Modern.az

Tehranda Azərbaycana dair iki qətnamə qəbul edildi

Tehranda Azərbaycana dair iki qətnamə qəbul edildi

24 Yanvar 2018, 11:57

Azərbaycan Milli Məclisinin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov yanvarın 13-17-də Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ)  illik tədbirlərində və XIII sessiyasında iştirak ediblər.


Modern.az xəbər verir ki, səfər çərçivəsində təşkilatın dörd daimi ixtisaslaşmış komitələrinin - Siyasi məsələlər və xarici əlaqələr Komitəsi, İqtisadi məsələlər və ətraf mühit Komitəsi, İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitə, Mədəni və hüquqi məsələlər və sivilizasiyalar və dinlər arasında dialoq üzrə Komitə iclasları keçirilib. İclaslarda komitələrin məruzəçilərinin təqdim eetdiyi qətnamə layihələri və hesabatlar müzakirə olunub.
İnsan  hüquqları, qadın və ailə məsələləri üzrə Komitəyə sədrlik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Gövhər Baxşəliyeva gündəlikdə yer alan qətnamə layihələrini müzakirəyə çıxarıb. İclas iştirakçılarının bir sıra təklif və rəyləri nəzərə alındıqdan sonra qətnamə layihələri qəbul edilib və onların sessiyaya təqdim olunması tövsiyə olunub.


Təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyəti 2018-ci il üçün İƏT Pİ Ümumi Komitəsinin, İcraiyyə Komitəsinin və İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitənin üzvü seçilib.

Yanvar ayının 14-də nümayəndə heyətimiz Siyasi məsələlər və xarici əlaqələr  üzrə Daimi ixtisaslaşmış Komitənin iclasında iştirak edib. Öncə Komitə tərəfindən öncədən müəyyənləşdirilmiş qətnamə və tövsiyələrin yerinə yetirilməsinə dair fikir mübadiləsi aparılıb. Daha sonra bir sıra bölgədəki münaqişəli məsələlər müzakirə olunub.


Azərbaycan tərəfindən komitəyə təqdim edilmiş iki qətnamə layihəsi – “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair” və “1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair” müzakirəyə qoyularaq yekdilliklə sessiyaya çıxarılması tövsiyə edilib.


İƏTPİ Konfransının XIII sessiyasının sədrliyini qəbul edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani çıxışında belə tədbirlərin islam dünyasında oynadığı roldan və islam həmrəylinin daha da möhkəmlənməsində əhəmiyyətindən danışıb.

Təşkilatın baş katibi Mahmud Erol Kılıc qurumun illik hesabatını təqdim edərək, ötən müddətdə görülən işlər barədə məlumat verib.


Toplantıda İran Prezidenti Həsən islam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini bildirib, regional münaqişələrə toxunub.

Daha sonra ayrı-ayrı ölkələrin nümayəndələri çıxış ediblər.

Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, deputat Gövhər Baxşəliyevaya çıxışında öncə ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanınması məsələsinə toxunaraq, bunu pisləyib.
G.Baxşəliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb.

“Bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar bu kimi oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin Ermənistan onları yerinə yetirmir. Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Siyasi məsələlər və Xarici əlaqələr Komitəsinin məruzəçisinin çıxışından sonra bu komitə tərəfindən təqdim edilən qətnamə layihələri də müzakirə edilib. Bu zaman Komitəyə Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilmiş iki qətnamə layihəsi də səsə qoyularaq, qəbul olunub.


“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair” Qətnamədə  işğalçı ölkənin addımları qəti olaraq pislənilib. Sənəddə İƏT-in Azərbaycanla tam həmrəy olduğu və Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəklədiyi bildirilib.

“1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair Qətnamə” də İƏT üzv dövlətləri Ermənistanın soyqırımı siyasəti pislənilib.

Sonda Seneqalın təmsilçisi Məhəmməd Qureyşi Niyaz təşkilatın yeni Baş katibi seçilib. Daha sonra Yekun Məruzə və Yekun Bəyannamə qəbul edildi.

Bu sənədlərdə də Azərbaycanla bağlı bəndlər əksini tapıb. Yekun Bəyannaməyə ölkəmizlə bağlı aşağıdakı üç bənd salınıb:

İƏTPİ-dəki nümayəndə heyətlərinin rəhbərləri və üzvləri:

 1. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsini, erməni silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasına çağırır; Ermənistanı Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır;

2.İşğal olunmuş Azərbaycan ərazilərində məscid və müqəddəs islam abidələrinə qarşı qəddar təcavüzü pisləyir, arxeoloji, mədəni və dini irsin talanını və dağıdılmasını qəti pisləyir. Azərbaycan şəhəri Xocalıda 1992-ci ildə baş vermiş genosid aktını, fevralın 25-dən 26-na keçən gecə bir neçə saat ərzində 613 dinc sakinin, onlardan 106 qadın və 83 uşaq olmaqla, qətlə yetirilməsini qəti pisləyir;

3. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafıəsi naminə göstərdiyi cəhdləri bütövlükdə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu təsdiq edir və bütün dövlətləri ağır həyat şəraiti ilə üzləşən Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün onlara humanitar yardım göstərməyə çağırır.


Sessiya işini Tehran deklarasiyasının qəbul edilməsi ilə yekunlaşdırıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir