Modern.az

Qarabağda “ikinci aprel müharibəsi” başlaya bilər

Qarabağda “ikinci aprel müharibəsi” başlaya bilər

26 Yanvar 2018, 12:56

Son zamanlar Azərbaycan Silahlı Qüvvələrinin yeni silahlarla təmin edilməsi  Ermənistanda ciddi narahatlıq yaradıb. Düşmən tərəf  xüsusilə Rusiya ilə hərbi sazişin davam etdirilməsi, buna əsasən müasir silahların Azərbaycana gətirilməsini yeni “İkinci aprel döyüşləri”nə hazırlıq kimi qiymətləndirirlər.

 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlamasında bildirib ki, Ermənilərin bu vəziyyətdən istifadə etməsi və ya narahat olması üçün səbəblər  mövcuddur:

 

“Azərbaycan Silahlı Qüvvələrinin mütəmadi olaraq  yeni silahlarla təmin edilməsi hər zaman öz torpaqlarını qorumaq  və işğalçılardan azad edə bilməklə bağlıdır.

 

Ordumuzun silahlanması nə aprellə, nə mayla, nə də hansısa başqa ayla əlaqəli deyil. Rusiyadan alınan silahlar isə əvvəlcədən razlılaşdırılmış hərbi sazişin nəticəsidir. Bilirsiniz, Azərbaycanla Ermənistan arasındakı müharibə hələ bitməyib və 25 ildir ki, davam edir. Həmçinin atəşkəslə bağlı Bişkek müqaviləsinə demək olar ki, əməl olunmur.  Nəticədə düşmən tərəfdən təxribatların davam etdiyini daim müşahidə edirik. Bu baxımdan Azərbaycan tərəfi düşmən atəşini susdurmaqla məşğuldur. Bununla da biz orada olan yaşayış məntəqələrini və dinc sakinlərin təhlükəsizliyini təmin edirik. Azərbaycanın Ali Baş Komandanı, cənab prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan Silahlı Qüvvələri öz işğal edilmiş torpaqlarını azad etməyə qadirdir və torpaq itkisi ilə heç zaman barışmayacağıq. Yəni bu ifadələr hər an hərbi əməliyyatlara başlaya biləcəyimizin göstəricisidir və bu, hansısa ayla bağlı deyil”.

Ş.Ramaldanov qeyd edib ki,  ermənilər mütəmadi olaraq  hər bir silahlandırma faktorundan istifadə edirlər:

 

“Onlar öz havadarlarına müraciət edərək Azərbaycanın silahlandırılması ilə bağlı məsələni ortaya qoyurlar. Bununla düşmən tərəf dividentlər qazanmaq istəyir, o cümlədən özünə müəyyən  mailiyyə dəstəyi təmin etmək fikrindədir ki, nəticədə  sosial problemlərlə boğulan Ermənistanı silahlandırsın.

 

Qarabağ probleminin bu formada saxlanılmasında müəyyən dövlətlər də maraqlıdır. Bu da onu göstərir ki, böyük dövlətlər güzəştli şərtlərlə Ermənistana mütəmadi olaraq silah ya da hansısa kəşfiyyat xarakterli cihaz təklifi verirlər. Digər tərəfdən Azərbaycan regionda birincilik qazanmış ən güclü silahlı qüvvələrə malikdir. Hesab edirəm ki, Silahlı Qüvvələrimiz hər zaman silahlanmalı və hər şeyə hazır olmalıdır”.

 

Müsahibimiz deyib ki, Azərbaycanın silah gücü ilə işğal edilmiş torpaqları azad etməsi üçün hər an şərait yarana bilər:

 

“Aprel döyüşlərində Rusiya dərhal məsələyə qarışdı və yenidən atəşkəsə riayət etmək istiqamətində təzyiq göstərdi. Düzdür, biz o zaman irimiqyaslı hücum aparmaq istəmirdik, ancaq orada da eyni reaksiya ilə qarşılaşdıq.

 

Bugünkü xarici siyasətimiz, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, cənab prezident İlham Əliyevin məqsədyönlü və məntiqli çıxışları təbii ki, erməni siyasətini narahat edir. Biz yalnız silahlı qüvvələrlə deyil, həmçinin sadaladığım amillərlə də düşmən tərəfdən üstünük.  Lakin torpaqlarımızı azad etmə prosesini sülh yolu ilə təmin etmək imkanı getdikcə azalır. Bu baxımdan hamımız hazır olmalıyıq. Tarixi məqamı qısa zamanda reallaşdıraraq ərazi bütövlüyümüzü təmin etməliyik.  Bu sabah da ola bilər, gələn həftə də. Biz məqam gözləyirik!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?