Modern.az

İcbari tibbi sığortanın bütün ölkədə tətbiqinə nə mane olur...  

İcbari tibbi sığortanın bütün ölkədə tətbiqinə nə mane olur...   

26 Yanvar 2018, 13:50

2018-ci ilin fevral ayında icbari tibbi sığortanın tətbiqilə bağlı növbəti pilot rayon elan olunacaq.

Bu barədə Modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Deputat deyib ki, artıq yanvarın 25-dən etibarən 3-cü rayonda - Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda da layihənin tətbiqinə başlanılıb:


“Yevlax və Mingəçevirdən sonra Sədərək də icbari tibbi sığortanın tətbiq edildiyi rayonlar sırasına qoşulub. Fevral ayında layihənin tətbiq ediləcəyi növbəti rayon da elan olunacaq”.


M.Quliyev deyib ki, pilot layihə tam oturuşmalıdır ki, ölkə üzrə tətbiqi zamanı problem yaşanmasın:

“Hüquqi, iqtisadi müstəvidə vətəndaş, sığortaedici yaxud xidmət göstərən təşkilatlar tərəfindəki problemlərin hamısı müəyyən olunmalıdır. Çünki icbari tibbi sığorta səhiyyə-maliyyə sistemini tamamilə dəyişir. Hazırda Maliyyə Nazirliyi büdcəni Səhiyyə Nazirliyinə, onlar da aidiyyatı üzrə rayonlara, rayonlar da baş xəstəxanalar və poliklinikalara ayırırlar. İcbari tibbi sığortanın tətbiqi zamanı büdcədən maliyyələşmə olmayacaq və əksinə maliyyələşmə prosesi gedəcək. Vəsait İcbari Tibbi Sığorta Agentliyinə, oradan da xəstəxana və poliklinikalara göstərdikləri xidmət müqabilində veriləcək. Bu isə tamamilə fərqli maliyyələşmə modelidir. Bunun üçün dəqiq mexanizm işlənib hazırlanmalı və sınaqdan keçirilməlidir. Səhiyyə xidməti elədir ki, onu bir gün də olsun dayandırmaq olmaz”.



Komitə sədrinin müavini deyib ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 2019-cu ildə reallaşacaq:

“Bütün dünya üzrə icbari tibbi sığortaya keçən ölkələrdə layihənin tam olaraq reallaşması 4-5 il çəkir. Bizdə də 3 ildir ki, proses gedir. 2019-cu ildən bütün ölkədə tətbiqi nəzərdə tutulur. Burada əsas problemlərdən biri də sığorta ayırmaları məsələsidir. Burada söhbət vətəndaşlarımızın sosial sığortaya cəlbindən gedir.  Hazırda sosial sığortaya cəlb edilənlərin sayı 1 milyon 500 mindən çoxdur. Faktiki işləyən, əməklə məşğul olan vətəndaşların sayı isə 5 milyondan çoxdur. Onların hamısının rəsmi qeydiyyatı aparılmalıdır ki, icbari sığortadan yararlana bilsinlər. Bunun üçün dəqiqləşmə aparılmalı, Agentliyin büdcəsi müəyyən edilməlidir ki, hər hansı çatışmazlıq meydana çıxmasın. Hökumət bütün bunların üzərində işləyir. Növbəti problem də icbari tibbi sığorta ilə bağlı qanunvericilikdə ümumi bazanın genişləndirilməsidir. “Tibbi Sığorta haqqında” Qanuna ciddi əlavə və dəyişikliklər edilməsi gözlənilir. Bu dəyişikliklər qəbul edildikdən sonra hüquqi baza tam oturuşacaq. Qeyd edilən məsələlərin 2018-ci ilin sonuna qədər yekunlaşdırılması gündəmdədir”.

 

İcbari Tibbi Sığorta Agentliyindən Modern.az-a verilən məlumatda bildirilib ki, ümumilikdə sağlamlıq həftələri çərçivəsində, açılış mərasimi daxil olmaqla 19651 nəfər müayinələrə cəlb olunub. Onlardan 442 nəfəri sağlamlıq həftələrinin açılış mərasiminin, 552 nəfəri süd vəzisinin xərçəngi, 197 nəfəri prostat vəzi xəstəlikləri, 9519 nəfəri skolioz, 2314 nəfəri şəkərli diabet və sağlam qidalanma, 2804 nəfəri hipertoniya və sağlam qidalanma, 2674 nəfəri xolesterin və sağlam qidalanma, 1149 nəfəri isə tütün çəkmə ilə mübarizə üzrə sağlamlıq həftələrinin iştirakçıları olub.

Müraciət edən vətəndaşların yaş qrupları üzrə bölgüsünə gəldikdə 10084 nəfər 0-15 yaş, 1004 nəfər 16-25 yaş, 1517 nəfər 26-35 yaş, 1604 nəfər 36-45 yaş, 2023 nəfər 46-55 yaş, 2989 nəfər 56-70 yaş arasında, 430 nəfər isə 70 yaşdan yuxarı şəxslər olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir