Modern.az

“Kaspi” qəzetinin “gözəgörünməz adamı”: “Radioda yaxşı bir müəllif verilişi aparmaq arzum olub” - MÜSAHİBƏ  

“Kaspi” qəzetinin “gözəgörünməz adamı”: “Radioda yaxşı bir müəllif verilişi aparmaq arzum olub” - MÜSAHİBƏ   

26 Yanvar 2018, 12:26

Mediada bir sıra redaktorlar var ki, gördükləri çox işin müqabilində, daim kölgədə qalırlar. Yəni çox iş görürlər, amma az tanınırlar... Baxmayaraq ki, redaksiyada tutduqları posta görə ikinci adam sayılırlar. Onlar öz redaksiyalarının belə deyək ki, cəfakeşləridirlər. Çalışdıqları yerdə əsas iş icraçıları olan belə redaktorlardan biri də  “Kaspi” qəzetinin baş redaktor müavini Məğrur Əli Poladdır.

Modern.az saytının “Gözəgörünməz adam” rubrikasında onunla həmsöhbət olduq.

 

-  Öncə oxucuların sizi daha yaxından tanıması üçün özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi?

- 1974-cü ildə Füzuli rayonunda anadan olmuşam. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1992-ci ildə test üsulu ilə ilk qəbulda Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (hazırkı Prezident yanında Dövlət İdarəçilik Akademiyası) daxil olmuşam. Universiteti politoloq-dövlətşünas ixtisası üzrə qırmızı diplomla bitirmişəm. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində ikinci ali təhsil almışam.

1995-ci ildən, hələ tələbə olduğum vaxtlardan mətbuatdayam. Bildiyiniz kimi, 1990-cı illərdə Qarabağda ermənilərlə müharibəmiz oldu, ərazilərimiz işğal edildi. O cümlədən mənim doğulub boya-başa çatdığım Yuxarı Seyidəhmədli kəndi də 25 ildir erməni işğalı altındadır. Qaçqınlıq şəraitində bir çox çətinliklərlə üzləşdik və özümüzü dolandırmaq üçün haradasa işləməyə ehtiyac var idi. Mən institutda qardaşımla bərabər oxumuşam, o da jurnalistdir. Məndən bir il sonra eyni instituta daxil olmuşdu. Bir yerdə oxumuşuq, bir yerdə yataqxanada qalmışıq və bir yerdə də jurnalist fəaliyyətinə başlamışıq.

Əslində, öz ixtisasımı çox sevirəm. Bu ixtisas üzrə praktiki fəaliyyət göstərmək həmişə arzum olub. Onu da deyim ki, mətbuat fəaliyyəti dövründə haradasa siyasətlə də məşğul olmuşuq. Çünki mətbuat fəaliyyəti - məqalələrin, o cümlədən köşə yazılarının necə hazırlanması, orada yer alan fikirlər, eləcə də redaktor olaraq qəzetin hər sayının necə qurulması, materialların hansı ardıcıllıqla yerləşdirilməsi, şəkillərin seçilməsi və s. bunlar hamısı həm də bir siyasətdir. Yəni sən insanlara öz fikrini çatdırırsan, kiməsə təsir edirsən, hansısa prosesin idarə olunmasında müəyyən dərəcədə iştirak edirsən ki, bu da özlüyündə bir siyasətdir. Bununla yanaşı, düşünürəm ki, öz ixtisasım üzrə daha aktiv fəaliyyət göstərəcəyim dövr hələ qarşıdadır.

- Bəs nə üçün jurnalistika?

- Mətbuatla əlaqələrim hələ lap əvvəllərdən başlayıb. Bizim rayonda “Araz” qəzeti çıxırdı. 5-6-cı sinifdə oxuyan vaxtlardan etibarən bu qəzetdə xırda yazılarım, şeirlərim dərc olunurdu. Həmçinin, respublika səviyyəli “Göyərçin” jurnalı, “Azərbaycan Pioneri” qəzetində də bir neçə yazılarım işıq üzü görüb. Ümumiyyətlə, həmişə mütaliəyə meylli olmuşam. Kəndimizdə olan kitabxanadakı kitabların demək olar ki, hamısını oxuyub bitirmişdim. Yay tətillərində heç olmasa 40-50 kitab oxuyurdum. Mütaliə insanda böyük söz bazası formalaşdırır, geniş dünyagörüşü yaradır, yaradıcılığa həvəs oyadır. Bunun nəticəsində ilk şeir parçaları, yazılar ortaya çıxmışdı. Yəni politologiya üzrə təhsil alsam da, mətbuatla tanışlığım bir az əvvəldən var idi və bu sahəyə bağlı idim. Sonradan tale elə gətirdi ki, qaçqın düşdük, işləmək ehtiyacı yarandı və mən özümə doğma bildiyim, ixtisasıma da yaxın olan mətbuat sahəsinə üz tutdum. İlk iş yerim görkəmli jurnalist, mətbuatda müəllimim saydığım Bahəddin Həziyevin rəhbərliyi ilə çıxan “Çağ” qəzeti olub. Həmin qəzetdə müxbir kimi fəaliyyətə başladım. Daha sonra 10 ilə yaxın “Yeni Müsavat” qəzetində redaktor kimi çalışmışam. Bundan sonra “Mədəniyyət” qəzetində, “Milli.az” saytında müəyyən müddət fəaliyyət göstərmişəm və 2011-ci ildən “Kaspi” qəzetində baş redaktorun müaviniyəm.


- “Kaspi” qəzeti ilə yollarınız necə birləşdi?

- Həmin vaxt “Kaspi” qəzetində yeni ştat açılmışdı və o zamankı rəhbərlikdən mənə təklif gəldi. Həmin dövrdə mən “Milli.az” saytında redaktor kimi çalışırdım və işimiz qrafiklə idi, yarım gün fəaliyyət göstərirdim. “Kaspi” qəzetindən gələn təklif də günümün boş qalan hissəsinə uyğun idi deyə qəbul etdim. Sonra elə oldu ki, saytdan ayrılıb qəzetdə tam fəaliyyətə başladım.

- Həm saytda, həm də bir neçə qəzetlərdə fəaliyyətiniz olub. Sizcə, hansı daha yaxşıdır?

- Hansı yaxşıdır, hansı pisdir - deyə bilmərəm. Çünki ikisinin öz funksiyası, təyinatı və yeri var. Qəzeti kənara qoyub yalnız sayt yaxşıdır demək, yaxud əksini söyləmək yanlış olardı. Qəzetlər ənənədir, klassikadır, saytlar isə müasir dövrün tələbidir. Düşünürəm ki, getdikcə saytların fəaliyyəti daha da genişlənəcək. Qəzetlərlə saytların kifayət qədər fərqləri var və bunlar hələ xeyli müddət aktual olacağı üçün qəzetlərin yaşayacağı fikrindəyəm. Bizim də qəzetlə bərabər, 6 ilə yaxındır “Kaspi.az” saytımız mövcuddur. Sayt Azərbaycan dili ilə yanaşı, həm də rus və ingilis dillərində fəaliyyət göstərir. Eyni zamanda, bir ildən çoxdur ki, “Kaspi”nin ədəbiyyat təyinatlı “Artkaspi.az” saytı da yaradılıb. Yəni eyni kollektivlə həm qəzet, həm də sayt işini bir yerdə aparırıq və biri digərinə mane olmur.

- “Kaspi”nin saytı yaradılan zaman onun qəzeti sıradan çıxaracağı ilə bağlı qorxu oldumu?

- Elə bir qorxumuz olmadı. Rəhbərliyimiz “Kaspi”nin saytını zamanın tələblərini nəzərə alaraq yaratdı. Müasir dövrdə informasiyanın çatdırılmasında saytlar xeyli populyarlıq qazanıb və öz oxucu kütləsi var. Biz də media orqanıyıq, hər vasitə ilə oxucuların görüşünə gəlməyə, onları maarifləndirməyə, xəbərlər çatdırmağa borcluyuq. İndiki dövr elektron media formasında da fəaliyyəti tələb edirsə, bunu nəzərə almaq lazımdır. Bu kontekstdən çıxış edərək, saytımızı yaratdıq və onun qəzeti sıradan çıxaracağı ilə bağlı narahatlığımız yox idi.

- Bu gün saytlar, o cümlədən digər media qurumları arasında əsas problem istinad məsələsidir. Bəs qəzetlərlə bağlı hansı problemlər yaranır?

- Bu məsələyə qəzet və sayt arasındakı fərq prizmasından yanaşmaq lazımdır. Qəzetin hazırlanması, çap prosesi vaxt aparır. Saytlar isə fəaliyyətində operativliyə daha önəm verdiyi üçün informasiyaların tam, ətraflı şəkildə araşdırılmasına bəzən ehtiyac duymurlar. Qəzetlərdə xəbəri yayımlayıb sonradan düzəliş etmək, yaxud hansısa əlavələr etmək mümkün deyil. Eyni zamanda, saytdan fərqli olaraq, qəzetdə gün ərzində bir material üzərində xeyli işləmək, onu dolğunlaşdırmaq olur. Bu baxımdan, qəzetlərdə sonradan təkzib verilməsi, xəbərin yanlış çıxma ehtimalları çox az olur. Ümumiyyətlə, istinad bir peşəkarlıq, özünə hörmət, həm də mədəniyyət məsələsidir.

- Əgər biz informasiyanı saytlardan, sosial şəbəkələrdən ala biliriksə, qəzetlərə nə ehtiyacımız var?

- Mənim bu məsələlərə öz baxışım var. Əvvəla qeyd edim ki, böyük ölkələrlə müqayisədə Azərbaycanda yazılı mətbuatın böyük auditoriya, böyük tirajlar qazanması mümkün deyil. Bu da bizim əhalinin sayı ilə bağlıdır. Azərbaycan kiçik dövlətdir, məsələn, Türkiyə və ya Rusiyadakı kimi yüksək tirajlı qəzetlərin bizdə dərci real deyil. O cümlədən böyük oxucu kütləsi olan saytların da olacağı inandırıcı deyil. Bununla belə, fikirləşirəm ki, qəzet hər bir cəmiyyətə lazımdır. İndiki dövrdə qəzet xəbərçilikdən daha çox, geniş araşdırma, sanballı müsahibə, reportajlar vasitəsilə maarifləndirmə funksiyasını önə çıxarmalıdır. Qeyd etdiyim kimi, saytlarda bəzən geniş materialı oxucuya çatdırmaq mümkün olmur, insanlar saytlardan qısa xəbər almağa üstünlük verirlər. Qəzet həm də dövlət siyasətinin həyata keçirilməsində rol oynayır, gəncliyin milli, vətənpərvər ruhda tərbiyə olunması baxımından əhəmiyyətlidir. Qəzetin özünəməxsus üstünlükləri, geniş imkanları var. Məsələn, “Kaspi” qəzetində “Gənclik”, “Ədəbiyyat”, “Teatr” kimi bir neçə əlavələr mövcuddur və hər birinin öz oxucuları var. Bütün bunlar önəmli məqamlardır və ona görə də qəzetlər hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq.

- Dediniz ki, Azərbaycanda yazılı mətbuatın böyük auditoriya qazanması mümkün deyil. Belə olan halda maddi qazanc necə? Yəni, qəzetdə fəaliyyət göstərən jurnalist öz ailəsini normal dolandıra bilirmi?

- Yalnız jurnalistikada deyil, istənilən sahədə işə başlayan gənc birdən-birə böyük məbləğdə maddi qazanc əldə edə bilməz. Bunun üçün illər, təcrübə lazımdır. Siz özünüzü təsdiq etməlisiniz ki, pillə-pillə qalxa biləsiniz. Daha yüksək yerlər həm də maddi qazancın artması deməkdir. Qəzetlərdə fəaliyyət göstərərək maddi qazanc əldə etmək, yaşamaq mümkün olmasaydı, hər halda bu sahədə işləyən də olmazdı. Düzdür, müəyyən çətinliklər var, amma bu bütün sahələrdə necədirsə, o qədərdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda jurnalistika dövlət tərəfindən ən çox qayğı görən sahələrdən biridir. İstər maddi, istərsə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması baxımından, ümumiyyətlə bütün istiqamətlərdə jurnalistlər hər zaman dövlətin qayğısı ilə əhatə olunublar. Bütün bunları nəzərə alaraq, mətbuatda maddi vəziyyətin dözülməz olduğunu demək olmaz. İnanıram ki, getdikcə daha da yaxşı olacaq.

 

- Artıq 23-24 ildir ki, jurnalistika sahəsində fəaliyyət göstərirsiniz. Heç mətbuatdan bezdiyiniz, yorulub getmək istədiyiniz anlar olubmu?

- Yorulduğum anlar da olub, mətbuatdan getmək istədiyim anlar da. Bu, istəmədiyim peşə ilə məşğul olmağım səbəbindən irəli gəlmir. Mən jurnalistikanı çox sevirəm və onunla məşğul olmağımdan zövq alıram. Amma istənilən peşədə olduğu kimi, jurnalistikada da fasiləsiz işləyən anlarda, müəyyən gərginlik dövründə yorulmaq, tərk etmək fikirləri baş qaldırır. Onu da bilirsiniz ki, jurnalistin konkret iş saatı yoxdur. Lakin mən heç zaman jurnalistikanı tərk etməklə bağlı qəti qərar verməmişəm, o həddə çatmamışam. Belə hallar olanda öz-özümə düşünürəm ki, hansı sahədə çətinlik yoxdur ki? Səni yormayan, bezdirməyən hansı işlə məşğul olmaq olar? Elə anlarda təmkinlə davranmaq lazımdır.

- Politologiya ilə jurnalistikanı tərəziyə qoysaq, hansı daha ağır gələr? Yəni hansı sahə sizə daha yaxındır?

- Politologiya ilə jurnalistika bir-birinə çox yaxındır. İlk növbədə hər ikisinin silahı sözdür. Həmçinin, bu gün istər hakimiyyət, istərsə də müxalifət statusu ilə Azərbaycan siyasətində olan, siyasətlə praktiki və ya nəzəri məşğul olan şəxslərin bir çoxu nə vaxtsa mətbuatda fəaliyyət göstərib, ən azı, məqalələrlə çıxış edib. Fikir vermisinizsə, mətbuatdan gələn siyasətçilərin nitqləri digərlərinə nisbətən qat-qat yaxşı, səlis olur. Bir məsələ də var. Jurnalistlərin sırf jurnalistika fakültəsini bitirməli olduğunu iddia edənlər də az deyil. Mən bu fikri dəstəkləmirəm, amma birmənalı şəkildə qırağa atmağın da tərəfdarı deyiləm. Çünki jurnalistika ixtisası üzrə təhsil almaq, bu sahənin spesifik xüsusiyyətlərini öyrənmək baxımından təbii ki, önəmlidir. Amma bəzən jurnalistika təhsili alan və ya bu ixtisasın tədrisi ilə məşğul olanların yazıları ilə də qarşılaşırıq və onlarda hər şeyin yüksək səviyyədə olduğunu deyə bilmirik. Bunlar nisbi məsələlərdir. Politologiya, yoxsa jurnalistika - sualına gələndə, hər iki sahə bir-birindən uzaq olsaydı, bəlkə cavab vermək daha asan olardı. Amma mənim nəzərimdə hər iki ixtisas çox yaxın olduğu üçün ikisini də sevirəm. Bəlkə fəaliyyətimin hansısa dövründə politoloji istiqamət daha ağırlıq təşkil edib, yaxud əksinə. Jurnalistika ilə politologiyanı bir-birindən asanca ayırmaq çətindir.


- Məğrur Əli Polad ailədə və işdə necə biridir?

- İstər ailədə, istərsə də işdə və ya küçədə, mağazada - hər yerdə eyni olmağa çalışıram. Məni tanıyanlar da bunu bilir. Hərdən deyirlər ki, övladların tərbiyəsində daha sərt, zəhmli olmaq lazımdır. Amma mən elə ola bilmirəm və bunu istəmirəm də. Hər yerdə özüm kimi olmaq, səmimi və mədəniyyətli davranmaq, bacardığım qədər xeyirxah olmağa çalışıram. İş yoldaşlarımla, həmçinin övladlarımla dost kimi davranıram. Bu, təbiətimdən irəli gələn bir şeydir. İşdə bir, ailədə bir, tutaq ki, tələbə yoldaşları ilə görüşdə tamam fərqli bir obrazda olan insan deyiləm. Yəqin bu rahatlıq həm də ailəmizdə məndən başqa jurnalistin olmasından da qaynaqlanır. Həyat yoldaşım da uzun illərin jurnalistidir və hazırda televiziya sahəsində çalışır. Bəlkə də evdə başqa atmosfer olsaydı, mən jurnalist obrazını ailədə fərqli formaya çevirməyə məcbur olardım.

- Qeyd etdiyiniz kimi, həyat yoldaşınız Fərəh Sabirqızı da tanınmış jurnalistdir. Maraqlıdır, necə tanış olmusunuz?

- Həyat yoldaşımla “Yeni Müsavat” qəzetində fəaliyyət göstərərkən tanış olmuşuq. Mən bir neçə il idi bu qəzetdə çalışırdım. O da təxminən bir il olardı “Yeni Müsavat”a gəlmişdi. Gənc adamlar idik, sözümüz tutdu, münasibətimiz yarandı. Qəzetçilik fəaliyyəti həm də bizə ailə, eyni zamanda valideyn statusu qazandırdı.

- Hər ikiniz jurnalistsiniz. Bəs övladlarınızın necə, bu sahəyə marağı varmı?

- Qızım 10-cu sinifdə təhsil alır və humanitar sahəyə marağı var. Mütaliə həvəskarıdır. Həmçinin məktəbdə də sərbəst mövzularda və ya vətənpərvərlik mövzusunda inşalarını yüksək qiymətləndiriblər. Mən də onun yazmaq, yaradıcılıq qabiliyyətinin olduğunu görürəm. Onu da deyim ki, 2016-cı ilin aprel döyüşlərindən sonra öz təşəbbüsü ilə məqalə yazmışdı və qəzetdə, saytda dərc olundu. Yəni qızımın bu istiqamətdə həvəsi, bacarığı və artıq müəyyən nəticələri də var. Oğlum isə 3-cü sinifdə oxuyur, texniki fənlərə daha çox meyllidir, riyaziyyatı çox yaxşı mənimsəyir. Amma gələcək istiqaməti ilə bağlı hələ dəqiq söz söyləmək olmaz.

- Jurnalistlə ailə həyatı qurmağın üstünlüyü nədir?

- Eyni peşənin nümayəndəsi ilə ailəli olmağın ilk üstünlüyü yəqin ki, daha yaxşı başa düşülməkdir. Eyni mövzularda söhbət gedir, həyat yoldaşın sənin nə demək istədiyini anlayır, maraqlarınız, diqqət mərkəzinizdə olan mövzular üst-üstə düşür. Həmçinin jurnalistika fəaliyyətində konkret iş qrafiki yoxdur. Ona görə də müəyyən ailələrdə mövcud olan konkret filan saatda evdə olmaq tələbi bizdə aktuallığını itirir və bu baxımdan, tərəflər də bir-birini başa düşür.


- Həmkarlarınızla sözünüzün çəp gəldiyi anlar olubmu? Və ya işçilərlə mübahisələr yaşamısınız?

- Təbii ki, iş yerində mübahisələr, müzakirələr olmalıdır. İşlənəcək mövzular, hansısa xəbər və ya ictimai-siyasi xadimin çıxışı ilə bağlı dialoqların aparılması lazımdır. Bu, jurnalist kollektivində fikirlərin cilalanmasına, xüsusilə gənc jurnalistlərin haradasa gözünün açılmasına, onların məsələlərə daha geniş baxmasına, məlumatlanmasına səbəb olur. Son dövrlər bəzi gənc həmkarlarımızdan yanlış addımlar görürük. Azərbaycan xalqının, dövlətimizin müstəqillik qazanmasında, özünü təsdiq edib güclənməsində müəyyən rol oynamış, dəyər halına gəlmiş insanlara qarşı təhqirlər, arzuolunmaz ifadələr yer alır. Hər bir kəsin müzakirə olunmasının tərəfdarıyam. Amma müzakirə təhqir etmək, ələ salmaq demək deyil. Xüsusilə də cəmiyyət tərəfindən qəbul edilmiş insanlara qarşı bilmədən, araşdırmadan, hansısa hisslərin təsiri altında kobud ifadələr işlətmək yolverilməzdir. Məhz redaksiyalarda gedən diskussiyalarda bu cür adamlar, cəmiyyət üçün önəmli olan dəyərlər, aktual proseslər haqqında hərtərəfli, obyektiv fikirlər formalaşır. Bu baxımdan müzakirə və mübahisələr olur, olmalıdır da. Mən özüm də yeni işləməyə başlayanda, redaksiyada gedən bu cür müzakirələrin, hətta qızğın diskussiyaların nə qədər faydalı olduğunu görmüşəm. Şəxsi mənada kiminləsə ciddi mübahisəm isə olmayıb.

 

- İndi sosial media, yeni texnologiyalar dövrüdür. Sizcə, jurnalistlərin sosial şəbəkələrdə fəaliyyəti, paylaşımları necə olmalıdır?

- Mən də aktiv sosial şəbəkə istifadəçisiyəm. Həm məlumatlar öyrənmək, həm dost-tanışla hal-əhval tutmaq, həm də yeri gələndə, fikirlərimi paylaşmaq baxımından bundan bəhrələnirəm. Bəzi həmkarlarımız xəbərləri sosial media üzərində qurmağın, oradan mənbə kimi istifadə etməyin yanlış olduğunu deyirlər. Mən bu fikirlə razı deyiləm. Xəbər üçün hansısa məhdudiyyət olmamalıdır. Zaman, tələblər dəyişir, yeni texnologiyalar ortaya çıxır. Biz geri qalmamalıyıq. Sosial şəbəkələrin bir çox üstünlükləri var və təbii ki, bundan istifadə etmək lazımdır. Jurnalistlərin sosial şəbəkədəki davranışı hərdən müzakirə mövzusu olur. Bu bizim fəaliyyətimizlə, peşəmizlə bağlıdır. Bilirik ki, sosial şəbəkələr virtual bir məkandır. Bəzi insanlar özlərini burada realda olduğundan fərqli aparırlar. Olur ki, həyatda tanıdığımız insanları sosial şəbəkədə başqa cür görürük. Belə insanlar sanki virtual dünyada özlərini gizlətdiklərini sanırlar və onlardan gözləmədiyimiz fikirləri, ifadələri bu ictimai meydanda paylaşırlar. Mən heç kimin paylaşımına qarışmaq fikrində deyiləm. Lakin fikrimcə, insan realda da, virtualda da eyni olmalıdır. Sırf jurnalistin fəaliyyətinə gəlincə, o da insandır və sosial şəbəkədə fərdi fikirlərini paylaşa bilər. Amma hər kəs etik çərçivələri gözləməli, mədəniyyətli davranmalı, ictimai xarakterli paylaşımlarda vətənpərvər olmalı, yazmazdan əvvəl hansı sözlərin, ifadələrin ona yaraşıb-yaraşmadığını, hansı reaksiyalarla qarşılaşa biləcəyini düşünməlidir.


- Sizcə, öndə olub tanınmaq, yoxsa “gözəgörünməz” qalmaq yaxşıdır?

- Məncə, ikisi də yaxşıdır. Jurnalistika sahəsində gənclərin özünü təsdiq etməsi, iddialı, aktiv olmaları, tanınmaq, məşhurlaşmaq istəkləri təbii və zəruridir. Biz də vaxtilə belə idik, məşhur olmaq istəmişik, çalışmışıq, müəyyən nəticələrə də nail olmuşuq. Bu, pis bir şeydir demək olmaz. Həm də ona görə ki, məşhurluq insanı yaradıcılığı inkişaf etdirməyə, daha yaxşı işləməyə stimullaşdırır. Əgər sən bacarıqlı bir jurnalistsənsə, zaman və çəkdiyin zəhmət səni oxucuların gözündə yüksəldəcək, məşhurlaşdıracaq, hörmət qazandıracaq. Amma illər ötdükcə, insan püxtələşdikcə, daim öndə olmaq iddiaları da bir az arxa plana keçir. Getdikcə daha sakit, bəlkə bir az da rahat, həm də daha çox peşəkarlıq, təcrübə tələb edən işlə məşğul olmağa üstünlük verirsən. Mənim üçün hazırda daha da tanınmış olmaq, ya da “gözəgörünməz” mövqeyində qalmaq narahatlığı, seçimi yoxdur. Əsas məsələ sevdiyim və bacardığım işi hər gün peşəkarlıqla, eyni zamanda məsuliyyətlə yerinə yetirməkdir.

- Bəs yazılı mətbuatdan başqa digər media qurumlarında çalışmaq arzunuz olubmu?

- Əvvəllər televiziya kanallarından bir-iki dəfə dəvət almışam. Amma müəyyən səbəblərdən qəbul etməmişəm. Ümumiyyətlə redaktorluq elə bir sahədir ki, televiziyada da aşağı-yuxarı eyni işi həyata keçirir, qəzetdə də. Həm də televiziya məni daha məşhur edəcək deyə ora can atmaq zərurəti hiss etməmişəm. Çünki hər halda, televiziyada şou-biznes və ya idman verilişi aparmayacağam, yenə də redaktor olub arxa planda qalacaqdım. Lakin müəyyən dövrlərdə radioda yaxşı bir müəllif verilişi aparmaq arzum olub, amma reallaşmayıb. Mən bir sürücü kimi, radioların dinləyicisiyəm və dinlədiyim bütün verilişlərə tənqidi yanaşıram. Radiolarımızda həddindən artıq çatışmazlıqlar görürəm. Aşağı səviyyəli, bayağı, kiməsə bir xeyri dəyməyən verilişlərin sayı çoxdur. Ona görə də “belə daha yaxşı olardı, mən olsam elə edərdim” deyə, radio ilə əlaqədar istəklərim olub.

- Azərbaycanda 3-5 il sonrakı jurnalistikanı necə təsəvvür edirsiniz?

