikasında belə bir itki oldu. Nicatın 3 övladı qalıb. Böyük qızının 14 yaşı var. Dünyanı tərk etməsi təkcə ailəsi üçün deyil, həm də bizim redaksiya üçün ağır oldu. Çünki o bizim üçün doğma idi. Baxmayaraq ki, 6 aydır bizimlə işləmirdi, amma onu redaksiyamızdan ayırmırdıq. Arada redaksiyamıza gedib-gəlirdi. O, bir ilə yaxın bizimlə işləyib. Bundan qabaq da onu tanıyırdıq. Vaxtilə “Zerkalo”da, CBC-də fəaliyyət göstərib”.


Z.Nurməmmədov qeyd edib ki, Nicat Məlikovun “Vesti.Az” saytından ayrılma səbəbi ailədaxili problemləri ilə bağlı olub:

“Mən ən çox onu “Facebook” vasitəsilə izləyirdim. Hətta dünən redaksiyada da soruşdum ki, Nicatı niyə uzun müddətdir sosial şəbəkədə görmürəm. Nəsə ürəyimə dammışdı, gecə də bu xəbəri eşitdim. Atası deyəsən ağır xəstə idi. Bizim saytdan ayrılmasının səbəbi ailə problemləri ilə bağlı idi. Çox zarafatcıl, pozitiv biri idi. Jurnalistlərin hamısı onu çox gözəl tanıyırdı. Gözəl qələmi var idi. Hərdən filosoflardan sitat gətirir, fəlsəfi mövzuda müzakirələr aparırdı. Allah rəhmət etsin!”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir