Modern.az

Elmar Məmmədyarov: “Günü bu gün Ermənistanla danışıqlara hazırıq...”

Elmar Məmmədyarov: “Günü bu gün Ermənistanla danışıqlara hazırıq...”

13 İyul 2011, 17:40

Azərbaycan Ermənistanı ləngimədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh sazişi üzərində işə başlamağa çağırır. Modern.az bildirir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks” Agentliyinə müsahibəsində deyib. “Fikrimcə, prosesdə müəyyən tərəqqiyə nail olunub və biz rahat şəkildə sülh sazişinin hazırlıqlarına başlaya bilərik”, – deyən nazir sülh danışıqlarına “günü bu gün başlamağa” hazır olduğunu bəyan edib.

Prezidentlərin Kazan görüşünü şərh edən E. Məmmədyarov deyib ki, bu görüşün uğursuz olduğu barədə yazılanlarla razı deyil. E. Məmmədyarovun sözlərinə görə, Kazan görüşündə tərəflərin mövqeyində yaxınlaşma qeydə alınıb. “Həm Azərbaycan, həm Ermənistan heç bir piarsız, isterikasız danışıqları davam etdirməli, mövqeləri yaxınlaşdırmaq üçün işləməliyik. Azərbaycan 2010-cu ildə Soçidə nümayiş etdirdiyi mövqeyində qalır: biz sülh sazişi üzərində işə başlamağa hazırıq”.

E. Məmmədyarovun sözlərinə görə, Kazan görüşü göstərib ki, sülh müqaviləsində əksini tapmalı olan bir sıra elementlər hələ də razılaşdırılmayıb: “Əgər doğrudan da ortada xoş niyyət varsa, gəlin baza prinsiplərinə dair danışıqların növbəti mərhələsini gözləmədən bunların üzərində işləməyə başlayaq”.

Nazir deyib ki, əsas prinsiplər baza olaraq artıq var: “Biz münaqişənin nizamlanması ilə bağlı hansı istiqamətdə hərəkət etdiyimizi də bilirik. Bütün səyləri baza prinsiplərinin daxilindəki razılaşdırılmamış elementlərlə bağlı nəticə əldə olunmasına yönəltmək nəyə lazımdır? Onsuz da onlar sülh sazişində əksini tapacaq. Buna görə də gəlin dərhal sülh sazişi üzərində işə başlayaq və bütün dünyaya siyasi iradəmizi nümayiş etdirək ki, biz hansısa siyasi sənəd yox, birbaşa hüququ öhdəliklərin əks olunduğu sülh sazişi üzərində işləməyə hazırıq”.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər