Modern.az

Afaq Məsudun “Sərçələr”inə həsr edilmiş rəsm sərgisi keçirildi

Afaq Məsudun “Sərçələr”inə həsr edilmiş rəsm sərgisi keçirildi

Aktual

26 Yanvar 2018, 15:14

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlar Akademiyasının tələbələrinin yazıçı Afaq Məsudun “Sərçələr” əsərinin motivləri əsasında “Xəyalımın illustrasiyaları” adlı sərgisi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan – Gənc Psixoloqlar İctimai Birliyinin idarə heyətinin üzvü Aytac Abbasbəyli layihə barədə geniş məlumat verərək, bir-birindən fərqli səhnələri ifadə edən bu tabloların bütövlükdə “Sərçələr” əsərinin tam görüntüsünü yaratdığını, sərgiyə toplanan izləyicilərin bu rəsmlərlə sanki əsərə vizual səyahət etmiş olduğunu bildirib.

 

 

Ardınca söz Xalq rəssamı Arif Hüseynova verilib. A.Hüseynov ədəbiyyatın rəssamlıqla vəhdətinin maraqlı hadisə olduğunu və gələcəkdə A.Məsudun digər əsərlərinin də illustrasiyalarından ibarət sərgilərin təşkil olunmasının izlyicilərdə böyük maraq doğuracağını qeyd edib. O, yazıçının yaradıcılığı, əsərlərinin fəlsəfi və psixoloji gücü haqqında danışıb: “Afaq Məsudun bir əsəri – onu eyni zamanda müxtəlif rəssamların ifadə etməyinə imkan yaradır. Bu gün burada sərgilənən əsərlər “Sərçələr” hekayəsinin yaratdığı müxtəlif səhnələrin toplusudur. Mən düşünürəm ki, rəssamların sayı nə qədər artsa da, bu əsərdən doğan səhnələrin sayı heç vaxt tükənməyəcək”.

 

 

Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri çıxış ediblər.

 

 

Daha sonra söz gənc rəssamlara verilib. Onlar əsəri təhlil edərək fikirlərini bölüşüblər.

 

Sərginin sonunda gənc rəssamlara sertifikatlar verilib, I, II və III yerin qalibləri seçilib.
I yerə Binnətova Kübra, II yerə Məmmədov İskəndər, III yerə Saatova Zöhrə layiq görülüb.

 

Qeyd edək ki, sərgi fevralın 1-nə qədər Binəqədi Gənclər Evində davam edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!