Modern.az

İctimai Televiziya ilə “Euronews” arasında tarixi müqavilə imzalanıb

İctimai Televiziya ilə “Euronews” arasında tarixi müqavilə imzalanıb

13 İyul 2011, 19:58

İctimai Televiziya və “Euronews” telekanalı arasında əməkdaşlığa dair müqavilə  bağlanıb. Müqaviləni hər iki telekanalın baş direktorları İsmayıl Ömərov və Maykl Piters imzalayıb. Bu barədə Modern.az-a İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Euronews”-un Parisin məşhur Şanzalize prospektində yerləşən ofisində İctimai Televiziya və “Euronews’ telekanallarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı baş direktor İsmayıl Ömərov bu sənədin imzalanmasını tarixi hadisə adlandırıb. 

“Euronews” telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malesani müqavilənin qısa zamanda imzalanmasına baxmayaraq bunun heç də asan başa gəlmədiyini bildirib. Telekanallar arasında əməkdaşlığa dair danışıqların 6 ay əvvəl başlandığını deyən Pyer Luici Malesani bunun Azərbaycanı Avropa mediasına tanıtmaqda bir vasitə olduğunu bildirib. Bakıda prezident İlham Əliyevlə görüşünü xatırladan cənab Malesani dövlət başçısı ilə danışıqların çox əhəmiyyətli olduğunu və bundan məmnun qaldığını deyib.
“Prezident İlham Əliyevlə keçirilən görüşdə “Euronews” telekanalının Qafqazda əhəmiyyətli körpü rolu oynayacağını anladım”-deyə Müşahidə Şurasının sədri fikrini davam etdirib.

P.L.Malesani “Euronews” və İctimai Televiziyaları arasında əməkdaşlığın Avropa dəyərlərini Azərbaycanda, eyni zamanda Azərbaycan dəyərlərinin Avropada tanıdılmasına imkan verdiyini deyib.

Baş direktor İ. Ömərov isə “Euronews”la əməkdaşlığın təkcə Azərbaycanda deyil, bütün regionda önəmli rol oynayacağını qeyd edib. O, bu kanalın böyük nüfuz sahibi olduğunu və auditoriyanın “Euronews”a inandığını deyib. “Bu əməkdaşlıq “Euronews”-u  regionun telekanalı edəcək. Səmimi olaraq bildirmək istəyirəm ki, sizinlə proqram mübadiləsi hər iki telekanalın, xüsusilə də Ictimai Televiziyanın auditoriyasının genişlənməsinə müsbət təsir edəcək. Siz də İctimai Televiziya ilə əməkdaşlıqdan çox məmnun qalacaqsınız”-deyə İ.Ömərov bildirib. Baş direktor “Euronews”-la bağlanan müqavilənin Azərbaycanda söz və mətbuat azadlığına verililən dəyər olduğunu söyləyib və qeyd edib ki, ölkəmizdə azad mətbuatın, elektron kütləvi informasiya vasitələrinin şəffaf, müstəqil və obyektiv fəaliyyəti üçün ciddi siyasi iradə, eləcə də yaradıcılıq mühiti mövcuddur.

“Euronews” telekanalının  Baş direktoru Maykl Peters qeyd edib ki,  İctimai Televiziya ilə imzalanan müqavilə onların  fəaliyyəti dövründə tam yeni bir istiqamət müəyyən edir.  O, belə əməkdaşlıq formatının dünyanın heç bir telekanalı ilə mövcud olmadığını, bunun məhz ilk dəfə olaraq Azərbaycanın ictimai yayımçısı ilə əldə edildiyini deyib. Maykl Peters bu əməkdaşlıq formatının digər telekanallarla əlaqələrin genişlənməsinə zəmin yaratdığını və bunun bir nümunə olduğunu bildirib. Baş direktor bu müqaviləni “Euronews” telekanalı üçün də əhəmiyyətli hesab edib.

Müqaviləyə əsasən, İctimai Televiziya “Euronews” proqramlarının Azərbaycanda ekslüziv yayım hüququnu əldə edir. İctimai Televiziyaya həmçinin “Euronews”un mövcud dillərdəki xəbər və ya analitik materiallarını yayımlamaq hüququ verilir. Bununla yanaşı hər iki telekanal arasında xəbər və kadr mübadiləsi həyata keçiriləcəkdir. “Euronews”un Gold Member (Qızıl üzvü) kimi İctimai Televiziya bu telekanalın xəbərlər xidməti ilə xüsusi əlaqələri olacaq,  eləcə də “Euronews”un daimi müxbir şəbəkəsi ilə əməkdaşlıq həyata keçiriləcəkdir. Dünyada, həmçinin Azərbaycanda baş verən mühüm hadisələr zamanı “Euronews”un daimi müxbirləri və Ictimai TV arasında əməkdaşlıq ediləcək. Bununla yanaşı, İctimai Televiziya xüsusi proqram təminatı vasitəsilə öz veb saytında yayım həyata keçirə bilər.

Parisdə iki telekanalın nümayəndə heyətləri arasında keçirilən görüşdə İctimai Televiziyanın işçi heyətinin qısa zamanda “Euronews”un Lyondakı baş ofisinə səfər etməsi və burada xəbər xidməti ilə tanışlıq barədə razılıq əldə olunub. İcitmai Televiziyanın baş direktoru İsmayıl Ömərov isə “Euronews” rəhbərliyini  Bakıya dəvət edib və qısa müddətdə müqavilənin icrasına başlanılmasının önəmli olduğunu bildirib.



Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı