Modern.az

Azərbaycanda sorğu KEÇİRƏNLƏR – onların çoxu yanlış rəy yaratmaq İSTƏYİR  

Azərbaycanda sorğu KEÇİRƏNLƏR – onların çoxu yanlış rəy yaratmaq İSTƏYİR   

27 Yanvar 2018, 09:36

İstənilən məsələ ilə bağlı ictimai rəyi soruşmaq, onların bu barədə məlumatının olub-olmadığını öyrənmək həmişə maraqlı olub. Sorğular bunun üçün ən əlverişli üsuldur.

 

“İşğal olunmuş torpaqlarımız hansılardır?”, “Azərbaycan Xalq Cumhuriyyəti neçənci ildə yaranıb?” və bu kimi suallarla yəqin ki, rastlaşmısınız. Əslində bu sualların cavabını bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Gənclərimizin əksər hissəsi bu sualların cavabını yaxşı bilir. Ancaq keçirilən sorğunun nəticələrini öyrənəndə bunun əksini görürük. İctimaiyyətə sorğunun nəticəsi elə təqdim edilir və elə təsəvvür yaranır ki, gənclərimiz tarixini bilmir, keçmişindən xəbərsizdir, savadsızdır.

 

Təəssüflər olsun ki, onların toruna düşənlər də az deyil. Çox maraqlıdır, bəs ictimaiyyətimizə qarşı mənfi rəy yaratmaqla nə qazanılır?

 

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirdi ki, bu gün sorğu keçirən insanların müəyyən hissəsi qeyri peşəkardır:

 

“Doğrudan da, sorğunun nə olduğunu bilmədən onu həyata keçirən kifayət qədər şəxsə rast gəlmək olar. İstənilən sorğuda bir məqsəd olmalıdır. Sorğunu keçirərkən düşünməlisən ki, nəyə istinad edirsən, hansı üsul və vasitələrlə həyata keçirirsən və sair”.

 

Əliməmməd Nuriyevin sözlərinə görə, belə şəxslər, necə deyərlər, sadəcə özlərinə lazım olan cavabları seçirlər və bu müxtəlif səbəblərə görə baş verir:

 

“Təəssüf ki, bu gün sorğu keçirən bəzi şəxslər çoxluq təşkil edən cavabları bir kənara qoyub, sadəcə fərqli, gözlənilməz və neqativ cavabları seçib təqdim edirlər. Bunun tək adı var - o da sensasiya. Bu yolla insanları həm öz saytlarına, xəbərlərinə cəlb etmək istəyirlər, həm də bununla guya  başqalarına da dərs vermək istəyirlər. Eyni zamanda gündəmə gəlmək istəyənlərə də rast gəlinir. Əslində sorğuya verilən cavabların çoxluq hissəsi pozitiv olur”.

 

Əliməmməd Nuriyev bildirdi ki,  istənilən suala pozitiv cavabla yanaşı, neqativ cavab da səslənəcək. Və bu cavablar arasında ağlasığmaz cavablar da ola bilər: “

 

“Amma bunu ümumiləşdirmək, ümumi nəticə kimi qeyd etmək yanlışdır. Əgər belə neqativ cavablar varsa qeyd etmək olar, amma pozitiv cavablarla paralel olaraq. Sorğuya cavab verə bilməyən insanları qabardaraq, əsas reallığı yalan kimi təqdim edənlər ictimai rəy ilə oynayanlar, sensasiya və reytinq arxasınca qaçanlardır.

 

Belə şəxslər istəyirlər ki, kimisə ictimai qınağa cəlb etsin və bu yolla reytinq əldə etsinlər. Əsas məsələ fərqlənmək arzusudur. Cəmiyyətimizə göstərmək istəyirlər ki, gör nə qədər vətəndaşımız tarixini bilmir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?