- Açığı, bir neçə il əvvələdək jurnalistikanın gələcəyi ilə bağlı pessimist düşüncələrim var idi. Çünki jurnalistikaya gələn gənclərin əksəriyyətində lazım olan ilkin bazanı, eyni zamanda öyrənmək həvəsini görmürdüm. Buna görə də onlardan istədiyimiz nəticəni ala bilmirdik. Lakin sevindiricidir ki, son dövrlərdə bu tendensiya dəyişir, gənclər arasında yeni imzalar görünməyə başlayır. Görünür, ali məktəblərdə jurnalistika ixtisasına diqqətin artırılması, qəbul qaydalarının təkmilləşdirilməsi, ümumiyyətlə, dövlətimizin bu sahəyə qayğısı və qoyulan tələblər öz nəticəsini göstərir. Məncə, müsbətə doğru dəyişən bu tendensiya zamanla daha da güclənəcək.

- Maraqlıdır, “Kaspi”dən başqa hansı qəzetləri oxuyursunuz?

- Əksər qəzetlərin abunəçisiyik. Hazırda daha çox elektron medianı izləyirəm. İndi demək olar ki, bütün qəzetlərin saytı da mövcuddur. Məlumatları adətən oradan oxuyuram.

- Necə düşünürsünüz, “Kaspi” qəzetinin rəqibi hansı KİV-lərdir?

- Nəzəri cəhətdən, hər bir mətbuat orqanının rəqibi digər bütün mətbuat orqanlarıdır. Ümumi cavab versək, bütün qəzetlər, saytlar bizim rəqibimizdir. Eyni zamanda, biz də digərlərinin rəqibiyik. Həmçinin hər bir media orqanını fərqləndirən cəhətlər mövcuddur. O cümlədən “Kaspi”nin də öz rəngarəngliyi, özünəməxsus yeri və auditoriyası var.

- Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun sözlərin yazılışı ilə bağlı son açıqlamalarına, təkliflərinə münasibətiniz necədir?

- Bu, hamımızın yaralı yeridir. Çünki bizim işimiz məhz sözlə bağlıdır. Mən dilçi alimlərimizin, orfoqrafiya komissiyasının təkliflərini birmənalı şəkildə qəbul etməməyin tərəfdarı deyiləm. Onlar öz sahələrinin görkəmli adamlarıdır və təklifləri elmi araşdırmalara söykənir. Amma istərdim ki, bu cür əhəmiyyətli məsələ belə lokal yox, geniş şəkildə müzakirəyə çıxarılsın, hərtərəfli araşdırılsın, uzun zaman ayrılsın. 5-10 söz yox, ümumiyyətlə dilimiz köklü surətdə ələkdən keçirilsin. Dəyişilməsinə ehtiyac olan sözlərin hamısı müəyyən edilsin və geniş müzakirələrdən, əsaslandırmalardan sonra gərəkli təkliflər nəzərə alınaraq optimal variantlar seçilsin. Bu məsələ əsaslı şəkildə yoluna qoyulsun ki, bir neçə ildən sonra yenidən hansısa sözləri dəyişməyə ehtiyac qalmasın. Məsələn, “əsgər” sözünün “əskər” kimi yazılması təklif edilir. Elmi tərəfini deyə bilmərəm, amma prinsipcə, mənim üçün bu sözün “g” və ya “k” ilə yazılmasının elə bir önəmi yoxdur. Amma dediyim kimi, bu məsələlər birdəfəlik həll edilsə, hər mənada yaxşı olar. Bir də mənə görə, bundan daha vacib olan bir çox sözlərin öz dilimizdə qarşılığının tapılmasıdır. Əslində bizim dilimizdə yad ifadələrin böyük əksəriyyətinin qarşılığı var. Bunların bir qismi ya yaddan çıxıb, ya da dialekt sözləridir deyə geniş şəkildə ictimailəşmir. Bir misal çəkim. Biz “salfetka” deyirik, “salfet” yazılır. Mənim yadıma gəlir ki, uşaq vaxtı biz ona “suçəkən” deyirdik. Məgər, gözəl deyilmi? Bu baxımdan, hansısa sözün yazılışının dəyişdirilməsi vacib olsa da, bir çox sözlərin dilimizə uyğun qarşılığının tapılıb aktuallaşdırılması daha önəmlidir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır