Modern.az

“Bolşeviklər adına şayiə çıxardıqları Məhəmməd Hadini sorğu-sualsız güllələdirlər” - İDDİA

“Bolşeviklər adına şayiə çıxardıqları Məhəmməd Hadini sorğu-sualsız güllələdirlər” - İDDİA

Ədəbi̇yyat

14 İyun 2018, 14:34

Modern.az nakam taleli şair, haqqında bəlkə də ən çox şeir, kitab, əsər yazılan - qısa ömrünə baxmayaraq - böyük romantik Məhəmməd Hadi barəsində yazını təqdim edir:

DOSYE

1879-cu ildə Şamaxının sayılan seçilən tacirlərindən olan Əbdülsəlim kişinin ailəsində anadan olub. Əsil adı Ağa Məhəmməd olan, gəncliyində özünə “Hadi” (Ərəbcə-doğru yol göstərən) təxəllüsün seçib. Quranı əzbərdən bilirdi və oxuya-oxuya mənasını deyirdi, tərcümə edirdi. “Şahnamə”dən çoxlu şer bilirdi. Firdovsi, Nizami, Xəyyam, Hafiz, Sədi və başqa dahi şairlərin şerlərindən bəzilərini tərcümə etmişdi. Fransa şair və alimlərindən Valter, Russo, Hüqo və başqa sənətkarların əsərlərindən xəbərdar idi. Rus demokratik ədəbi cərəyanını izləyirdi. Hadi şerlə yanaşı, ədəbi, ictimai, siyasi və elmi məqalələr də yazırdı. İstanbulda oxumağa gedir, işləyir, lakin başına olmazın müsibətlər gəlir”.

 

Müsibətlərdən yalnız bir neçəsi

 

Araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Hadinin İstanbul həyatı ilə bağlı faciələrindən birini bu cür qeyd edir:

 

“Yüksək rütbə sahibini təhqir etmək üstündə onu həbsə alırlar və Salonik şəhərinə sürgün edirlər. Yunanlar Hadinin əlinin incə və ağ olmasından, nəzakət və rəftarından onu türk casusu hesab edir, öldürmək istəyirlər. Bir yunan keşişi onu himayəsinə alıb, xilas edir. Salonikdə, sürgündə olanda çox ağır və acı həyat keçirir. Günlərlə ac qalır. Sürgündən qayıdandan sonra Bakıya dönür. Ruhi xəstəxanada yatır. Müalicə olunub xəstəxanadan çıxdığı vaxt Birinci dünya müharibəsi başlayır. Məhəmməd cənub-qərb cəbhəsinə könüllü xidmətə gedir. 1915-ci ildə Qafqaz ordusunda feldşer sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra edir.

 

Aclıq illəri,  dilənçi kökündə həyat

 

Manaf Süleymanovun məşhur “Eşitdiklərim, oxuduqarım və gördüklərim” kitabında Hadinin acı həyatı ilə bağlı bunlar qeyd olunub:

“Hadi sürgündən sonra  qayıdıb gəlir, aclıq keçirir. Hər gün Məhəmməd Hadi üç vərəqə şeir yazıb Qubernator bağına çıxıb hər vərəqi satırdı. Qazandığı pula qara çörək, soğan və araq alıb evə gedirdi. Hər gün şeir həvəskarları bağda onu gözləyirdilər ki, heç olmasa şairin bir vərəqə öz əli ilə yazdığı şeiri alıb oxusunlar.

 

 

Onun vəziyyətindən xəbər tutan Azərbaycan Cümhuriyyət naziri Cavanşir bəy Behbud şairin yanına gəlir və deyir “Hadi əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsız”.

Şair onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: “Gedin! Şairinki nazirlə tutmaz!”

 

İyirminci il may ayının ilk günlərində “Çanax Qala” kafesində oturub, Hadi ilə bərabər qayğanaq yedik, kofe içdik. Birlikdə çıxıb Nikolaysk küçəsinə tərəf gedəndə xalq ədliyyə komissarı Əliheydər Qarayevə rast gəldik. Ayaq saxlayıb bizimlə görüşdü, Hadidən hal-əhval xəbər aldı.

 

Hadi: “Belə inqilabi kəbirdən sonra mən də hamı kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam, - dedi.”

“Ağakərim oğlu Əliheydər, tarix bəşərdə baş vermiş bütün qovğa, məğlubiyyət və qələbələrdə heç bir zaman, heç kəs şərabı qadağan etməmişdi. Siz bolşeviklər qadağan etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə. - Azca fikirləşib əlavə etdi. - Heç yerdə şərab tapılmır. Amma - əlini qoltuğuna salıb araqla dolu balaca bir şüşə çıxartdı, - amma mən tapmışam. Mənzilə gedib içəcəyəm, hər şeyi unudacağam. Mənzil dedikdə, güman etmə ki, sizin burjuylardan müsadirə etdiyiniz təm-təraqlı kaşanalardandır. Xeyr! Quba meydanında, karvansaranın bir küncündəki “qapıdan” zorla yanakı keçə bildiyim kahadır”.

 

Hadinin ölümü

 

İndi keçək yazının ən maraqlı tərəfinə-Hadinin ölümünə. Hadi barəsində yazılan elmi və bədii əsərlərdə onun ölümü ilə bağlı müxtəlif versiyalar var. Amma Z. Əliyev ilk dəfə olaraq onun ölümü ilə bağlı yeni versiya irəli sürür:

 

 

“M.Hadi isə 1920-ci ildə Gəncədə bolşeviklərin əleyhinə baş qaldıran məşhur Gəncə üsyanında bolşeviklərin qurbanı oldu. Lakin bu haqda şairin qələm dostu Abdulla Şaiq belə yazırdı ki: “Hadi təxminən 1919-cu ilin axırları, 20-ci illərin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu. Şairin “yox olmasını” o zaman ancaq dostları, qələm yoldaşları hiss edə bildi, onu çox axtardılar, gördüm deyən olmadı”.

Mollanəsrəddinçi Əli Nəzmi isə 1945-ci ildə bu haqda belə yazırdı ki: “Hadi 1920-ci ilin may ayında Gəncədə soyuq dəymədən vəfat etmiş və orada da dəfn olunmuşdur”.

Bu,  şair barədə bolşeviklərin və ruspərəstlərin ortaya atdığı şayə idi. Məhəmməd Hadi Gəncə üsyanı zamanı əhalinin qarşısına çıxaraq “Qırın bu kafirləri, onlar bizim dövlətimizi əlimizdə aldı”,- deyərək çağrış edir. Bundan sonra onu üsyan zamanı ələ keçirən bolşeviklər sorğusuz-sualsız güllələyiblər”. 

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir