Modern.az

Azərbaycanda it-pişik saxlayanların qeydiyyatı aparılmır - Qorxulu xəstəliklər ...

Azərbaycanda it-pişik saxlayanların qeydiyyatı aparılmır - Qorxulu xəstəliklər ...

Aktual

24 Yanvar 2018, 13:03

Hazırda Bakıda kifayət qədər insan ev heyvanı saxlayır. Hətta bəzən heyvanlara övlad münasibəti bəsləyənləri də görürük. Əksər ölkələrdə şəhər mühitində saxlanılan ev heyvanları qeydiyyata alınır və bu istiqamətdə xüsusi nəzarət olur. Lakin Bakıda nə qədər insanın heyvan saxladığı, onların sağlamlığı və ya digər məsələləri ilə əlaqəli məlumat əldə etmək demək olar ki, mümkün deyil.

Maraqlıdır, ev heyvanları ilə bağlı məsələlər necə tənzimlənir? Hazırda ölkədə nə qədər adam it-pişik saxlayır?

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Modern.az-a açıqlama verib:

“Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkədə  bütün növ heyvanların müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edilməsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirmək-bir sözlə, ölkənin epizootik vəziyyətinin sabitliyini təmin etməkdən ibarətdir.

Biz harada hansı təsərrüfatların  və o təsərrüfatlarda hansı heyvanların saxlandığının qeydiyyatını aparırıq. Lakin xəstəlik yayma ehtimalı olan heyvan yoxdur. Bizim tədbirlər planlarımız və buna uyğun da dövlət tərəfindən verilən pulsuz vaksinlər heyvanlara tətbiq olunur, dezinfeksiya tədbirləri həyata keçirilir”.

Y.Xanvəli Dövlət Baytarlıq Xidmətindəhansı heyvanların qeydiyyata alındığını da deyib, amma rəqəm açıqlamayıb:

“Bunlar iribuynuzlu heyvanlar-inək və camışlar, xırdabuynuzlu heyvanlar-qoyunlar və keçilər, təkdırnaqlı heyvanlar-at və  uzunqulaqlar, quşlar-müxtəlif ev quşları, toyuqlar, ördək, qaz, hinduşkalar, donuzlar, o cümlədən itlər, pişiklərdir”.

Heyvanların Mühafizəsi  Cəmiyyətinin sədri Azər Qarayev isə deyib ki, ev heyvanlarının saxlanması, onların damazlığı kimi məsələlər yeganə qanunla tənzimlənir: “Bu da “Baytarlıq haqqında” qanundur. Eyni zamanda, xüsusi olaraq 2011-ci ildə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları" hazırlanıb. Burada heyvanların saxlanması şərtləri, ev heyvanı saxlayan şəxslərin hüquqları, məhdudiyyətlər, ev heyvanı saxlayan şəxslərin vəzifələri, heyvanlarla qəddar rəftara görə məsuliyyət və s. müddəalar öz əksini tapıb. Yəni ölkədə ancaq iki qanun və qanunvericilik aktı bu məsələni tənzimləyir.

Lakin Azərbaycanda  dövlət səviyyəsində ev heyvanlarının hesabatı aparılmır. Yalnız baytarlıq idarəsinə heyvanlarını  gətirənlər  sənəd ala bilir və həmin heyvan guya qeydiyyata düşür.  Amma hazırda bilirsiniz ki, minlərlə heyvan saxlanılır. Onların heç bir sənədi yoxdur, heç bir hesabatda adı yoxdur. Bu baxımdan heyvanların sabahkı taleyi, onların hara atıldığı, kimə verildiyi müəyyən olunmur. Halbuki, bu, vacib məsələlərdən biridir”.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, 2017-ci ilin axırına kimi təsərrüfatlarda   2 milyon 679,3  min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 289,8 min baş  inək və camış, 8 milyon 465, 7 min baş qoyun və keçi, 4 min 787 baş donuz olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?