Modern.az

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

Aktual

24 Yanvar 2018, 11:25

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Modern.az-ın məlumatına görə, müşavirədə daxili işlər naziri, general-polkovnik                    Ramil Usubov da iştirak edib.
Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. O, deyib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması  müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.


Baş idarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.


Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.    


Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə  “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb.

 

Polis general-mayoru Ramiz Zeynalov bildirib ki, həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib.Belə ki, son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb. Ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.


O da qeyd olunub ki, yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər. Belə ki, onlar tərəfindən məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Həmçinin, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin  “isti izlərlə” tapılması təmin edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu